Onlayn ictimai-siyasi qəzet
Vaşinqtonun bu dövlətlərdən tədarük edilən bütün məhsullara rüsum tətbiqi ilə bağlı hədələrindən sonra ölkələr BRİKS-dən çıxmağa başlayıb.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə argentinalı həmkarı Havyer Milleylə görüşü zamanı jurnalistlərə belə deyib. Amerika liderinin sözlərinə görə, BRİKS-ə qoşulmaq istəyən bütün ölkələrə ABŞ-nin onlara qarşı tariflər tətbiq edəcəyini bildirib. “Hamı BRİKS-i tərk etdi. Onların hamısı BRİKS-i tərk edir. BRİKS dollara hücum idi. Mən dedim: "Əgər bu oyunu oynamaq istəyirsinizsə, ABŞ-yə göndərilən bütün məhsullarınıza tariflər tətbiq edəcəyəm. Onlar isə BRİKS-dən ayrıldıqlarını bildirdilər. BRİKS haqqında daha danışılmır", - Donald Tramp iddia edib.
“BRİKS adlı kiçik bir qrup var. O, sürətlə aktuallığını itirir. Bu qrupun üzvləri dollara meydan oxumağa çalışır. BRİKS dolları, dolların hökmranlığını və dollar standartını ələ keçirməyə çalışmaq istəyir”, - Amerika lideri vurğulayıb.
Donald Tramp onda ABŞ-nin “düşmən ölkələrdən” yeni BRİKS valyutası yaratmamaq və ya “qüdrətli dollar”a alternativ hər hansı digər valyutanı dəstəkləməmək öhdəliyi tələb etmək planlarını diqqətə çatdırmışdı.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edir. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.
Əlavə edək ki, 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır.
Dünya əhalisinin təxminən 45%-ni və qlobal iqtisadiyyatın 37,4%-ni əhatə edən bu qurum inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək kimi ön plana çıxır.
2011-ci ildə Cənubi Afrika Respublikasının (CAR), 2024-cü il yanvarın 1-də isə Misir, İran, BƏƏ və Efiopiyanın birliyə üzv olması ilə BRİCS-in əhatəsi genişlənib və beynəlxalq təsir gücü daha da artıb.
BRİKS ölkələrinin təməl hədəfi daha ədalətli və balanslaşdırılmış qlobal nizam qurulmasıdır. Bu məqsədə çatmaq üçün quruma üzv ölkələr iqtisadi əməkdaşlığın artırılması, ticarət və maliyyə sahələrində yeni tərəfdaşlıqların inkişaf etdirilməsi, daha müstəqil iqtisadi strukturun yaradılması istiqamətində bir çox təşəbbüslər irəli sürürlər.
Trampa görə Azərbaycan bu təşkilata üzvlük ərizəsini geri götürə bilərmi?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, BRİKS-in tərkibində 10 dövlətin olduğu, 12 dövlətin isə tərəfdaş statusunda iştirak etdiyi məlumdur: “40 dövlət BRİKS-ə tərəfdaş olmaq üçün müraciət eləmişdi. Onların bir çoxu, o cümlədən Azərbaycan da tərəfdaş kimi qəbul olunmadı. Prezident Donald Tramp Argentinanın dövlət başçısı ilə görüşündə bəzi ölkələrin onların mallarına ABŞ-nin tətbiq etdiyi rüsumları artırmasından çəkinərək BRİKS-i tərk etdiyini dedi. Ancaq hələ ki heç bir dövlət bu barədə bəyanat verməyib. Kim BRİKS-i tərk elədi? Məlumdur ki, bu təşkilat yarananda onun əsas özəyi ÇİN, Rusiya, Hindistan, Cənubi Afrika Respublikası və Braziliya olub. Bu dövlətlərdən hansınınsa BRİKS-i tərk etməsi mümkündürmü? İnandırıcı görünmür. Çünki BRİKS kifayət qədər perspektivli bir təşkilatdır. Bu təşkilata üzv olmaq istəyənlərin sayı da kifayət qədərdir. Baxmayaraq ki, üzv olmaq istəməyənlər də oldu. 2024-cü ildə Kazan sammitində Argentinaya və Səudiyyə Ərəbistanına təklif olundu ki, BRİKS-ə üzv olsunlar. Ancaq onlar bu təklifi qəbul etmədilər. 10 dövlətdən təbiidir ki, hansınınsa BRİKS-i tərk etməsi mümkündür. Eyni zamanda bu təşkilata daxil olmaq istəyən dövlətlərin bir neçəsinin bu fikirdən daşınması da gözləniləndir. Çünki ABŞ Prezidentinin rüsumların artırılması barədə söylədikləri təbiidir ki, bir çox dövlətləri narahat edir. Bu rüsum təhdidindən Tramp gen-bol istifadə edir. Azərbaycanın BRİKS-ə tərəfdaş kimi qəbul olunmamasının əsas səbəbi Hindistanın tutduğu mövqedir. Doğrudur, Hindistan rəsmiləri bunu inkar etməyə çalışdılar, ancaq nə qədər inkar etməyə çalışsalar da həqiqət bundan ibarətdir ki, Hindistan Azərbaycana qarşı bir çox beynəlxalq qurumlarda qərəzli münasibət göstərir. Bu münasibətin yaxın vaxtlarda dəyişəcəyini gözləmək də mümkün deyil. Bəlkə də indiki vaxtda bu, bizim xeyrimizədir”.
A.Səmədov qeyd etdi ki, bundan sonra Azərbaycanın BRİKS-ə qoşulmaq istəyinə yenidən baxılması istisna deyil: “Bundan sonra Azərbaycan BRİKS-ə münasibətini dəyişməlidirmi? Çox güman ki, bu məsələyə yenidən baxmağa ehtiyac ola bilər. Ciddi şəkildə bu məsələ araşdırılmalıdır. Donald Trampın bəyanatından sonra təbiidir ki, ən azı tərəfdaşların artması üçün BRİKS-in aparıcı dövlətləri müəyyən addımlar atacaqlar. Hətta ola bilər ki, Azərbaycanın da tərəfdaşlığa qəbul edilməsini mümkün saysınlar. Lakin Trampın rüsumlar barədə söylədiklərini nəzərə alıb, məncə, BRİKS-ə yaxınlaşmaqdan imtina etmək, düşünmək üçün vaxt qazanmaq daha düzgün olardı. Çünki ABŞ-la münasibətlərimiz kifayət qədər yaxşıdır. Bu bizim üçün çox vacibdir, çox mühüm layihələri reallaşdırmağa imkan verir və Azərbaycan üçün təhdid təkcə rüsumların artırılması deyil. Baxmayaraq ki, Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi çox aşağıdır və Azərbaycanın ABŞ-yə ixrac etdiyi məhsullar da o qədər ciddi rəqəm təşkil eləmir. Ancaq digər məsələlərdə Azərbaycan ciddi şəkildə düşünməlidir. Çünki "907-ci düzəliş"in ləğvi məsələsi bizim üçün çox vacibdir. Zəngəzur dəhlizinin qısa müddətdə işə düşməsi bizim üçün çox vacibdir və bu məsələnin həllində ABŞ-nin rolu böyükdür. Rusiya təhlükəsini biz daim nəzərdə saxlamaq məcburiyyətindəyik. Burada da ABŞ ilə münasibətlərimiz bizə yardımçı ola bilər. Digər məsələlərdə ABŞ ilə yaradılmış yüksək səviyyəli münasibətlər, üstəlik, yaxın zamanlarda strateji tərəfdaşlıq haqqında memorandumun da imzalanması ehtimalı var və biz bunu da nəzərə almalıyıq. Bu səbəbdən mən hesab edirəm ki, BRİKS-ə yaxınlaşmaq, tərəfdaşı olmaq barədə məsələni gözdən keçirməyə və bu prosesi ən azı bir qədər dayandırmağa ehtiyac var”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ