Onlayn ictimai-siyasi qəzet
“Baş nazir Nikol Paşinyan Rusiyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçi və ya təşəbbüskar olmasını istəmir. Çünki Paşinyan Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh üçün “atəşkəs razılaşması” çərçivəsini İrəvanın əhəmiyyətinin kiçilməsinə gedən proses kimi qiymətləndirir”.
Musavat.com xəbər verir ki, bunu siyasi təhlilçi Aqşin Kərimov bildirib.
O qeyd edib ki, İrəvan Qərbdən aldığı təminatlar və ona verilən vədlərin yerindən sıçraya biləcəyindən qorxur, Moskva mərkəzli danışıqlardansa Qərb oriyentasiyalı danışıqlar masasına üstünlük verir:
“Azərbaycan üçün ikitərəfli format məqbuldur, lakin Rusiyanın sülh proqramında tənzimləyici xüsusiyyətləri praqmatik regional təhlükəsizlik ideallarına söykənirsə, Bakı buna da soyuq yanaşmır. Bu o deməkdir ki, Azərbaycan Rusiyanın istəklərini sülh gündəminə kənar laqeyd və səriştəsiz yanaşmaların neytrallaşdırılması baxımından nəzərdən keçirir və Moskvanın özünü də düzgün mövqeyə səsləyir”.
Ekspert əlavə edib ki, Bakı NATO mərkəzli konstruktiv danışıqların qurulmasını Rusiya ambisiyalarına qarşı balanslaşdırıcı akt kimi diqqətdə saxlayır:
“Ermənistanın seçimlərindən asılı olmayaraq onun bahalı qazanc əldə edə biləcəyi proqnozlarını səsləndirmək müşkülə çevrilir. Ona görə ki, Ermənistan müstəqil qərar verə bilmək qabiliyyətində deyil və bu amil onun xarici siyasətində kənar qüvvələrin oturuşması prosesini sürətləndirir. İrəvan sülh proqramındakı vaxt qrafikinə əməl olunma sürətini yavaşlatdıqca, Bakının sülh sazişi layihəsi çərçivəsində qırmızı xətlərinin sayı çoxalır”.
Afaq Mirayiq,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ