Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında növbəti telefon danışığı baş tutub. Telefon dəstəyinin asılmasının ardından Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Kremlə toplanıb.
Bu barədə Putinin köməkçisi Yuri Uşakov bildirib.
O deyib ki, ABŞ prezidenti ilə telefon əlaqəsindən dərhal sonra Putin Təhlükəsizlik Şurasının üzvlərini Kremlə toplayıb. Onun sözlərinə görə, Rusiya lideri TŞ üzvlərinə amerikalı həmkarı ilə fikir mübadiləsinin məzmunu barədə ətraflı məlumat verib.
Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Putin dövləti adına vacib qərarlar qəbul etmək ərəfəsindədir.
O, Musavat.com-da fikirlərini bu cür davam etdirib:
“Müharibə başlanandan bəri ilk dəfə 15 avqustda Alyaskada Trampla Putin görüşərək danışıqlar aparmış, lakin bu danışıqlar nəticə verməmişdi. Rusiya öz tələblərini irəli sürmüş, Tramp bunu qəbul etsə də, müəyyən razılaşmalar əldə olunsa da, Ukrayna müvafiq təklifləri rədd etdiyi üçün müharibə davam etmiş, hətta Tramp Ukraynaya hərbi yardımın artırılacağına dair açıqlama vermişdi. Hazırda da Ukraynaya “Tomahawk” raketlərinin verilməsi müzakirə olunur. Rusiyanın daxili infrastrukturu, xüsusilə enerji təsisləri hədəfdədir. Avqustdan bəri Rusiyanın enerji təsislərinə 58 hücum həyata keçirilib. Ukraynanın uzaqmənzilli raketlər əldə etməsi Rusiya üçün böyük təhdiddir. Rusiya bu təhdidlərə təhdidlə cavab verib – nüvə silah arsenalını gücləndirir, uzun on illərdir mövcud nüvə razılaşmalarından çıxdığını bəyan edir. Bu, müharibənin genişlənmə təhlükəsini, başqa sözlə müharibənin Avropaya yayılaraq ABŞ-ın birbaşa müharibəyə cəlb olunma təhlükəsini özündə daşıyır. Lakin müharibənin genişlənməsi heç də dünyaya sülh vəd edən Trampın məqsədləri ilə uzlaşmır və o, Putinlə təkrar danışmağa çalışaraq Ukraynanın da razı salınacağına ümid bəsləyir.
Bu gün, yəni 17 oktyabrda ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Zelenski arasında Ağ Evdə görüş keçirilir. Bu görüşdən öncə Tramp Putinlə telefon danışığı aparıb, danışıqlardan sonra isə “Tomahawk”lar bizə də lazımdır, ehtiyatımızı tükəndirə bilmərik” deyə açıqlama verib, həmçinin qarşıdakı həftələr ərzində Macarıstanda Putinlə görüşərək Ukraynadakı müharibənin bitirilməsinə dair danışıqlar aparacağını bəyan edib. Putin isə açıqlamasında müvafiq görüşün qarşıdakı 2 həftə ərzində baş tutacağını bildirib. Halbuki Trampın müvafiq açıqlamasına baxmayaraq Zelenski raket istehsalçıları ilə görüşüb və texniki xüsusiyyətlərinə, istifadəsinə dair danışıqlar aparır. Beləliklə, Macarıstanda Tramp, Putin və Zelenski arasında ayrılıqda ikili və üçlü formatlarda görüşlərin keçirilməsi gözlənilir. Əgər Tramp Zelenskiyə bəhsolunan raketləri verməyə razı olarsa, Putin görüşməkdən imtina edə bilər. Nəticə olaraq, sadəcə Ukraynanın deyil, ümumilikdə dünyanın, xüsusilə Avropanın taleyi Rusiya və ABŞ arasında razılaşmalardan asılı olaraq qalır. Belə bir proseslərin içərisində olan Putinin Təhlükəsizlik Şurasını yığması dövləti adına vacib qərarlar ərəfəsində olduğunu göstərir”.
Cavanşir ABBASLI
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ