İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin açıqlaması ŞOK EFFEKTİ yaratdı - Makrondan KƏSKİN REAKSİYA gəldi

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsi ilə bağlı dünyaya xəbərdarlıq edib.

O bildirib ki, əgər Vladimir Putin Ukraynadakı müharibədə qalib gəlmək üçün taktiki nüvə silahından istifadə edərsə, dünya “Armageddon”la (qiyamət savaşı) üzləşə bilər.

ABŞ prezidentinin sözlərinə görə, dünya 60 ildir nüvə fəlakətinə ən yaxın olan nöqtədədir: "Biz Kennedi və Kuba raket böhranından sonra armageddon ehtimalı ilə heç üzləşməmişdik".

Digər tərəfdən, Ağ Ev Moskvanın nüvə hücumuna hazırlaşdığına dair heç bir işarə görmədiklərini açıqlayıb. Bununla belə, Bayden bildirib ki, Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı quruda yeni qələbələr əldə etdikcə, Putinin buna necə cavab verəcəyini diqqətlə izləyir:

"Mən düşünmürəm ki, taktiki nüvə silahından istifadə etmək və müharibə ilə nəticələnməmək kimi bir şey var. Putin taktiki nüvə silahlarından, bioloji və kimyəvi silahlardan istifadə haqqında danışarkən "blef etmədiyini" vurğuladı. Çünki onun ordusu qeyri-adi dərəcədə zəif performans göstərir".

"SSENARİDƏN KƏNAR..."

Baydenin "armageddon" xəbərdarlığı bütün dünyada soyuq duş effekti yaradıb.

Musavat.com-un məlumatına görə, "The Telegraph" qəzetində çıxan xəbərlərdə Baydenin açıqlaması "ssenaridən kənar" kimi şərh edilib:

"Armageddon" çıxışı Baydenin diqqətlə hazırlanmış Ağ Ev və Pentaqon mətnlərindən kənara çıxan bəyanatlar verməsinin ən son nümunəsidir".

Bildirilir ki, ABŞ lideri bu açıqlamanı hər hansı bir vərəqdən oxumayıb, əvvəlcədən hazırlanmayıb və plansız şəkildə dilə gətirib.

MAKRON VƏ SANNA MARİNDƏN REAKSİYA

Fransa prezidenti Emmanuel Makron Baydenin nüvə xəbərdarlığına cavab verən ilk lider olub.

O, ABŞ prezidentinə belə reaksiya verib: “Biz bu cür məsələlərə münasibət bildirərkən sağlam düşüncədən istifadə etməliyik”.

Baydenə reaksiya verən digər şəxs - Finlandiyanın baş naziri Sanna Marin deyib: "Bu münaqişədən çıxış yolu Rusiyanın Ukraynadan çıxmasıdır. Bu, münaqişənin çıxış yoludur".

Qeyd edək ki, “Armageddon” bəyanatı ABŞ prezidentinin indiyə qədər etdiyi ən sərt xəbərdarlıq idi.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR