İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkərli diabet xəstəsindən şikayət: “Dərmanlarımı vermirlər” - FOTO

Musavat.com-a Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan vətəndaş Məmmədova Ülviyyə Saday qızından şikayət məktubu daxil olub.

O bildirir ki, uzun illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəksə də, dövlət tərəfindən pulsuz verilməsi nəzərdə tutulan dərmanları ala bilmir:

“20 ildir şəkərli diabet xəstəsiyəm. 8 ilə yaxındır ki, 7 saylı Maştağa poliklinikasından insulin dərmanları alıram. Hazırda vəziyyətim ağırdır – baş barmağımın ətrafı amputasiya olunub, 4-5 barmağım və pəncəmin yarısı yoxdur. Demək olar ki, hərəkət edə bilmirəm. Artıq 10 ilə yaxındır ki, ömürlük pensiya alıram. Əvvəllər mənə ayda 4 flakon insulin verilirdi: iki “Insulatard”, iki “Actrapid”. Sonradan isə bu miqdar azaldıldı və hərəsindən cəmi bir flakon verilməyə başlandı. Dedilər ki, dövlət yalnız bu qədər verir”.

Şikayətçi qeyd edir ki, ona şəkərli diabetin II tipi diaqnozu qoyulub və həkimlər vəziyyətinin ciddi olduğunu təsdiqləsə də, dərman təminatında dəyişiklik edilmir:

“Deyirlər ki, Nazirlər Kabinetinin qərarına əsasən, 40 vahiddən artıq insulin verilə bilməz. Halbuki mən gündəlik 85-90 vahid insulin vururam. Bu qədər yüksək dozanı qəbul edən biri birdən-birə 40 vahidə necə endirə bilər? Bu, mənim üçün həyati təhlükə deməkdir, ayağım tamamilə kəsilə bilər. Aprel ayında heç dərman verilmədi, gələn ay da ala bilməyəcəyim bildirilib. Bu isə mənim üçün ölüm hökmü kimidir. Axı mən dərmandan asılı adamam”.

Ülviyyə Məmmədova onu da qeyd edir ki, maddi imkanı çox məhduddur: “Ayda 220 manat sosial yardım alıram. Özəl klinikada müalicə alıram, çünki dövlət xəstəxanasında məni o hala saldılar ki, Sabunçu xəstəxanasının adını eşidəndə əlim-ayağım əsir. Həkim mənə deyir ki, gəzmək olmaz, amma dərmanı almaq üçün xəstəxanaya gedib-gəlməyə məcburam. Taksi xərclərini qarşılamaq da çətindir”.

Sonda vətəndaş aidiyyəti qurumlardan kömək istəyib: “Mənə başqa heç nə lazım deyil. Sadəcə, dərmanlarımı versinlər”.

Qeyd edək ki, məsələ ilə bağlı TƏBİB-ə müraciət etdik, qurumdan araşdırılacağı bildirildi.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR