İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan sülh prosesini ABŞ-a transfer edir: Cənubi Qafqaz Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşır

Kreml Cənubi Qafqaz üçün olduqca müsbət və perspektivli bir geopolitik prosesi Rusiyanın gələcək taleyi baxımından, təhlükəli tendensiya hesab edir... Böyük ehtimalla Rusiya bu prosesin iflasa uğradılması üçün yaxın vaxtlarda daha radikal variantlar üzrə müdaxilə niyyətinə düşərək, regional xaos ssenarilərinə start verə bilər...

Rusiya Cənubi Qafqazda mövqelərini tədricən itirməyə başladığını artıq anlayır. Ona görə də, son vaxtlar Kreml təmsilçisinin bu regionda cərəyan edən proseslərə münasibətdə açıqlamaları aqressiv və təhdidkar məzmun daşıyır. Və belə anlaşılır ki, Kreml istənilən halda, regional prosesləri əngəlləmək üçün arsenallnda olan bütün mexanizmləri işə salmağa çalışacaq.

Məsələ ondadır ki, Rusiya mətbuatının son vaxtlar müxtəlif şübhəli məlumatlar üzərindən manipulyasiya cəhdləri boşuna edilmir. Kreml Cənubi Qafqazda geopolitik proseslərə daha kobud və radikal müdaxilə üçün zəmin hazırlayır. Və bu baxımdan, Ermənistanın hərbi-siyasi təxribatlarının arxasında Kremlin məkrli oyunlarının ola biləcəyi qətiyyən istisna deyil.

Rusiya dairələrinin indi israrla gündəmə gətirməyə çalışdığı əsas geopolitik tezis ondan ibarətdir ki, ABŞ və Qərbin Cənubi Qafqazda sülh yaratmaq niyyəti yoxdur. Əsas məqsəd bu regiona nüfuz etmək və öz geopolitik maraqlarını reallaşdırmaqdır. Xarici işlər naziri Sergey Lavrov açıq şəkildə vurğuladı ki, ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesinə qatılmaqla yalnız Rusiyanı bu regiondan çıxartmaq məqsədi güdür.

814e4a1f24910383014a04866e883c48.jpg (256 KB)

Digər tərəfdən, Rusiya mətbuatı ABŞ-ın "Qarabağ problemi"ni Azərbaycanın xeyrinə həll etməyə çalışdığını da iddia edir. Ağ Evin erməni separatçı-terrorçulara tərksilah olunub, rəsmi Bakının tələblərini qəbul etmək çağırışı ilə təzyiq göstərdiyini vurğulayır. Üstəlik, bu tələblərə müsbət cavab verilməyəcəyi təqdirdə, erməni separatçı-terrorçuları Azərbaycan ordusunun antiterror əməliyyatları ilə hədələdiyini qabartdır.

Təbii ki, Rusiya mətbuatının bu təbliğat propoqandasına Kremldən başqa inananların sayı o qədər də çox deyil. Çünki ABŞ-da erməni diasporunun siyasi və lobbiçilik fəaliyyətinin kifayət qədər təsirli olduğunu hər kəs bilir. Bu faktoru nəzərə alan Ağ Evin erməniləri narazı sala biləcək addımlar atacağına inanmaq sadəlövhlük olardı. Və bu, Kremlin Rusiyadan üz çevirmiş Ermənistan cəmiyyətində ABŞ əleyhinə əhval-ruhiyyə yaratmaq cəhdindən başqa bir şey deyil.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova isə artıq Kremlin sülh prosesinə yönəlik tezislərini açıq mətnlə dilə gətirir. O, bildirib ki, Ermənistanın üçtərəfli görüşlərdən kənara çəkilməsi doğru taktika deyil, hətta yolverilməzdir. Ardınca isə Mariya Zaxarova heç əlaqəsi olmadan "Qarabağ erməniləri"nin Azərbaycan və Ermənistan arasında olan ziddiyyətlərin girovuna çevrildiyini iddia edib.

Göründüyü kimi, ABŞ və Qərbi Cənubi Qafqazda sülh prosesindən özəl maraqlar üçün istifadə cəhdlərində suçlayan Rusiya rəsmiləri sözün əsl mənasında "suyu bulandırmaq"la məşğuldurlar. "Qarabağ ermənilərinin girovluğu" barədə uydurma iddialar ortaya atan Rusiyanın vasitəçiliyi ciddi şübhələr doğurur. Və Kremlin sülh prosesinə fayda vermək niyyətində olmadığını birmənalı şəkildə təsdiqləyir.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Təbii ABŞ rəsmi dairələri Kremlin uydurma olduğu şübhə doğurmayan iddialarını cavabsız buraxmayıb. ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel bildirib ki, əgər, Rusiya sülh prosesində konstruktiv rol oynaya biləcəyinə əmindirsə, vasitəçiliyi davam etdirməkdə sərbəstdir: "Ancaq biz hesab edirik ki, ABŞ-ın tərəfdaşlığı ilə sülh danışıqları hazırda inkişaf edir. Dövlət katibi Entoni Blinken isə bununla şəxsən məşğul olur".

Ağ Ev rəsmisinin açıqlamasının davamı isə Rusiya üçün müəyyən mənada, məyusedici məzmun daşıyır. Belə ki, o bildirib ki, ABŞ rəsmi dairələri Azərbaycan və Ermənistan arasında Vaşinqtonda keçiriləcək sülh danışıqlarının növbəti raundunu səbrsizliklə gözləyir: "Çünki hər iki tərəf Cənubi Qafqazın sülh və sabitliyin hökm sürəcəyi bir gələcəyə can atırlar. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan arasında birbaşa dialoq bütün problemlərin həllinin və sülhə nail olunmasının açarıdır".

Ağ Ev təmsilçisinin bu açıqlamaları Rusiyanın maraqları ilə kəskin ziddiyyətlər təşkil edir. Xüsusilə də, Kremlin yuxarıda qeyd olunan "suyu bulandıran" tezisləri öz əhəmiyyətini itirmiş olur. Üstəlik, ABŞ və Qərbin regional sülh prosesində Rusiyadan fərqli olaraq, daha konstruktiv mövqe tutduğunu açıq-aşkar təsdiqləyir. Çünki ABŞ və Qərb Rusiyanın üçtərəfli format israrına qarşı Azərbaycan və Ermənistan arasında ikitərəfli təmasları ön plana çıxarır.

Təbii ki, Kremli qıcıqlandıran əsas məqam da məhz bununla birbaşa bağlıdır. Çünki Kremldə anlayırlar ki, ikitərəfli təmaslar məhz Rusiyanın vasitəçilik missiyasını zərbə altında qoyur və onu sülh prosesində oyundan kənar vəziyyətə salır. Ona görə də, Kreml bütün imkanlarını və geopolitik təzyiq mexanizmlərini Vaşinqton görüşünü əngəlləməyə yönəldib. Və bu cəhdlərin daha o qədər də işə yaramadığına əmin olan Kreml bütün baş verənlərə aqressiv reaksiya vermək məcburiyyətində qalır.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın bütün əngəlləyici cəhdlərinə baxmayaraq, Ermənistan da Vaşinqton görüşünə böyük ümidlər bəslədiyini biruzə verməyə başlayıb. Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan nümayəndə heyəti Vaşinqtona münasibətlərin normallaşdırılması və tezliklə sülh sazişinin imzalanmasına yönəlik əhval-ruhiyyə ilə yola düşəcək: "Biz sülhün əldə olunması üçün bütün cəhdləri etməliyik və münasibətlərin normallaşdırılmasına dair sazişi imzalamağa çalışmalıyıq. Həmçinin Azərbaycan tərəfinə delimitasiya üzrə komissiyanın iclasını keçirməyi də təklif etmişik və artıq müsbət cavab almışıq".

Belə anlaşılır ki, Kremlin bütün cəhdlərinə baxmayaraq, Ermənistan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq niyyətində hələ də israrlı davranmağa çalışır. Belə olduğu təqdirdə isə rəsmi İrəvan ABŞ və Qərbin də dəstəklədiyi müzakirə formatını və beynəlxalq hüquqa bağlı sülh şərtlərini qəbul etməli olduğunu da anlayır. Bu isə o deməkdir ki, regional sülh prosesinə nəzarət Rusiyanın əlindən çıxır. Daha dəqiq desək, sülh prosesi Qərbə transfer olunur. Və buna paralel olaraq da Cənubi Qafqaz Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşır.

Bu, Cənubi Qafqaz üçün nə qədər müsbət və perspektivli proses olsa da, Rusiyanın gələcək taleyi baxımından, bir o qədər təhlükəli tendensiyadır. Böyük ehtimalla Rusiya bu prosesin iflasa uğradılması üçün yaxın vaxtlarda daha radikal variantlar üzrə müdaxilə niyyətinə düşə bilər. Bu halda, regional xaos ssenarilərinə uyğun hadisələrin baş vermə ehtimalı barədə danışmaq ehtiyacının yarana biləcəyi istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR