Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla İtaliya arasında əlaqələrin tarixi uzundur. Bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mühiti formalaşır və daim inkişafdadır. Bu əlaqələr bütün sahələri əhatə edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya 2020-ci ildən bəri üçüncü səfəri gerçəkləşir. Bu da onu göstərir ki, İtaliya ilə Azərbaycan çox yaxın tərəfdaşlardır. İtaliyaya son səfərində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək səviyyədə qarşılanması, keçirilən görüşlər, imzalanan sənədlərin mübadiləsi bunu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün çox önəmli, o cümlədən etibarlı və etimad göstəriləsi ölkədir. İtaliya prezidentinin də dediyi kimi, Azərbaycan bu gün Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyində çox önəmli mövqe tutur”.
Bunu Musavat.com-a açıqlamasında SƏS Media Qrupunun rəhbəri, siyasi araşdırmaçı Bəhruz Quliyev deyib.
O qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır:
“Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 16 milyarddan çox olub. Burada enerji sektorunun payı daha çoxdur. Bu da onu göstərir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Orta Dəhliz vasitəsilə 7-si Avropa İttinfaqının üzvü olan 10 “qoca qitə” ölkəsinin Azərbaycandan təbii qaz tədarük etməsi səbəbdən Avropa Komissiyası Azərbaycanı etibarlı qaz təchizatçısı və tərəfdaşı adlandırır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edərkən də deyib.
Dövlətimizin başçısı bütün dünyada ölkələrin ərazi bütövlüyü və suverenliyinin bərpasının başlıca amil olduğuna işarə vuraraq qeyd edib ki, otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri Ermənistanın işğalı altında idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin olmasına baxmayaraq, Ermənistan işğalçı siyasətini davam edirirdi. ATƏT-in təsis etdiyi xüsusi qrup da 28 il ərzində sıfır nəticə göstərdi. İlham Əliyev Cənubi Qafqazda sülh formulunun Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında olduğunu bildirməklə ölkəmizin regional və dünya siyasətində mövqeyini bir daha diqqətə çatdırıb”.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ