Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyası üzv ölkələri pensiya islahatları həyata keçirməyə məcbur etmək niyyətindədir. Əgər hökumətlər komissiyanın tövsiyələrinə əməl etməsələr, Brüsseldən büdcə maliyyələşdirilməsini tam həcmdə almaq hüququnu itirə bilərlər.
Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.
Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edən yeni ittifaq büdcəsini hazırlayır, onun həcmi təxminən 2 trilyon avro ola bilər. Brüssel bəzən üzv ölkələrdə müəyyən islahatları təşviq etmək üçün büdcə vəsaitlərindən təzyiq aləti kimi istifadə edir və bunun üçün lazım gəldikdə hər bir ölkə üçün fərdi tövsiyələr formalaşdırır.
Bu dəfə tövsiyələr milli pensiya sistemlərinə yönəldilə bilər. Yaşlanan əhali və aşağı doğum göstəriciləri fonunda bəzi hökumətlərin yüksək borc yükü səbəbindən bu sistemlərin “iflic” vəziyyətə düşməsi riski mövcuddur.
“Avropa Komissiyasının işi üzv dövlətlərə çətin məsələlərin həllində kömək etməkdir. Fərdi ölkə tövsiyələri aləti bunun üçün çox münasibdir”, - deyə Komissiyanın yüksəkvəzifəli rəsmisi nəşrə bildirib.
2023-cü ilə dair məlumatlara əsasən, Avropa İttifaqında təqaüdçülərin 80 faizi yalnız dövlət pensiyası hesabına yaşayır. İttifaq əhalisinin 65 yaşdan yuxarı hər beş nəfərindən biri – yəni təxminən 18,5 milyon insan – yoxsulluq həddində yaşayır. Avropa Komissiyası nə pensiya ödənişlərinin məbləğini, nə də təqaüd yaşını müəyyənləşdirmək niyyətindədir, lakin üzv ölkələrin ABŞ modelinə bənzər geniş özəl pensiya yığım sistemləri yaratmasını istəyir.
Musavat.com
20 Oktyabr 2025
19 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ