İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə CAVAB VERDİ

Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2 oktyabr tarixli iclası zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız və qəbuledilməzdir.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Q.Landsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Bildirilib ki, Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalana dirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilə dialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlər nazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundan imtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər parlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermiş məlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarla dialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlı olduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası Nazirlər Komitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-da hüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.

AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə də ərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonra qərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir.

Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri barədə məsələyə səs verdiklərinə görə Avropa Şurası Parlament Assambleyası deputatlarının Azərbaycana girişinə qoyulan qadağa ilə bağlı fikirlərə gəldikdə qeyd edək ki, bu qərar Azərbaycan Respublikasının qanunvericiliyi əsasında suveren hüququmuz çərçivəsində atılıb və bu tədbir bir çox ölkələrin, o cümlədən Avropa Şurası üzv dövlətlərinin mövcud təcrübəsinə uyğundur. Azərbaycan nümayəndələrini AŞPA-da görmək istəməyən parlament üzvlərini Azərbaycanda görmək kimi bir niyyətimiz və öhdəliyimiz yoxdur.

Nazir Landsberqisin AŞPA-nın tribunasından istifadə edərək Azərbaycanda insan hüquqları ilə bağlı səsləndirdiyi əsassız fikirləri də qətiyyətlə qınayırıq. Azərbaycanda milli qanunvericiliyə və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq bütün əsas hüquq və azadlıqlara tam hörmət edilir. Əsaslı sübutlar əsasında başlanmış və qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan təhqiqatları “ifadə azadlığını məhdudlaşdıran sanksiyalar” kimi qələmə vermək tamamilə yanlışdır.

Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə Ermənistana köçmüş ermənilərin hüquqlarının Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində qorunduğuna, onların geri qayıdış hüquqlarına hörmət edilməsinin vacib olduğuna istinad edən Litva naziri nədənsə Ermənistan ərazisindən qovulmuş 300 mindən çox azərbaycanlının hüquqları barədə danışmır.

Bu kimi qərəzli mövqedən çıxış etmək əvəzinə, Litva nazirinin öz fəaliyyətinə diqqət yetirməsi, həmçinin Azərbaycanla dialoq və əməkdaşlığın bərpası üçün zəruri addımlar atmağa AŞPA-ya çağırış etməsi daha yaxşı olardı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR