Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyanın Moskva şəhərində işgüzar səfərdədir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, yüksək səviyyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
İclasa Ermənistan XİN başçısı Ararat Mirzoyan da qatılıb.
MDB-nin rəsmi məlumatına görə, nazirlər bu gün, oktyabrın 7-də beynəlxalq gündəliyin aktual problemləri və MDB formatında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
24 sentyabr 1993-cü ildə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilib.
Azərbaycan MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə əməkdaşlıq həyata keçirir.
Azərbaycan hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.
Tədbir Azərbaycanda keçiriləcək COP29 ərəfəsinə təsadüf edib.
Azərbaycanın irəli sürdüyü təşəbbüslərdən biri də Olimpiya Oyunlarında olduğu kimi, Qlobal Sülh təşəbbüsüdür. Bu qlobal çağırış həmçinin regionda yaranmış mövcud reallığı əks etdirir. Belə ki, 30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv danışıqlar nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi mümkün olub.
Həm Azərbaycan, həm Ermənistan hər zaman olduğundan sülhə daha yaxın olduqlarını etiraf edib. İki ölkə arasında sərhədlərin müəyyən bir hissəsinin artıq demarkasiyası faktiki olaraq sülhün müjdəsidir. Bütün bunlar ona görə mümkün olub ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü bərpa edib.
Belə olan halda MDB Xarici İşlər Nazirləri Şurasının iclasında nazir Ceyhun Bayramovla Ermənistanın XİN başçısı Ararat Mirzoyanın görüşü baş tuta bilərmi?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a bildirib ki, MDB çərçivəsində hər hansı görüşün və ya danışıqların nəticə verəcəyinə inanmır:
“Çünki MBD-nin bütün strukturlarında “rus barmağı” var. “Rus barmağı” olan yerdə isə sülhdən danışmağa dəyməz”.
Rusiyanın Qarabağ probleminin həllində maraqlı olmadığını bildirən Heydər Oğuzun fikrincə, 44 günlük müharibədən sonra Moskvanın vasitəçilik missiyasını öz öhdəsinə götürməsi prosesi ən azı 3 il uzatdı:
“Biz dəfələrlə gördük ki, Rusiya Qarabağ ermənilərini silahlandırmaq niyyətindən əl çəkmədi, nəticədə ermənilərin “mina terroru” yüzlərlə oğullarımızın şəhadəti ilə nəticələndi. Müharibədən əvvəl və müharibə sırasında biz Rusiyanı ancaq erməniləri silahlandırmaqla məşğul olduğunu gördük. Hətta 1 günlük anti-terror əməliyyatında rus zabitləri Azərbaycan ordusunun qarşısını almağa çalışarkən layiq olduqları aqibəti yaşadılar. İndinin özündə belə, başı Ukraynaya qarışmasına baxmayaraq, Rusiya bütün cəhdlərlə danışıqlar prosesinin qarşısını almağa çalışır. Onun bu səylərinin heç bir nəticə verməməsi xoş niyyətindən irəli gəlmir. Türkiyənin himnini yazan Məhmət Akif Ərsoyun təbiri ilə desək, Rusiya artıq “tək dişi qalmış cavanar”a bənzəyir. Bizim isə “dişsiz vasitəçi”lərlə vaxt keçirmək lüksümüz olmamalıdır”.
Həmsöhbətimizin fikrincə, istənilən beynəlxalq münaqişə çox vasitəçilərlə müsbət nəticə vermir:
“Hər vasitəçi öz maraqlarını ortaya atır və adətən bu maraqlar bir-birilə toqquşur. Nəticədə danışıqlar alınmır və proses uzanır. Azərbaycanla Ermənistan indiyədək nə əldə edibsə, vasitəçilərsiz edib. Həm İrəvan, həm də Bakı dəfələrlə etiraf ediblər ki, sərhədlərin müəyyən bir hissəsinin demarkasiyası artıq öz həllini tapıb və bu, faktiki olaraq sülhün müjdəsidir. Sirr deyil ki, sərhədlərimizin demarkasiyası vasitəçilərsiz əldə olunan nəticədir. Əgər oraya Rusiya daxil olsaydı, gündə bir tarixi xəritə çıxarıb aramıza mübahisə salardı. Hesab edirəm ki, harda görüşməklərindən asılı olmayaraq, Azərbaycanla Ermənistan rəsmiləri baş-başa müzakirə aparmalı və iki tərəf arasındakı problemi özləri yoluna qoymalıdır”.
Heydər Oğuz MDB sammitlərinin sülh danışıqları üçün effektiv olmadığını düşünür. Onun fikrincə, ən yaxşı yer Azərbaycanla Ermənistan sərhədlərinin demarkasiya edilmiş hissəsidir:
“Öz evimizdə öz problemimizi həll etməyi bacarmalıyıq. Sözsüz ki, bu sözlər daha çox ermənilərə aiddir. Məhz onlar istər 44 günlük müharibə zamanı, istərsə də sonra havadarlarının yanına qaçmaqla məşğul idilər. Amma yaşadıqları ard-arda məğlubiyyətlər sübut etdi ki, bu kimi məsələlər himayədarların köməkliyi ilə həll olunmur. Düşünürəm ki, üzləşdikləri bu qədərdən dərs çıxarıb Azərbaycanla tetatet danışıqlara başlamaq cürətini özlərində tapmalıdırlar”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ