İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel Bakını anti-Rusiya blokuna qoşa bilmədi - növbəti həmlə

Aİ ilə Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində münasibətlər məhz Brüsselin yanlış siyasəti nəticəsində uğursuzluq zolağına daxil olub - bundan sonrakı əlaqələr hansı səmtə, hansı yana gedəcək?

Avropa İttifaqı (Aİ) və Azərbaycan yeni tərəfdaşlıq, əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər. “Yeni Müsavat” yazır ki, bunu ötən həftə qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı elan edib. “Bu tərəfdaşlıq qarşılıqlı hörmət, o cümlədən Aİ-yə üzv dövlətlərə hörmət, habelə qanunun aliliyi və insan hüquqları kimi fundamental prinsiplər üzərində qurulmalıdır”, - xanım Kallas bildirib.

O qeyd edib ki, Aİ ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlıq mövcuddur. Xüsusilə Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı və eyni zamanda ən böyük investorudur. “Aİ həmçinin Azərbaycanda minatəmizləmə əməliyyatlarına əhəmiyyətli dəstək verir, münaqişənin nəticələrinin aradan qaldırılmasına və insanların həyatını xilas etməyə kömək edir. Əməkdaşlığımızın gələcək inkişafı üçün böyük potensial var”, - o əlavə edib.

Bəllidir ki, Aİ ilə Azərbaycan arasında “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində münasibətlər məhz Brüsselin yanlış siyasəti nəticəsində uğursuzluq zolağına daxil olub. Aİ bu tərəfdaşlığı Rusiyaya qarşı postsovet ölkələrindən ibarət blok kimi görürdü. Üstəlik, Avropa Parlamentinin bir sıra qərəzli addımları ikitərəfli əməkdaşlığa ciddi zərbə vurub. Bu inamı azaldan əsas səbəb Brüsselin ikili standartlar siyasətindən çıxış etməsi, qərəzli və selektiv yanaşması olub.

İndi isə Kallasın timsalında səslənən bəyanatlardan görünür ki, Qərb Azərbaycanla əməkdaşlığı bərpa etmək haqda razılaşmanın olduğunu açıqlayır. Və burada insan hüquqları məsələsinə xüsusi eyham vurulur. Lakin “Şərq Tərəfdaşlığı” proqramı ilə gedən ölkələr bu gün işğaldan əziyyət çəkir. Bəli, Aİ-yə üzvlük üçün namizəd statusu qazanıblar, əvəzində Ukraynada amansız müharibə gedir, Gürcüstan və Moldova torpaqlarının bir hissəsini itirib. Azərbaycan isə Aİ ilə fərqli əməkdaşlıq modelini seçdi və bu gün birliyin 9 üzvü ilə strateji əməkdaşlığımız var, enerji təchizatında Avropa qitəsi üçün mühüm rol oynamaqdayıq.

Yəni Aİ anladı ki, Azərbaycanı anti-Rusiya blokuna qoşmaq, təsir altına salmaq mümkün olmadı, ona görə indi əməkdaşlığın bərpası ilə bağlı razılaşma əldə olunub.

O zaman bundan sonra Bakı-Brüssel əlaqələri hansı səmtə, hansı yana gedəcək, necə bir əməkdaşlıq istiqaməti götürüləcək?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun qənaətinə görə, Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas sələfi Jozep Borrelin səhvlərini təkrarlamaq istəmir. Borrelin açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış etdiyini xatırladan ekspertin fikrincə, elə bu səbəbdən keçmiş baş diplomat Bakıya səfər edə bilmirdi: “Kaya Kallas isə İlham Əliyev və Ceyhun Bayramovla görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarından danışıb. Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın davamını istəyir. Avropa İttifaqı Azərbaycan üçün əhəmiyyətli bazardır. Eyni zamanda Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasının fəaliyyətinin Azərbaycanda narazılıq yaratdığı böyük ehtimalla Kaya Kallasın  diqqətinə çatdırılıb. Bundan başqa, Kaya Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaş adlandırıb. "Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz" deyən Kaya Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə vurğulayıb".

E.Şahinoğlu hesab edir ki, bütün bunları Kaya Kallasdan əvvəl bu vəzifəni daşıyan Jozep Borreldən eşitməmişdik: “Kaya Kallas minatəmizləmə işlərində Avropa İttifaqının Azərbaycana kömək etmək istədiyini də bildirib. Bundan başqa, Kallas Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Kaya Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. Əsas odur ki, Avropada bu planlara çomaq soxan olmasın”.

Fuad Əliyev səs verib səsvermə hüququndan istifadə edib

Fuad Əliyev

Siyasi şərhçi Fuad Əliyev Aİ-nin Azərbaycana qarşı qərəzli münasibətdən əl çəkməli olduğunu qaçılmaz sayır. Onun fikrincə, qurumun ayrı-ayrı qolları var və Bakıya qarşı fərqli mövqe sərgiləyirlər: “Avropa Komissiyası Azərbaycanı yüksək tutur, Leyen Bakıda qaz sənədi imzaladı; Avropa Birliyi gah nala, gah mıxa vurur; Avropa Parlamenti isə tamamilə düşmənçilik edir. Yəni vahid bir orqanın fərqli qanadları var və bizə obyektiv münasibət sərgilənmir. Əgər Brüssel tərəfdaşlığın bərpasından söz açırsa, digər palataları hücumları dayandırmalıdır. İkincisi, Azərbaycandan anti-Rusiya ritorikasını gözləmək absurddur. Bizim sanksiyalara qoşulmaq və koalisiyada iştirak niyyətimiz heç vaxt olmayıb. Bütün bu reallıqları Avropa İttifaqında gözəl başa düşürlər”.

Onun proqnozuna görə, bundan sonra Azərbaycan-Aİ münasibətləri yenə ziqzaqvari davam edəcək: “Əvvəla, Azərbaycanı haqsız yerə etnik təmizləmədə ittiham etməyə son qoyulmalıdır. Həmçinin erməni hərbi caniləri girov və ya siyasi məhbus adlandırmaq kampaniyası da yığışdırılmalıdır. Ölkədə siyasi dustaqların olduğu haqda verilən bəyanatlara da son vermək zamanıdır, çünki məhkəmə qərarı olmadan siyasi hökm çıxarmaq məntiqsizdir. Kəsəsi, Qərb ilk növbədə özünə baxmalıdır və münasibətlər yenidən nəzərdən keçirilməlidir”.

F.Əliyev hesab edir ki, habelə əməkdaşlıqda səmimiyyət olmalıdır: “Avropa İttifaqı ilə razılaşdırılan 90 faiz anlaşma var. Yerdə qalan hissəsi ilə əlaqədar Brüssel də mövqeyində bəzi dəyişikliklərə getməlidir. Çünki birtərəfli qaydada yanaşma olmur. Əməkdaşlıq qarşılıqlı və bərabərhüquqlu əsaslarla olmalıdır. Ona görə də münasibətlərdə yeni mərhələnin başlandığını söyləmək mümkündür. Enerji məhsulları ilə bağlı əldə olunan razılaşmaların həyata keçirilməsində isə problem yoxdur və qaldığı yerdən davam edəcək. Məncə, Avropa Birliyi Trampın siyasətini anladığı üçün münasibətlərə yenidən baxmağı zəruri sayır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR