İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda jurnalistlərin üç böyük günahı - Roma Papası açıqladı

Aqil Abbas və Qulu Məhərrəmlidən ilginc reaksiyalar

Roma Papası Fransisk İtaliya Jurnalistika Mükafatının (E Giornalismo) verilməsi mərasimində maraqlı açıqlamaları ilə diqqət çəkib. O bildirib ki, jurnalistlərin əsas günahları dezinformasiya, böhtan və qalmaqalları sevmələridir. Fransisk dezinformasiyanı jurnalistikanın birinci günahı hesab etdiyini deyib. Sonra isə böhtan və qalmaqalları göstərib.  O, qalmaqallı mövzularda yazanları “kirə olan sevgi” adlandırıb.

Papa ictimai rəyi manipulyasiya etmək üçün saxta xəbərlərin yayılmasından da narahat olduğunu bildirib.

Xatırladaq ki, Roma Papası Fransiskin bu məsələ ilə bağlı jurnalistləri tənqid etməsi ilk dəfə deyil. Bir neçə il öncə də Fransisk yalan və böhtan xəbərlər hazırlayan, yayan jurnalistləri sərt tənqid edərək “saxta xəbərlər yayanlar nəcis yemə xəstəliyinə tutulublar” kimi ifadələr səsləndirmişdi. Papa özü haqqında da mətbuatda böhtan dolu xəbərlər yazıldığını söyləyərək, bu peşənin düşdüyü vəziyyətin onu narahat etdiyini bildirmişdi: “Yalan və böhtan xəbər nəcis kimidir. Onu qəsdən hazırlayıb yayan da nəcis yemə xəstəliyinə tutulub. Saxta xəbərlər cəmiyyətə vurulan ən böyük və sağalmaz zərbədir”.

Bəs Azərbaycanda Roma Papasının açıqlamasına reaksiya necədir? Qalmaqallı materiallara görə jurnalistləri qınamaq nə dərəcədə doğrudur?

Aqil Abbas Gədəbəyin icra başçısını sərt tənqid etdi: "FETÖ at oynadır"

Aqil Abbas

 “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Roma Papasının fikirləri ilə razılaşıram, amma onun özündən xoşum gəlmir. O, Roma deyil, xristianların papasıdır və bizə də mövqeyi normal deyil. Amma bir daha qeyd edirəm ki, fikirləri doğrudur, dezinformasiya baş alıb gedir. Heç kim də buna əncam çəkmir və yaxud çəkə bilmir, mətbuata nəzarət yoxdur. Əgər onu yayanların bir-ikisini məhkəməyə versələr, belə olmaz, digərləri də ondan ibrət dərsi götürər, özlərini yığışdırarlar. Sosial şəbəkələrə isə ümumiyyətlə, nəzarət etmək mümkün deyil, bir adamın bir neçə profili var, bilinmir kimdir və yaxud xaricdə oturub.

Dezinformasiya bütün dünyada var. Məsələn, hazırda Rusiya-Ukrayna müharibəsi getdiyi dövrdə gündə nə qədər yalan informasiyalar yayılır. Rusiya tərəfi dezinformasiya yayır ki, guya Ukraynanı tamamilə “götürüb”, Ukrayna tərəfi də yalan məlumat yayır ki, guya torpaqlarını azad ediblər. Yəni müharibələr zamanı dezinformasiyalar çox olur.

Xatırladım ki, Əfqanıstan hadisələri zamanı Amerika yanlış məlumat yaymağı qadağan etmişdi, məlumat yalnız bir əldən yayıla bilərdi. Hansısa Hollivud aktyoru bu qaydanı pozmuşdu və buna görə onu cəzalandırmışdılar. Yəni xüsusən müharibə vaxtı dezinformasiya yayılması daha dəhşətli, ağırdır. İndi görünür ki, Roma Papası haqqında da nələrisə yazıblar, bu da onun xətrinə dəyib və bu fikirləri səsləndirib. Amma dediklərində həqiqət var.  O ki qaldı qalmaqala görə jurnalisti günahlandırmağa, bu, yolverilməzdir, çünki jurnalist daim qalmaqallı material axtarır, reytinq, oxunma sayının çox olmasını istəyir. Ona görə də qalmaqallı hadisə varsa, təbii ki, jurnalist onu yazmalıdır. Amma bu qalmaqallı material dezinformasiya olmamalıdır.  Mənim 7-8 müxbirim var, onlara nə qədər deyirəm ki, qalmaqallı material tapın, amma tapa bilmirlər. Belə görünür ki, axırda məcbur qalıb, özüm qalmaqallı material yazacağam. Amma bir məsələ də var, bəzən jurnalistlər təhrif edirlər. Yəni deyilən sözü təhrif edib, şəxsin demədiyi sözü yazır, yayırlar, xüsusən də siyasətçilərin adından. Məsələn, bu yaxınlarda deputat  Tahir Kərimlinin adından  demədiyi sözü yaydılar. Çörək götürüb, Qurana and içdi ki, mən deməmişəm, xeyri olmadı, artıq informasiya yayılmışdı. Və yaxud Rasim Balayev və digərləri haqqında da yalan açıqlamalar yayılmışdı".

Mediada çalışanların çoxu Azərbaycan dilini yaxşı bilmir”- Qulu Məhərrəmli

Qulu Məhərrəmli

 Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli isə mövzuya bu cür şərh bildirdi: “Əlbəttə, böhtan, dezinformasiya məsələləri ilə bağlı Roma Papasını müəyyən qədər başa düşmək olar. Çünki hazırda müasir dünya mətbuatında iki anlayış var: keyfiyyətli və keyfiyyətsiz media. Həmin dezinformasiya, sensasiya, "sarı mətbuat"a xas olan vəziyyətlər bu gün hamısı  keyfiyyətsiz mediada özünü  göstərir. Yəni qəzetlər xüsusən də keyfiyyəti ilə fərqlənməyəndə, media qurumları ciddi materiallar, təhlillər  verə bilməyəndə asan yollar seçir, cürbəcür şayiələr, böhtanlar  yaymağa başlayır ki, bu da kəmiyyət  baxımından çox olduğundan mətbuatda bir dalğa yaradır.

Təəssüf ki, bu gün istər bizim cəmiyyətdə, istərsə də Avropa cəmiyyətində bu cür keyfiyyətsiz media qurumlarının sayı artıb. Avropada ciddi dairələrin oxuduğu və məlumatlarını əsas götürdüyü yalnız bir neçə media qurumları var. Həmin media qurumları şayiələrdən uzaqdır, məlumatları dəqiqləşdirmədən vermir, ona görə də ciddi  diplomatik dairələr daha çox bu media qurumlarını izləyir".

Qulu Məhərrəmli qeyd edib ki, son vaxtlar şayiələr, dezinformasiyalar üçün çox ciddi mənbə meydana çıxıb ki, bu da sosial şəbəkələrdir: “Bəzən qəzetlər, hətta televiziyalar həmin  məlumatları dəqiqləşdirmədən yayır ki, bu da müəyyən narazılıq doğurur. Lakin o da məlumdur ki, informasiya cəmiyyətində heç nə gizli qalmır.  Bu baxımdan, bütün qurumlar, o cümlədən dövlət qurumları, özəl şirkətlər və sairə media ilə ciddi şəkildə çalışır, əksəriyyətində piar strukturları, ictimaiyyətlə əlaqələr, mətbuat xidmətləri var. Ona görə də ortaya bir məlumat çıxan kimi dərhal məsələyə aydınlıq gətirilir.

Mətbuatın öz prinsipləri var, yəni hansı məlumatlar onlar üçün önəmlidir, ictimai əhəmiyyətlidir, cəmiyyət üçün gərəklidir, faydalıdır, maraqlıdırsa, onları yayır. Amma bilməliyik ki, biz cəmiyyəti doğrudan da məlumatlandırmaq istəyirik, yoxsa yalançı məlumatlarla reytinq, toplamaq, reklama sahib olmağa çalışırıq.

O ki qaldı Roma Papası və onun rəhbərlik etdiyi qurumla bağlı yayılan məlumatlara, bəli, onlar barədə çox sayda məlumatlar yayılır, həmin qurumun nüfuzunu  ləkələyən cürbəcür məlumatlar ortaya çıxır, amma bunların bir çoxu da doğru çıxır. Məsələn, “Euronews” neçə vaxtdır ki, onların tədris müəssisələrində baş verən zorlama hadisələri, rahiblərin davranışları ilə bağlı ciddi məlumatlar, reportajlar, silsilə verilişlər verir. Bu baxımdan, burada şayiə ilə gerçək, doğru ilə yalan arasında sərhədləri dəqiq müəyyənləşdirməliyik. Yəni keyfiyyətli jurnalistikanı inkişaf etdirməliyik. Xəbərlərə verilən standartları qorumaq və  xəbər parametrlərinə həmişə əməl etmək lazımdır".

Xalidə GƏRAY
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR