Onlayn ictimai-siyasi qəzet
Ukrayna savaşının dayandırılması prosesində yeni situasiya yaranmağa başlayıb. Belə ki, Tramp adminstrasiyası Rusiya və Ukrayna arasında olduqca effektiv manevrlər etməkdədir. Ağ Ev əvvəlcə rəsmi Kiyevə sərt təzyiqlər göstərməyə üstünlük verirdi. Əsas məqsəd Zelenski hakimiyyətini Rusiya ilə təkbaşına buraxılma təhlükəsi üzərindən çıxılmaz vəziyyətə salmaqdan ibarət idi. Və Tramp adminstrasiyası Rusiyaya böyük güzəştlər vəd etməklə, bu məqsədinə nail olmağı bacardı.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər danışıqlar masası arxasında Ağ Evin işləri o qədər də yaxşı getmirdi. Çünki həm Ukrayna, həm də Rusiya ABŞ-ın strateji hədəflərini böyük riskə atan mövqedən çıxış edirdilər. Bu səbəbdən də, ABŞ-ın beynəlxalq imicini qorumağa, eləcə də, əlavə zamana ehtiyac duyan Ağ Ev Ukrayna savaşının dayandırılması üçün konkret müddət müəyyən edilmədiyini bəyanlamaq məcburiyyətində qaldı. Və bununla da situasiyaya nəzarəti itirmək təhlükəsindən yayınmağı bacardı.
ABŞ prezidenti Donald Tramp öz açıqlamasında hakimiyyətə gələn kimi Ukrayna münaqişəsini bir günə həll edə biləcəyi barədə dediklərinin bir qədər şişirtmə olduğunu etiraf etmişdi. Ardınca isə Ukrayna münaqişəsinin məsuliyyətini NATO-ya üzv olmağa çalışan rəsmi Kiyevin üzərinə yükləməyə çalışmışdı. Ukraynanın NATO-ya üzvlüyünün real hədəf olmadığını vurğulamışdı.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkof isə Ukrayna və Avropa Birliyinə Ağ Evdə hazırlanmış sülh "sülh sazişi"nin yeni tam mətnini təqdim etmişdi. Həmin sənədə görə, daimi atəşkəsdən sonra Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri veriləcəkdi. Zəmanətçi qrupa Avropa ölkələri və bəzi digər nüfuzlu dövlətlər daxil olacaqdı. Və məhz bundan sonra Ukrayna NATO-ya üzvlükdən imtina edəcəkdi, ancaq Avropa Birliyinə qatılmaq hüququnu saxlayacaqdı.
Ağ Ev həmin sənədlə beynəlxalq hüquqla Ukraynaya məxsus olan Krımı Rusiya ərazisi kimi, de-yure tanıyacaqdı. Ukraynanın Luqansk, Zaporoje, Donetsk və Xerson vilayətləri Rusiyanın faktiki nəzarətinə veriləcəkdi. Eyni zamanda, Rusiya və Ukrayna arasında hər iki tərəfin hərbi nəzarətində olan bəzi ərazilərin mübadiləsi də nəzərdə tutulurdu. Və həm Rusiya, həm də Ukrayna bu sənədə qarşı çıxırdı.
Halbuki, Ağ Ev müharibənin hər iki iştirakçısı iqtisadi əməkdaşlıq niyyətini də qabardırdı. Belə ki, ABŞ və Ukrayna mineral resursların işlənməsi də daxil olmaqla, iqtisadi əməkdaşlıq sazişi imzalamalıydı. Digər tərəfdən, 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar mərhələli şəkildə ləğv olunmalıydı. ABŞ və Rusiya arasında enerji və digər sənaye sahələrində iqtisadi əməkdaşlıq qurulmalıydı. Və Ağ Ev əslində, hər iki tərəfə şirnikləndirici təkliflər etməklə, onları müəyyən mənada, sınağa çəkirdi.
Maraqlıdır ki, prezident Vladimir Zelenski dərhal reaksiya verərək, Ukraynanın işğal olunmuş ərazilərinin hüquqi baxımdan, Rusiyaya "hədiyyə" edilməsini qəbul etməyəcəyini bildirmişdi. O, vurğulamışdı ki, beynəlxalq hüquqla Ukrayna əraziləri barədə yalnız xalq qərar verə bilər. Ona görə də, Ukraynanın ərazi bütövlüyü heç bir halda, müzakirə və mübahisə mövzusu ola bilməz. Və rəsmi Kiyev heç vaxt buna imkan verməyəcək.
Eyni zamanda, Rusiya da Tramp adminstrasiyasının sülh "təkliflər"indən uzaqgedən nəticələr çıxararaq, maksimalist şərtlər irəli sürməkdən özünü saxlaya bilməmişdi. Belə ki, Kreml atəşkəs üçün Ağ Evin təkliflərinə əlavə olaraq, Rusiyaya qarşı bütün sanksiyaların ləğvini xarici banklarda olan aktivlərinin qaytarılmasını tələb etmişdi. Eyni zamanda, Ukraynaya təhlükəsizlik təminatının verilməsinə qarşı çıxmaqla yanaşı, ABŞ-ın rəsmi Kiyevlə iqtisadi sahədə saziş imzalamasına da etiraz etmişdi. Və Kreml bütün bunlara paralel olaraq, bütün cəbhə boyu hərbi əməliyyatların intensivləşdirməklə, ABŞ-ın maraqlarını riskə atmağa çalışmışdı.
Təbii ki, Kremlin bu aqressiv davranışları Ağ Evdə qıcıq doğurnuya bilməzdi. Ona görə də, Ağ Ev sahibi Donald Trampın prezident Vladimir Putinə sərt xəbərdarlıq etməsi o qədər də gözlənilməz deyildi. Belə ki, Ağ Ev sahibi rusiyalı həmkarını onu aldatmağa çalışmaqda qınadı və ardınca da Rusiyaya qarşı daha sərt addımların istisna olmadığına eyham vurdu. Və məhz bundan sonra baş verənlər ABŞ-ın Rusiyanı küncə sıxışdırmasına yönəlik addımlar ilə diqqəti çəkdi.
Məsələ ondadır ki, Ağ Ev rəsmi Kiyevlə Ukrayna təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sazişi artıq imzalayıb. Bu, Ukrayna savaşı ətrafında yaranmış vəziyyətin növbəti dəfə Rusiyanın əleyhinə çevrilmə ehtimalını artırır. Çünki Ukrayna böhranının nizamlanması prosesində ABŞ-ın əsas hədəfi məhz bu sənədin imzalanması idi. Rəsmi Kiyev isə bu sənədi imzalamaqla, əslində, ABŞ-dan Ukrayna üçün təhlükəsizlik təminatını qopartmış oldu. Və indi Rusiya bu yeni situasiya qarşısında demək olar ki, çıxılmaz vəziyyətə düşmüş kimi görünür.
Çünki ABŞ Dövlət Departamenti Ağ Evin bundan sonra artıq Ukrayna ilə Rusiya arasındakı danışıqlarda vasitəçi olmayacağını bəyan edib. Tramp adminstrasiyası daha görüşlərdə vasitəçi kimi dünyanın müxtəlif yerlərinə səfərlər etmək niyyətində deyil. İndi problemin həlli savaşan tərəflərin öhdəsinə düşür. Və ABŞ danışıqlara dəstək metodlarını dəyişəcək, Ağ Ev bu qərarı Rusiya prezidenti Vladimir Putinin atəşkəsə razı olmaması səbəbilə qəbul edib.
Maraqlıdır ki, Ağ Evdən ABŞ-ın səbrinin artıq tükəndiyini də vurğulayıblar. Ona görə də, hər iki savaşan tərəfə bundan sonra konkret sülh təklifləri ilə birbaşa təmas qurmağı məsləhət görüblər. Yəni, rəsmi Kiyevdən istədiyini almağa nail olmuş Tramp adminstrasiyası sülh masasından artıq qalxmış kimi görünür. Bundan ilk növbədə Rusiya narahatlıq keçirməli olacaq. Çünki Ağ Evin vasitəçilikdən geri çəkilməsi həm də ABŞ-ın daha çox Rusiyanın maraqlarına cavab verən sülh şərtlərindən imtina etməsi anlamı daşıya bilər. Və Kreml üçün olduqca neqativ reallıqdır.
Məsələ ondadır ki, ABŞ Ukraynanın təbii sərvətlərini müharibə şəraitində istismar edə bilməz. Yəni, Ukrayna savaşının dayandırılması qaçılmazdır. Təbii sərvətlərin istismarı barədə saziş həm də Ukrayna üçün ABŞ-ın dolayısı ilə təhlükəsizlik təminatı verməsi anlamı daşıyır. Üstəlik, Ağ Evin öz qərarını Kreml sahibinin radikal mövqeyi ilə əlaqələndirdiyini nəzərə aldıqda, ABŞ-ın bundan sonra Rusiyaya daha sərt təzyiq göstərməyə çalışacağı qətiyyən istisna deyil. ABŞ Senatında Rusiyaya qarşı daha ağır iqtisadi sanksiyalar paketinin müzakirəyə çıxarılması barədə məlumatlar da bunu təsdiqləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ