İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda dəhşətli partlayışın səbəbi açıqlandı: Yalan bəyan edilib - ən azı 70 ölü, 1000-dən çox yaralı...

İranın Şahid Rəcai limanında baş verən güclü partlayışın səbəbi açıqlanıb. The Washington Post qəzetinin apardığı araşdırmaya görə, kimyəvi maddələrin yanması nəticəsində baş verən partlayış azı 70 nəfərin ölümünə, 1000-dən çox insanın isə yaralanmasına səbəb olub. Hadisə təxminən bir həftə əvvəl qeydə alınıb və ciddi dağıntılarla müşayiət olunub.

Musavat.com xəbər verir ki, araşdırmada bildirilir ki, kimyəvi yanğın limanda yerləşən yük konteynerində başlayıb. Qəzet hadisənin gedişatını video materiallar və peyk görüntüləri əsasında yenidən quraraq rekonstruksiya edib.

İran parlamentinin Səhiyyə və Tibb Komissiyasının üzvü, deputat Məhəmməd Camalyan bəyan edib ki, kimyəvi maddə idxal edən şirkət yüklərin təhlükəli olmadığını qeyd etmiş və bu da faciəyə yol açıb:

“Yükdaşıyan sürücü maddənin təhlükəsiz olduğunu düşündüyü üçün torbaları ehtiyatsız şəkildə yerindən tərpədib. Bu isə qığılcım yaradaraq partlayışa səbəb olub. Hadisə yerində olan zərərçəkənlər də eyni məlumatı veriblər”.

Mütəxəssislər: Nitrat və perxlorat maddələri ehtimal olunur

The Washington Postun xahişi ilə dörd partlayıcı maddələr üzrə mütəxəssis hadisənin görüntülərini təhlil edib. Onlar partlayışın çox güman ki, güclü kimyəvi reaksiya nəticəsində baş verdiyini bildiriblər.

Mütəxəssislərin sözlərinə görə, tüstünün rəngi ərazidə nitrat tərkibli və ya perxlorat əsaslı maddələrin olduğunu göstərir. Bu maddələr raket yanacağı kimi istifadə olunsa da, eyni zamanda məişətdə gübrə kimi tətbiq edilir. Xüsusilə quru, sıx və isti mühitdə (məsələn, yük konteynerlərində) bu maddələr çox tez alovlanır və partlayır.

@@TVmusavat/114345@@

Qurbanların kimliyi müəyyənləşdirilir

Hadisə nəticəsində çoxsaylı insan həyatını itirib, bir çox meyit hələ də tanınmayıb. Bu səbəbdən rəsmi qurumlar DNT testlərinə başlayıblar. Araşdırma və şəxsiyyət müəyyənləşdirmə prosesi davam edir.

Hazırda İran cəmiyyətində hadisə ilə bağlı güclü ictimai narazılıq müşahidə olunur. Hadisəyə səbəb olan sahibkar məsuliyyətsizliyi, gömrük və təhlükəsizlik nəzarətinin zəifliyi geniş şəkildə tənqid edilir.

Musavat.com Şahid Rəcai limanında baş verən partlayışla bağlı istintaq və beynəlxalq reaksiyaları izləyir, yeni məlumatları təqdim edəcək.

Mənbə: https://www.washingtonpost.com/investigations/2025/05/02/iran-explosion-port-bandar-abbas/


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

BÜTÜN XƏBƏRLƏR