Onlayn ictimai-siyasi qəzet
Ermənistanda Paşinyan iqtidarı ilə kilsə arasında münasibətlər yenidən gərginləşib.
Musavat.com xəbər verir ki, bu barədə erməni analitik Akop Badalyan yazıb.
Badalyanın yazdığına görə, Ermənistan hökumətində baş tutan son görüş, 15 oktyabrda baş verən din xadimlərinin həbsləri fonunda, Ermənistan Apostol Kilsəsi və xüsusilə Kilikya katolikosu I Aram ətrafında yaranan vəziyyəti yenidən gündəmə gətirib.
Xatırladaq ki, arxiyepiskop Şaan Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb, ona katolikos I Aramın xeyir-duasını çatdırıb və Aramın taxta çıxmasının 30 illiyi münasibətilə nəşr olunmuş kitabı hədiyyə edib.
Lakin hökumətin rəsmi məlumatında görüş zamanı kilsə məsələlərinin müzakirə edildiyi və I Aramın din xadimlərinin həbsləri ilə bağlı narahatlığını Paşinyana çatdırdığı barədə heç bir qeyd yer almayıb.
Bundan qısa müddət sonra, ictimaiyyətdə yaranan mənfi reaksiyadan sonra Kilikya katolikosluğu bəyanat yayaraq bildirib ki, katolikos Aram I Paşinyana həm narahatlığını, həm də həbslərlə bağlı etirazını çatdırıb.
Akop Badalyanın fikrincə, bunun həqiqətən də baş verib-vermədiyini söyləmək çətindir. Ola bilsin ki, bu, sadəcə ictimai reaksiyaya qarşı operativ informasiya addımı olub. Analitik qeyd edir ki, I Aram məsələsi indi açar mövqedədir və Kilikya katolikosluğu rəhbəri mühüm bir yolayrıcında dayanır.
Badalyan yazır ki, I Aram fərqli bir katolikos taxtının rəhbəri olaraq öz müstəqil subyektivliyinə, əlaqələrinə və iddialarına malikdir. Bu vəziyyət isə yumşaq desək, siyasi hakimiyyət tərəfindən manipulyasiya riski daşıyır – yəni Paşinyan hökuməti katolikosun mövqeyini istədiyi cür yoza bilər.
Bundan başqa, I Aram həm də Ümumdünya Kilsələr Şurasının sədri vəzifəsini daşıyır və onun səlahiyyət müddəti yalnız 2027-ci ildə başa çatır. Bu isə o deməkdir ki, Ermənistan baş naziri Nikol Paşinyan üçün Apostol Kilsəsi ətrafında başladığı “böyük oyunda” beynəlxalq dini dairələrdəki əhval-ruhiyyə və münasibətlər də son dərəcə önəmlidir.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ