Onlayn ictimai-siyasi qəzet
Fazil Mustafa: “Bundan sonra onlar öz səhvini etiraf edib qərarını dəyişməyəcəksə...”
Məlum olduğu kimi, bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 2025-ci ilin yanvar sessiyasına qədər Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi haqda qətnamə qəbul edib. Prezident İlham Əliyev ötən həftə İtaliyada keçirilən Beynəlxalq Çernobbio Forumunda çıxışı zamanı bildirib ki, AŞ PA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin təşkilata qayıtmasından sonra ləğv ediləcək.
O, yaxın tarixə qısa ekskurs edərək vurğulayıb ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub: “Ötən illər enişli-yoxuşlu olub, əməkdaşlığımızın fəal mərhələsi də, Avropa Şurasının Parlament Assambleyası tərəfindən tənqid olduğumuz dövrlər də olub. Biz Avropa konvensiyalarının əksəriyyətinə qoşulmuşuq. Biz Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra edirik. Suverenliyimiz tam şəkildə bərpa olunandan bir neçə ay sonra Avropa Şurasının Parlament Assambleyası bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etdi. Bu, suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı tətbiq edilən sanksiya idi. Biz öz torpağımızda döyüşdük və hər hansı təcavüzə əl atmadıq. Vəziyyəti yaxşılaşdırmaq üçün imkan var. Bizim nümayəndə heyətimizin Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti bərpa edilməlidir”.
Prezident haqlı olaraq bildirib ki, bu ilin yanvarında baş verənlər (AŞ PA-da - red.) qırmızı xətti keçib: “Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞ PA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.
Dövlət başçısı əlavə edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞ PA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub: “Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”.
Prezidentin ismarışını Strasburqda (AŞ PA-nın mənzil-qərargahı bu şəhərdə yerləşir) düz oxuya biləcəklərmi? Yanvarda nümayəndə heyətimizin təşkilatda səs hüququ bərpa oluna bilərmi?
Fazil Mustafa
Deputat Fazil Mustafa “Yeni Müsaavat”a bildirdi ki, əslində Prezident İlham Əliyev Azərbaycanın prinsipal mövqeyini ona görə bu cür ifadə elədi ki, AŞ PA prinsipsiz davranıb, Azərbaycanın öz torpaqlarını işğaldan azad edib suverenliyini tam bərpa etməsinin qisasını Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətindən alıb: "Bunun başqa adı yoxdur. İşğalçı dövlətə indiyə qədər güldən ağır söz deməyən, heç bir qərarında bunu xüsusi vurğulamayan AŞ PA birdən-birə “qeyrətə” gəlib hər hansı bir şəkildə torpağının işğaldan azad olunmasını dünya ictimaiyyətinə duyuran Azərbaycana zərbə vurmağı düşünüb. Lakin bu cür zərbə də əks effekt verib, AŞ PA-nın özünə qarşı çevrilib. Biz bu məsələ barədə, hər halda, ciddi düşünməliyik və bundan sonra da xarakterli davranışımızı davam etdirməliyik. Azərbaycana qarşı qərara səs verənlər erməni vəsaitləri hesabına siyasətdə mövcud olan, yaxud ermənilərə mənəvi bağlılığı olan insanlardır. Birmənalı şəkildə o cür məsuliyyətsiz qərara səs verənlərə Azərbaycan tamamilə düzgün, prinsipial addım atıb və mövqeyində bu gün də qalır. Bundan sonra Avropa Şurası öz səhvini etiraf edib qərarını dəyişməyəcəksə, nəticə çıxarmayacaqsa və Azərbaycan nümayəndə heyəti AŞ PA-ya qayıdışı reallaşdırılmayacaqsa, onda qeyd etdiyimiz ermənipərəst qüvvələrə Azərbaycan tərəfindən hər hansı bir şəkildə güzəşt edilməyəcək. Çünki biz bu məsələyə prinsipial bir məsələ kimi baxırıq. Avropa məkanında xüsusilə qərəzli anti-demokratik qüvvələrlə bir yerdə proseslərin içində olmaq bizim üçün həyati əhəmiyyət daşımır. Biz yenə də özümüzün xoş niyyətimizi ortaya qoymuşuq və bildirmişik ki, konstruktiv yanaşmanın yenə də tərəfdarıyıq. Əgər Avropa Şurası Azərbaycanın mesajını düzgün qiymətləndirərsə, məsələləri həll etmək də mümkün olacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ