Onlayn ictimai-siyasi qəzet
OPEK+ razılaşmasının iştirakçısı olan 8 ölkə(Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Əlcəzair, Küveyt, Qazaxıstan və Oman) iyin ayından hasilatı gündəlik daha 411 min barel artıracaq.
Musavat.com xəbər verir ki, qərarı həmin ölkələrin nümayəndələri bu gün qəbul ediblər. Bu, əvvəl müəyyən edilmiş qrafikdə nəzərdə tutulan üç aylıq artıma bərabərdir.
Mart ayında hasilat artımının aprel ayından 2026-cı ilin sentyabr ayına qədər aylıq təxminən 135-140 min barel artırılması qərara alınmışdı. Lakin aprel ayında may ayı üçün artımın sutkada 411 min barelə qədər sürətləndirilməsi qərara alınıb ki, bu da üç aylıq artıma bərabər idi.
Tərəfdaşlar həmçinin bazar vəziyyətindən asılı olaraq plana mümkün düzəlişlər üçün hər ay görüşmək barədə razılığa gəliblər.
OPEK-in yaydığı məlumata görə, iyun ayında hasilatı sürətləndirmək qərarı “aşağı neft ehtiyatlarında əks olunan hazırkı sağlam bazar əsaslarını nəzərə alaraq” qəbul edilib.
Partnyorlar xatırladırlar ki, bazar şəraitindən asılı olaraq artım dayandırıla və ya ləğv edilə bilər. Bu çeviklik qrupa bazar sabitliyini davam etdirməyə imkan verəcək.
İyul ayı üçün hasilat kvotası ilə bağlı qərar qəbul etmək üçün səkkiz OPEC+ ölkəsinin növbəti iclası iyunun 1-nə planlaşdırılıb.
Qeyd edək ki, hazırda neft qiymətləri 61-62 dollar aralığındadır. Bazar ABŞ-ın başladığı tarif müharibəsinin mənfi təsirindədir. OPEK+ ölkələrinin bu qərarı qiymətləri daha da aşağı çəkəcək.
Buna görə də bir sıra analitik mərkəzlərdə bu qərar Donald Trampın mayın ortalarında Səudiyyə Ərəbistanına gözlənilən səfəri ərəfəsində atılan məqsədyönlü addım kimi qiymətləndirilir.
Bu arada, bütün OPEC+ ölkələrinin, eləcə də Nazirlərin Monitorinq Komitəsinin (JMMC) növbəti yarımillik nazirlər iclası mayın 28-nə planlaşdırılıb.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ