Onlayn ictimai-siyasi qəzet
Ekspert deyir ki, əvvəllər kişilər zorakılıqla bağlı müraciətlər etməzdilər, indi isə...
2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, müraciətlərin 272-si qadınlar, 58-i kişilər tərəfindən edilib. 205 nəfər Bakıdan, 125-i isə regionlardan müraciət edib. Onlardan 137-si evli, 140-sı subay, 53-ü boşanmış olub.
Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir.
Adətən ailədaxili şiddət dedikdə birinci növbədə ağıla qadın gəlir. Lakin bu hesabatdan bəlli olur ki, bəzən kişilər də qadınlar tərəfindən zorakılığa məruz qala bilir. Bəs bu zorakılıqlar nələrdən ibarətdir?
Üzeyir Şəfiyev
Mövzu ilə bağlı danışan sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a bildirib ki, həm beynəlxalq konvensiyada, həm də qanunvericilikdə göstərilib ki, məişət zorakılığı yaxın qohumluq münasibətlərindən və bir yerdə olmağından sui-istifadə edərək bir şəxsin digərinə qarşı yönəltdiyi fiziki, iqtisadi, mənəvi, psixoloji, emosional bir zorakılıq formasıdır: “Burada söhbət təkcə fiziki zorakılıqdan getmir. Qadın ərini şantaj edir ki, intihar edəcək və yaxud da boşanacaq, uşaqları ona göstərməyəcək. Bu da zorakılıq hesab olunur. Qərb mərkəzli qüvvələr Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını dağıtmaq üçün qadın-kişi qarşıdurması yaradırlar və Azərbaycanın ailə əsaslarını hədəf götürürlər. Bu məsələdə gender bərabərliyindən alət kimi istifadə edirlər. Bu ad altında qadınlar kişilərə qarşı körüklənir. Nəticədə Azərbaycanda münaqişəli ailələrin sayı çoxalır. Bu gün qadın hüqiuqları ilə bağlı maarifləndirmə işləri düzgün getmədiyinə, təbliğat işləri aqressiv feminist dalğanın təsiri altında olduğuna görə qadın hüquqlarını xanımlar adekvat qavramırlar. Bu fonda qadın-kişi qarşıdurması yaranır”.
Ekspert deyib ki, əvvəllər kişilər zorakılıqla bağlı belə müraciətləri etməzdilər: “Çünki Azərbaycan kişi mərkəzli ənənəvi cəmiyyətdir və burada ictimai qınaqlar var. Məişət zorakılığını ictimailəşdirməyə, onları efirlərə daşımağa yaxşı baxılmırdı. Özəlliklə kişilər qadınlar tərəfindən emosional, psixoloji zorakılığa məruz qalmalarını heç vaxt dilə gətirməzdilər. Çünki kişi bunu öz qüruruna sığışdırmırdı. İndi isə vəziyyət elə bir hala gəlib ki, ailədaxili məsələlər efirlərə daşınır. Bu, təqdirəlayiq hal deyil. Azərbaycanda ailə münaqişələri və məişət məsələləri ilə məşğul olan müvafiq qurumlar var. Azərbaycan o ölkələrdəndir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ailə böhran mərkəzləri fəaliyyət göstərir. Çox yaxşı olardı ki, məsələlər bu aspektdə həll olunsun. Münaqişə efirə daşınanda bir qədər də metastaz verir, böyüyür, potensial münaqişəli ailələri real münaqişəli ailələr xəttinə gətirib çıxarır”.
Sosioloq deyir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlarımız iqtisadi cəhətdən nisbətən sərbəst oldular: “Azərbaycan qadınının düşüncəsində, həyat tərzində transformasiya yaşandı. Əvvəllər qadınlar iqtisadi cəhətdən fəal olmadıqlarına görə ailə konfliktlərini qabartmırdılar. Fikirləşirdilər ki, boşansalar maddi baxımdan çox çətin durumda qala bilərlər. İqtisadi fəal və məşğul əhaliyə çevrildikdən sonra qadınlar köhnə qayda ilə yaşamaq istəmədi, kişilər isə köhnə qayda ilə idarə etməyi bacarmadı. Nəticədə yeni ailə tərzləri formalaşdı.
BMT-nin Əhali Fondunun layihəsi çərçivəsində gender əsaslı zorakılıq qurbanları ilə işləyən sosial işçilərin və psixoloqların akkreditasiyasını nəzərdə tutan layihə həyata keçirilir. Yaxın günlərdə bununla bağlı real addımlar atılacaq. Bu, məişət zorakılığını və münaqişəli ailələrin sayını azaldacaq".
Kişi zorakılığının səbəbləri haqqında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da danışıb: “Kişilər komitəyə fiziki zorakılıqla bağlı müraciət etməyiblər. Burada söhbət psixoloji və iqtisadi zorakılıqdan gedir. Bəzən kişinin qadından iqtisadi asılılığı olur. Yaxud da qadın kişiyə psixoloji təsir göstərir, məsələn, boşandıqdan sonra övladlarını keçmiş həyat yoldaşına göstərmir və s. Bu cür hallar da zorakılıq kimi qiymətləndirilir”.
Günel İsmayıllı
Psixoloq Günel İsmayıllı mövzu ilə bağlı açıqlamasında deyib ki, qadınlar kişilərə qarşı daha çox psixoloji təzyiq vasitəsindən istifadə edirlər: “Qadınlar ailənin idarə olunmasında, iqtisadi məsələdə, tərbiyə işlərində, ümumiyyətlə, ailə məsələlərində kişilərin iştirakını istəyirlər. Kişilərin isə balacalıqdan tərbiyə sistemi tamamilə fərqlidir. Onlar öyrəşiblər ki, çətin situasiyalarda qadınlar özlərini qabağa versin, məsələlərin həllində aparıcı olsunlar. Ailədə oğlan uşaqlarının problemləri onun anası və ya bacısı tərəfindən həll edilib. Oğlan uşaqlarının tərbiyəsindəki boşluqlar vəziyyəti gətirib bu yerə çıxarır.
Oğlanlar ailə sahibi olduqda beyin problemlərin həllini tanımır. Daha çox vəziyyətdən qaçaraq məsələlərin həllinə çalışırlar. Qadın isə an gözləyir, duyğusal olaraq basdırılmış tərəfi daha qəzəbli, aqressiv vəziyyət alır. Kişilər uğurlu ailə istəyirlərsə, yeni vərdişlərin qazanılmasında maraqlı olmalıdırlar. Vəziyyətdən qaçaraq, dostları ilə içki məclisinə getməklə hansısa problem öz-özünə həll edilməyəcək. Hər bir şəxsin ailədə məsuliyyəti olmalıdır. Qadın və kişi bu işdə birgə addımlamalı, yeni vərdişlərə yiyələnməlidirlər".
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ