İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının dərdi var, Bakı... - şəhərdə “Azparking” bəlası

Sürücüləri bezdirən dayanacaq çənbəri

“Yaxın illərdə paytaxt Bakının iqtisadi mənzərəsində ən etibarlı və dayanıqlı investisiya sahələrindən biri avtomobil dayanacaq yerləri olacaq. Gələcəyə hesablanmış və davamlı gəlir gətirən biznes qurmaq istəyənlər bu istiqaməti ciddi nəzərə almalıdırlar”.

Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev səsləndirib. Onun sözlərinə görə, hazırda “Azparking” MMC tərəfindən zəbt olunmuş ərazilər Bakıda həm nəqliyyat sıxlığına, həm də parklanma tariflərinin artmasına səbəb olub: “Bu gün şəxsi avtomobili ilə işə gedib-gələn vətəndaş 10 saatlıq iş rejimi ərzində gündəlik təxminən 7 manat parkinq haqqı ödəməli olur. Bu da sıravi vətəndaş üçün kifayət qədər yüksək məbləğdir”.

Ekspertin fikrincə, dövlət səviyyəsində bu sahəyə dəstəyin artırılması və qanuni tənzimləmə mexanizmlərinin gücləndirilməsi Bakının həm nəqliyyat infrastrukturuna, həm də şəhər mədəniyyətinə müsbət təsir göstərə bilər.

Hazırda Bakının mərkəzi küçələrində avtomobil saxlamaq üçün əlçatan yer tapmaq müşkül məsələyə çevrilib. Nəticədə sürücülər ya qeyri-qanuni parklama riskinə gedir, ya da “Azparking” əməkdaşlarının tələsinə düşür.

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirib dünyanın hər yerində artıq şəhər mərkəzində avtomobillərin hərəkətini məhdudlaşdırırlar və  müxtəlif üsullarla onların azaldılmasına çalışırlar: “Azərbaycanda da bu təcrübədən istifadə olunur. Burada qeyri-adi hadisə baş vermir. Bunun da üsullarından biri odur ki, parklanma qiymətləri bahalaşdırılır. İnsanlar məcbur olub şəhər mərkəzinə şəxsi avtomobilləri ilə gəlmirlər. Bunun üçün isə bir çox hallarda elə addımlar atılmalıdır ki, vətəndaş xidmətin alternativini əldə edə bilsin. Tutaq ki, vətəndaş şəhər mərkəzinə ictimai nəqliyyatla gəlmək istəyir. Bəs ictimai nəqliyyat tələblərə cavab verirmi? Bax bu məsələdə əməlli-başlı tərəddüdlər var”.

Onun sözlərinə görə, insanlar “Azparking”dən şikayət edirlər ki, qiymətlər yüksəkdir: “Qiyməti MMC qaldırmır, Nazirlər Kabineti müəyyənləşdirir. "Azparking" isə sadəcə olaraq, icraedici bir müəssisədir. O, özbaşına parklanma yeri düzəltmir. AYNA əvvəlcə əraziyə baxış keçirir, qərar qəbul edir və orada parklanma yerini müəyyənləşdirilir. Ondan sonra “Azparking” həmin ərazidə xidməti qurur. Maşının düzgün parklanmasına, pulun ödənməsinə nəzarət edir. “Azparking”in sistemi qurulandan sonra bir çox küçələrdə maşın saxlamaq üçün rahat şəkildə yer tapmaq mümkün olur. Çünki insanlar görür ki, qiymət bahadır, pul ödəyə bilmir, ona görə də şəxsi avtomobilini orada 24 saat saxlamır. Nəticədə haradasa boş yer tapmaq olur. Əvvəllər isə vətəndaşlar parklanmaya görə 1 manat ödəyib maşınlarını bütün sutka saxlayırdılar və maraqlanmırdılar ki, digərlərinə də yer lazım oal bilər. Ona görə də   “Azparking”i ittiham etməkdə əsas görmürəm".

E.Muradlının sözlərinə görə, ödənişli parklanma fəaliyyətə başlayandan sonra bir sıra insanlar avtomobillərini binaların həyətində saxlayırlar: “Parkingə pul ödəməmək üçün harada boş həyət görürlərsə, orada parklanma edirlər. Bu, bir problemdir. Həmin binalarda yaşayan insanları anlamaq olar, öz həyətində saxlamaq istəyir. Bəs yaxın ərazidə işləyən insanlar nə etsin? Maşınlarını harada saxlasınlar?

Məsələn, bizim ofis “Statistika dairəsi”ndə yerləşir. Xarici İşlər Nazirliyi isə “Beşmərtəbə” dairəsində yerləşir. Mən öz ofisimizin yerləşdiyi həyətdə bir çox hallarda maşın saxlamağa yer tapmıram. Qonşular deyir ki, hətta Xarici İşlər Nazirliyinin əməkdaşları gəlib bu həyətdə maşın saxlayır. Adam 5 km yol gəlir ki, parkinqə pul ödəməsin və maşını pulsuz kiminsə həyətində saxlasın. Sakinlərə narahatlıq yaradır, amma pul ödəmək istəmir. Halbuki “Qış parkı” ona daha yaxındır, orada rahat parkinqdən istifadə edə bilər. Onu da deyim ki, həmin ərazidə yaşayanlar üçün kart müəyyənləşdirilib, aylıq 80 manatlıq ödəniş nəzərdə tutulub. Adam bununla da razılaşmır, 80 manatı vermək istəmir. Hər gün onun-bunun həyətində maşın saxlayır ki, 80 manatı ödəməsin".

Ekspert: “Bakı küçələri işıqlandırılmır” | KORRUPSİYA

Rauf Ağamirzəyev

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev qəzetə açıqlamasında bildirib ki, parkinq çəkindirən alətdir. Buna görə də zonalar üzrə onun fərqli qiyməti müəyyən olunur: "Bu da insanların prioritetinə təsir edir. Qiymətlər şəhərin mərkəzində məqsədli şəkildə baha qiymətə qoyulur ki, insanları şəhərin mərkəzinə avtomobillə gəlməkdən çəkinsinlər. Bu mənada “Azparking” son illərin müsbət təbiqidir. Çünki əvvəllər  biz tanımadığımız, bilmədiyimiz adamlara pul ödəməklə bu işlər təşkil olunmuşdu. İndi hazırda rəsmi qurum və onun tətbiqi var. İstifadə etmək çox rahatdır. əgər qaydalar pozulmayıbsa, heç bir cərimədən söhbət gedə bilməz. Hər hansısa şikayət olarsa, bu işə məsul olan qurumun qaynar xəttinə müraciət etmək lazımdır". 

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR