Onlayn ictimai-siyasi qəzet
3 may 2025-ci il tarixində İsveçin paytaxtı Stokholm şəhərində Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.
Musavat.com xəbər verir ki, əlamətdar toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Komitə əməkdaşları və Norveç, Danimarka, Finlandiya və İsveçdən gəlmiş 150 nəfərə yaxın soydaşımız iştirak edib.
Toplantının əsas hissəsində Koordinasiya Şurasının yeni rəhbərliyinin seçilməsi üçün səsvermə keçirilib. Nəticələrə əsasən, İsveçdə fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova və Ayda Əmir Haşimi qurumun yeni həmsədrləri elan olunublar.
Tədbirin sonunda diaspor sahəsindəki xidmətləri ilə fərqlənən bir sıra şəxslər Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətinə görə” medalı ilə təltif olunublar. Mükafat alanlar arasında Ülviyyə Nəcəfova, “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbili və ana dili müəllimi Sevinc Nəymətova yer alıblar.
Bu görüş, Skandinaviya regionunda yaşayan azərbaycanlıların həmrəyliyini və diaspor təşkilatlanmasını gücləndirən önəmli bir addım kimi qiymətləndirilir.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ