Onlayn ictimai-siyasi qəzet
İnformasiya Texnologiyaları İnstitutunda son 20 il ərzində süni intellekt, təbii dilin emalı, kiberfiziki sistemlər, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası, intellektual e-dövlətin formalaşdırılması, əşyaların interneti, bulud texnologiyaları və s. istiqamətlər üzrə aparılan tədqiqatlar dünyanın aparıcı elm mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2020-ci ildən başlayaraq artıq dördüncü ildir İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev və şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev ABŞ-ın Stenford Universitetinin hazırladığı dünyanın süni intellekt üzrə ən nüfuzlu alimlərinin reytinq siyahısına seçilirlər.
Bu barədə Musavat.com-a İnformasiya Texnologiyaları İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, elmin müxtəlif istiqamətləri üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısı 2019-cu ildən başlayaraq hər il “Scopus” bazasının məlumatları əsasında Stenford Universiteti tərəfindən hazırlanır. Bu reytinq siyahısı məqalələrin və istinadların sayı, alimlərin Hirş indeksi və bir çox digər elmmetrik meyarları özündə birləşdirən kompozit göstərici əsasında hazırlanır. Bu kompozit göstəriciyə görə hər bir elm sahəsi üzrə alimlərin reytinq siyahısı hazırlanır, sonra bu siyahının ilk 2 faizinə daxil olan alimlər seçilirlər.
2020-2022-ci illərdə süni intellekt elm sahəsi üzrə Azərbaycanı bu reytinq siyahısında akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev təmsil edib. Sevindirici haldır ki, bu alimlər 2023-cü ildə də süni intellekt sahəsi üzrə dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısına seçiliblər. Xüsusilə vurğulamaq lazımdır ki, cari ildə akademik Rasim Əliquliyev və AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev dünyada süni intellekt üzrə tədqiqatlar aparan və məqalələri “Scopus” bazasında indeksləşən 356955 alimin sırasından seçiliblər. Digər maraqlı fakt ondan ibarətdir ki, bu illər ərzində Stenford Universitetinin reytinq siyahısına süni intellekt üzrə Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan alimlərinin adları daxil edilib.
Qeyd etmək lazımdır ki, ölkəmizdən müxtəlif elm sahələri üzrə bu reytinq siyahısına 2020-ci ildə - 2, 2021-ci ildə - 8, 2022-ci ildə - 14, 2023-cü ildə - 13 alimin adı daxil edilib.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ