İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan, Türkiyə və Ermənistan bir siyasi platformada - yeni qurum yaradılır

Bu həftə Avropa Siyasi Birliyi “damı altında” yeni qeyri-rəsmi qurumun təsis edilməsi gözlənilir; deputat: “Rusiya özünə qarşı təhdid görəcəksə, təzyiq göstərməyə çalışacaq”

Bu həftə - oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi adlı yeni qeyri-rəsmi qurumun təsis edilməsi gözlənilir. Əslində aylar öncə belə bir ideyanın təşəbbüskarı qismində Fransa prezidenti Emmanuel Makron çıxış etmişdi. Hərgah ideyanın əsl müəllifi Böyük Britaniyanın keçmiş baş naziri Boris Consondur.

Ardınca Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti və Makronun yaxın siyasi silahdaşı Şarl Mişel ideyanı inkişaf etdirərək, yeni struktura Aİ üzvü olmayan bir sıra ölkələrin daxil edilməsini təklif edib. Bunlar - Aİ-yə sürətli üzvlüyü alınmayan Ukrayna, həmçinin Türkiyə, Böyük Britaniya, Azərbaycan, İsrail, Gürcüstan, Ermənistan və Moldovadır. Qurumda Aİ üzvü Polşa da olacaq.

İdeyaya əsasən, Avropa Siyasi Birliyi qeyri-rəsmi birlik olaraq, Avropa siyasəti və təhlükəsizliyi, Avropa iqtisadiyyatı və infrastrukturu ilə bağlı məsləhətverici (konsultativ) orqan olacaq. Onun yaradılması Aİ-nin oktyabrın 6-da Praqada keçiriləcək sammiti ilə eyni vaxta planlaşdırılır. Lakin Avropa İttifaqı yeni strukturun işinə qarışmayacaq. Başqa bir məlumata görə, Praqada Avropa Siyasi Birliyinin təsis sammitinə gələcək Türkiyə və Ermənistan liderləri - Rəcəb Tayyib Ərdoğan və Nikol Paşinyan arasında danışıqlar aparılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin də tədbirdə iştirakı gözlənilir. Aİ administrasiyası Avropa Siyasi Birliyinə “qoca qitə”dəki ölkələrin siyasi koordinasiyası üçün platforma yaratmağı hədəfləyir. Siyasi dialoqu və əməkdaşlığı gücləndirməklə ümumi maraqları həll etmək, bununla da Avropada təhlükəsizliyi, sabitliyi və rifahı artırmaq məqsədi daşıyır. Aİ-yə alternativ olmayacağı və yeni beynəlxalq təşkilata çevrilməyəcəyi vurğulanan Avropa Siyasi Birliyinin liderlər səviyyəsində ildə bir və ya iki dəfə toplantı keçirməsi istənilir.

Analitiklərin fikrincə, Avropa İttifaqının müxtəlif “qonşuluq siyasəti” strategiyalarına rəğmən ittifaqdan kənarda qalmış, bəzi hallarda ittifaqdakı üzvlük məsələləri qeyri-müəyyən görünən Balkan, Şərqi Avropa və Cənubi Qafqaz ölkələrini bir platformada birləşdirmək, xüsusilə indiki dövrdə onlarla ümum-Avropa məsələlərini, ilk növbədə təhlükəsilik məsələlərini müzakirə etmək ehtiyacı ortaya çıxıb. Avropa Siyasi Birliyinin  ilk toplantısında iştirak Azərbaycan üçün hazırda olduqca vacibdir. Azərbaycan Avropa institutlarına tammiqyaslı inteqrasiyası yolunu rədd etdiyi üçün uzun müddət Aİ ilə münasibətləri sırf bürokratik kanallar çərçivəsində qururdu. Nəticədə Avropa cəmiyyətlərində və siyasi çevrələrdə Azərbaycan barədə məlumatlılıq aşağı səviyyədə qalıb, bu isə Azərbaycan üçün bir sıra məsələlərdə informasiya müstəvisində çətinliklər yaradıb. Bəs Azərbaycan və Türkiyənin Ermənistanla birgə təmsil olunacağı yeni qurum konkret olaraq nə verəcək? Bunun bizim üçün perspektivi nədən ibarətdir?

Razi Nurullayev Prezidentə yazdığı təbrikdən danışdı: “Mexaniki olaraq səhv  yazmışam” - FOTO | KONKRET

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa Siyasi Birliyinin yaradılması ideyası Ukraynanın Aİ-yə üzvlüklə bağlı müraciətindən sonra Fransadan gələn təklifdir: “Ukraynadan sonra Moldova oxşar müraciəti ünvanlayıb. Rusiya təhlükəsinə görə Avropa bu ölkələri ağuşuna almaq istəyindədir, amma bunun mexanizmini hesablayır. Avropa İttifaqına üzvlük prosedurlarına cavab vermək isə çox çətindir. Yəni Ukrayna, Moldova, Gürcüstan buna cavab vermirdi. Amma Avropa Siyasi Birliyində şərtlər olmayacaq, görünür, hədəf ölkələrin qanunvericiliyini, idarəetməsini Avropaya uyğunlaşdırmaq məqsədi daşıyır, onları qorumaq üçün koordinasiya etmək planından qaynaqlanır. Həmçinin iqtisadi, siyasi və humanitar yardımların edilməsi nəzərdə tutulur. Avropa Siyasi Birliyi yaradılması ona xidmət edəcək ki, müəyyən hərbi birləşmələr yarana bilər. Çünki Avropa İttifaqı siyasi qurumdur. Azərbaycanın dəvət olunması isə xeyrimizədir, düşmənlərə də bir mesajdır. Hər halda, birliyin hədəfləri açıqlanacaq”. R.Nurullayevin sözlərinə görə, bu birlikdə Rusiya özünə qarşı təhdid görəcəksə, o zaman Moskvanın münasibəti mənfi olacaq, üzv ölkələrə təzyiq göstərməyə çalışacaq: “Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir. Kreml bu dövlətlərə təzyiq etmək imkanlarını hələ də özündə saxlayır. Eyni zamanda Rusiyanın yaratdığı təşkilatlara marağın azalması fonunda bu cür birliklər meydana çıxır. İstər KTMT, istər Avrasiya İqtisadi Birliyi olsun, istərsə Gömrük İttifaqı - bütün bunlar qarşıya qoyulan məqsədləri yerinə yetirə bilmir, Rusiyanın qonşularına təcavüzü, qonşularla hədə dilində danışması bu dövlətləri narahat edir, o baxımdan onun dostları azalır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR