İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli torpaq sürüşməsi: 4 nəfərlik ailə avtomobildə torpaq altında qaldı, ata və qızı öldü - ANBAAN VİDEO

Türkiyənin Samsun şəhərinin Canik rayonunda baş verən torpaq sürüşməsi faciəyə səbəb olub.

Musavat.com xəbər verir ki, dağlıq ərazidən qopan iri qaya parçaları bir yanacaqdoldurma məntəqəsinin avtoyuma sahəsində olan avtomobilin üzərinə düşüb. TRT Haber-in yayımladığı təhlükəsizlik kamerası görüntülərində sürüşmənin qəfil baş verdiyi və avtomobilin daş kütlələri altında qaldığı dəqiq əks olunur.

Avtomobildə olan 4 nəfərlik Kaya ailəsinin üzvlərindən ata – 35 yaşlı Adem Kaya, 7 yaşlı qızı Ayla Kaya və 5 yaşlı Açelya Lina Kaya hadisə yerində dünyasını dəyişib. Ana – 31 yaşlı Çiğdem Kaya isə ağır yaralı halda xəstəxanaya çatdırılıb. Həkimlər onun əməliyyat olunduğunu və müalicəsinin davam etdiyini bildiriblər.

Hadisə vaxtı ailə avtomobillərini yudurduqları vaxtda torpaq sürüşməsi baş verib. Faciədən dərhal sonra hadisə yerinə fövqəladə yardım və xilasetmə qrupları cəlb olunub, lakin yalnız ananı xilas etmək mümkün olub.

Samsun Prokurorluğu baş verənlərlə bağlı istintaq başladıb. Hadisənin baş verdiyi obyektin məsul müdiri K.Y. və obyekt sahibi M.Z.G. saxlanılıb. M.Z.G. barəsində həbs qərarı verilib, K.Y. isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Həlak olan ailə üzvləri Samsunun Terme rayonunun Akçaykaracalı kəndində dəfn edilib. Vida mərasimində Samsun valisi Orhan Tavlı və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Hadisənin baş verdiyi ərazi təhlükəli elan olunub, ətrafdakı binaların müvəqqəti boşaldılmasına qərar verilib. Mütəxəssislər bölgədə geoloji qiymətləndirmə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün işlərə başlayıblar.

TRT Haber torpaq sürüşməsi anını əks etdirən videonu yayımlayıb. Sosial mediada geniş yayılan bu görüntülərdə qaya parçasının avtomobilin üzərinə düşdüyü an dəqiq şəkildə görünür.

Musavat.com həmin görüntüləri öz oxucuları üçün təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR