Onlayn ictimai-siyasi qəzet
Ticarət şəbəkələri əhalinin məşğulluğunun təmin olunmasında xüsusi rol oynayır. Hazırda Azərbaycanda ticarət şəbəkələrində 50 mindən artıq şəxs çalışır. Ticarət şəbəkələrinin pərakəndə satış biznesində payı isə 30-32% təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 90-95%-ə qədərdir.
Azərbaycanda şəbəkə marketlərinin iqtisadiyyata təsiri çoxşaxəlidir:
1. İqtisadi artım və vergi gəlirləri
İri şəbəkə marketləri dövlət büdcəsinə mühüm vergi daxilolmaları təmin edir.
2. İş yerlərinin yaradılması
Şəbəkə marketləri minlərlə insana daimi və mövsümi iş imkanı yaradır.
3. Rəqabət və qiymətlərin tənzimlənməsi
İri marketlər daha aşağı qiymətlər və müxtəlif endirim kampaniyaları təklif etməklə bazarda qiymət balansını qoruyur. Bu da alıcılıq qabiliyyətinə müsbət təsir göstərir.
4. İnfrastrukturun inkişafı
Yeni marketlərin açılması ətraf ərazilərdə nəqliyyat, rabitə və sosial infrastrukturun inkişafını təşviq edir.
Şəbəkə marketlərinin xüsusilə qadınlar və gənclər üçün yeni iş yerlərinin yaranmasında daşıdığı missiyanı bir neçə aspekt üzrə izah etmək olar:
1. Əlçatan və çevik iş imkanları
- Şəbəkə marketləri adətən xüsusi təhsil və ya peşə təcrübəsi tələb etmir.
- Gənclər və qadınlar bu sistem vasitəsilə öz iş saatlarını seçə bilirlər.
2. Sahibkarlıq bacarıqlarının inkişafı
- Gənclər satış, liderlik, kommunikasiya və motivasiya kimi bacarıqları öyrənir. Bu da onların gələcəkdə daha geniş sahibkarlıq fəaliyyətlərinə keçidini asanlaşdırır.
3. Regionlarda iş imkanlarının genişlənməsi
- Ənənəvi iş imkanlarının az olduğu bölgələrdə şəbəkə marketləri yeni iş fürsətləri yaradır.
Şəbəkə marketləri şəffaf struktura malik olarsa, bu sistem qeyri-formal məşğulluğu azaldaraq cəmiyyətin inkişafında müsbət rol oynaya bilər.
Bu proses aşağıdakı yollarla həyata keçirilir:
1. Yeni filialların açılması
Hər yeni market filialı açıldıqda orada kassirlər, satıcılar, anbarçılar, təmizlik işçiləri və mühafizəçilər kimi bir çox işçi tələb olunur. Bu, xüsusilə şəhərdən kənar və ya kənd, rayonlarda əhəmiyyətli iş imkanları yaradır.
2. Logistika və təchizat zənciri
Şəbəkə marketlərinin fəaliyyətini davam etdirmək üçün böyük anbarlar, logistika mərkəzləri və nəqliyyat xidmətləri tələb olunur. Bu da sürücülər, anbar işçiləri və logistika mütəxəssisləri üçün əlavə iş yerləri yaradır.
3. Təlim və inkişaf imkanları
Bir çox market şəbəkəsi işçilərini təlim proqramları vasitəsilə ixtisaslaşdırır ki, bu da onların gələcəkdə daha yüksək vəzifələrə keçməsinə şərait yaradır.
Azərbaycanda fəaliyyət göstərən əsas şəbəkə marketləri (supermarket və hipermarket zəncirləri) aşağıdakılardır:
1. Bravo
Ölkənin ən böyük şəbəkələrindən biridir. Hipermarket və supermarket formatında fəaliyyət göstərir.
2. Araz Supermarket
Geniş əhatə dairəsinə malikdir. Qiymətlərin münasib olması ilə tanınır. Böyük şəhərlərdə və rayon mərkəzlərində filialları mövcuddur.
3. “Bazarstore”
Şəhərlərdə yerləşən iri supermarketlər şəbəkəsidir. Müxtəlif kateqoriyalı məhsullar təqdim edir.
4. Rahat Market
Orta və iri ölçülü mağazalar şəbəkəsidir. Qiymət və məhsul çeşidində balans təklif edir.
5. OBA Market
Ən çox filialı olan marketlərdən biridir. Əsasən gündəlik tələbat məhsulları satır.
6. “Bolmart”
Hipermarket konsepti ilə fəaliyyət göstərir. Ərzaq və qeyri-ərzaq məhsulları təklif edir.
7. “Spar”
Beynəlxalq brendin Azərbaycandakı filiallarıdır. Keyfiyyət və beynəlxalq standartlara üstünlük verir.
8. “Fresco”
Bakı və ətrafında fəaliyyət göstərir. Müasir dizaynlı, orta ölçülü mağazalardır. Bu şəbəkələr əsasən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və digər böyük şəhərlərdə fəaliyyət göstərir, lakin bəzi brendlər regionlara da yayılıb.
İşğaldan azad olunmuş bəzi şəhərlərdə, rayonlarda da artıq şəbəkə marketləri fəaliyyət göstərir. Onların sayının artması orada yaşayan əhalinin sayının artması ilə düz mütənasibdir. On minlərlə insan Qarabağa köçməlidir ki, orada şəbəkə marketlərinin öz mağazalarının sayını artırmasının məntiqi olsun.
Yeni iş yerləri yaradan şəbəkə marketlərinə gəlincə, təkcə OBA Market MMC ölkə üzrə məşğulluğun artırılması, xüsusilə qadınlar və gənclər üçün iş imkanlarının yaradılması missiyasını 2016-cı ildən etibarən həyata keçirir. Belə ki, 2024-cü ildə işə qəbul olunanların təxminən 40%-i qadınlar, 78%-i isə 35 yaşadək gənclər olub.
OBA Market MMC işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edir.
Bu əməkdaşlıq çərçivəsində:
- Son 5 il ərzində 5000-dən çox yeni iş yeri yaradılıb;
- 2024-cü ildə 2157 nəfər işlə təmin olunub.
OBA Market MMC-nin Təlim-Tədris Mərkəzlərini (TTM) uğurla bitirən məzunlar mağaza heyəti vəzifələrinə (satıcı, kassir, malların yerləşdirilməsi üzrə əməkdaş və s.) cəlb olunurlar. TTM məzunları şirkətin digər mağaza əməkdaşları ilə eyni əmək haqqı sisteminə tabedirlər, yəni əmək haqları funksiyaya, bölgəyə və vəzifəyə görə müəyyənləşdirilən vahid şkalaya əsasən verilir.
OBA Market MMC-də işə yeni başlayan əməkdaşlar ilk iş günündən etibarən aşağıdakı sosial təminatla əhatə olunurlar:
• İcbari Tibbi Sığorta,
• İcbari Peşə Sığortası.
“Dövlət Məşğulluq Agentliyinin yeni iş yerləri yaradan şəbəkə marketləri ilə əməkdaşlığı ilk olaraq vakansiya bankı üzərindən işlə təminat prosesini əhatə edir”.
Bu barədə Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirdi.
O qeyd etdi ki, işəgötürənlər tərəfindən əmək və məşğulluq alt sistemində yaradılan vakansiya bankına vakansiyalar yerləşdirilir, həmin vakansiyalar üzrə uyğun namizədlərin yönləndirilməsi və işlə təmin olunması üçün göndərişlərin həyata keçirilməsi icra olunur.
“Digər bir istiqamət isə əmək yarmarkalarıdır. Ötən il 147 əmək yarmarkası təşkil edilib. Bu yarmarkalarda 1800-ə yaxın müəssisə iştirak edib. Bu müəssisələrin arasında şəbəkə marketləri mütləq şəkildə olub.
Ən mühüm əməkdaşlıq istiqamətlərimizdən biri peşə hazırlığıdır. Xüsusilə şəbəkə marketləri üçün onların ehtiyacları olan istiqamətlərdə peşə hazırlığı kursları təşkil edilir. Bu kurslara cəlb olunan işsiz şəxslər qısa bir müddət ərzində müəyyən peşə bacarıqlarına yiyələnirlər. Daha sonra peşə kursu təşkil olunan zaman hansı şəbəkə marketləri ilə əməkdaşlıq edilmişdisə, həmin müəssisələrdə peşə hazırlığı kursunu uğurla bitirən vətəndaşlar işlə təmin olunurlar”, - Əsmər Nəcməddinqızı əlavə etdi.
Şəbəkə marketləri dünya ölkələrində fərqli qanunlarla fəaliyyət göstərir:
1. ABŞ
Qanuni, amma ciddi nəzarət altında. Federal Ticarət Komissiyası bu sahədə fırıldaqçılıq hallarını daim izləyir.
Məşhur şirkətlər: “Amway”, “Herbalife”, “Avon”, “Nu Skin”
Şirkətlərin çoxu tənqid olunur, çünki real gəlir əldə edənlərin sayı çox azdır.
2. Avropa ölkələri
Avropa İttifaqı ölkələrində şəbəkə marketinqi əsasən qanunidir, lakin piramida sxemlərinə qarşı ciddi məhdudiyyətlər var.
Məşhur şirkətlər: “Oriflame”, “Tupperware”
3. Rusiya və MDB ölkələri
Status: Qanuni, amma tənzimləmə zəifdir. Piramida sxemləri adı ilə fırıldaqçı strukturlar tez-tez yayılır.
Məşhur şirkətlər: “Faberlic”, “Siberian Health”, “NL International”
İctimai qəbul: Çox vaxt şübhə ilə qarşılanır.
4. Türkiyə
Qanunlar: Şirkətlər Reklam Qanunu və Ticarət Qanunlarına uyğun olmalıdır.
Məşhur şirkətlər: “Farmasi”, QNET, “Herbalife”
İctimai rəy: Qismən mənfi yanaşma var, çünki bir çox insan gəlir əldə edə bilmədiyini deyir.
Azərbaycandakı ticarət şəbəkələrinin fəaliyyətində yaranan ümumi problemlərin işıqlandırılması ilə Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi məşğul olur. Birlik nəzarət və tənzimləyici mexanizmə malik deyil.
“Ümumi problemlərin aradan qaldırılması şəbəkələrin mənfəətinin yüksəlməsinə, bu isə öz növbəsində vergi ödənişlərinin artmasına, yeni investisiyalara və iş yerlərinin açılmasına gətirib çıxarır.
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi müxtəlif ölkələrin təcrübəsini araşdırmaqla yanaşı, beynəlxalq əməkdaşlığı da genişləndirmək niyyətindədir. Belə ki, hazırda Türkiyə və Böyük Britaniyanın alternativ təşkilatlarının fəaliyyətinin öyrənilməsi, onlarla təcrübə mübadiləsinin aparılması və bu münasibətləri tənzimləyən müvafiq sənədlərin, o cümlədən, memorandum və sazişlərin imzalanması məsələləri gündəlikdədir”, - Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov bildirdi.
Bəzi şəbəkə marketlərini idarə edən ana şirkətlər həm paytaxtda, həm də ölkənin digər yerlərində logistik mərkəzlər də tikirlər, anbarlar şəbəkəsi qurulur. Bunlar Azərbaycan iqtisadiyyatında ciddi rol oynayan faktorlardır. Əsasən regionlarda soyuducu anbarlarının qurulması oradakı fermerlərin məhsullarının gələcəkdə rahat şəkildə satılmasına daha çox fürsət yaradacaq.
Məncə, yeni bir yanaşmaya da ehtiyac var. Şəbəkə marketlərini maraqlandırmaq üçün fermerlərlə birgə işləyənlərə xüsusi güzəştlər – vergi güzəştləri tətbiq etmək mümkündür. O zaman fermerlər də öz məhsullarını haradasa satmaq barədə düşünməyəcək. Öncədən sifarişlər alacaq və o sifarişləri yerinə yetirmək üçün çalışacaq. Bazar axtarmaq problemi aradan qalxacaq. Bu da həm qiymətlərə, həm də keyfiyyətə təsir edəcək.
Tarladan süfrəyə çatdırıla biləcək məhsulun çeşidi və həcmi çoxaldıqca həm fermerlərə, həm şəbəkə marketlərinə, həm də alıcılara müsbət təsirləri ola bilər. Şəbəkə marketləri fermerlərlə işləsələr, daha çox iş yeri yaranar.
Dünya ölkələrində meqamarketlər ticarət və istehlak mədəniyyətinin əhəmiyyətli hissəsini təşkil edir. Bu tip mağazalar adətən ərzaq, məişət texnikası, geyim, elektronika və digər gündəlik ehtiyac mallarını bir yerdə təklif edirlər.
Bəzi ölkələrdə məşhur meqamarket şəbəkələrini təqdim edirik:
ABŞ
“Walmart” – dünyanın ən böyük pərakəndə satış şəbəkəsidir.
Avropa ölkələri
Almaniya: “Lidl”, Aldi”, “Kaufland”, “Real”
Fransa: “Carrefour”, “Auchan”, “E.Leclerc”
İtaliya: “Esselunga”, “Conad”, “Coop”
Türkiyə
“Migros”, BİM, A101, “Şok”, “CarrefourSA”
Bu meqamarketlər təkcə alış-veriş yeri olmaqla qalmır, eyni zamanda iqtisadiyyat və logistika sistemlərinin inkişafında da mühüm rol oynayırlar.
Məhsulun maya dəyərinin şəhərin mərkəz hissələrinə nisbətən aşağı olması meqamarketləri insanlar üçün cəlbedici edir. Azərbaycanda da kiçik şəhərciyi xatırladan meqamarketlərin geniş yayıldığını görmək arzuolunandır.
Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.
Aytən Novruz
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ