İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqının “burunsoxma” siyasəti - Azərbaycandan nə istəyirlər?

Deputat: “Bu tip bəyanat, hesabat və yaxud qərəzli çağırışlarla regionda nəyəsə nail ola, hansısa konfiqurasiyanı dəyişə bilməzlər”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb.

Bu barədə XİN rəsmisi Xdə yazıb.

“Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq”, - o qeyd edib.

COP29 yaxınlaşdıqca parlament seçkilərindən bir bəhanə kimi istifadə edən Avropa və Qərb təsisatlarının Azərbaycana qarşı kampaniyası getdikcə güclənir. Aİ-nin daxili işlərə qarışmaq siyasətinin alt qatlarında nələr var?

Bəhruz Məhərrəmov: Prezident yeni dövr üzrə prioritetlərimizi müəyyən etdi

Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov 1 sentyabrda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Qərb təsisatlarının hərəkətə keçdiyini qeyd etdi: “Bu il fevralın 14-də möhtərəm Prezident inauqurasiya mərasimində açıq şəkildə bəyan etmişdi ki, "Vətən müharibəsi ilə biz elə daşları yerindən tərpətmişik ki, bizdən çətin əl çəkərlər". Ötən dövr ərzində ayrı-ayrı beynəlxalq subyektlərin Azərbaycana münasibətdə qərəzli yanaşmaları, habelə müxtəlif qlobal platformaların Azərbaycan əleyhinə plasdarma çevrilməsi möhtərəm Prezidentin öz fikirlərində nə qədər haqlı olduğunu bir daha ortaya qoydu. Lakin iqtisadi və siyasi müstəqilliyi, habelə Azərbaycanın Vətən müharibəsi ilə yaratdığı yeni geosiyasi reallıq bizə imkan verdi ki, qeyd olunan istiqamətdə bütün təhdid və təzyiqləri neytrallaşdıraq, bölgədə məhz Azərbaycanın maraq və mənafelərinə uyğun konfiqurasiya formalaşsın. Azərbaycana münasibətdə bütün təsir rıçaqlarından məhrum olan qərəzli beynəlxalq subyektlər, o cümlədən Avropa İttifaqının simasında Qərb imperializminin alətinə çevrilən təşkilatlar yenidən ənənəvi “insan haqları”, “demokratiya” məfhumları ilə pərdələnərək ittihamları yeni mərhələyə daşımağa çalışırlar. Bu mənada 1 sentyabr növbədənkənar parlament seçkiləri qeyd olunan dairələr üçün yeni imkan kimi görünməyə başladı. Bildiyiniz kimi, Avropa İttifaqı və digər əlaqəli təşkilatlar bu prosesdə bir qayda olaraq qlobal miqyasda “beynəlxalq insan haqları təsisatları”, yerli miqyasda isə “vətəndaş cəmiyyəti institutları”nı dövriyyəyə buraxaraq qərəzli hesabatlar sayəsində ölkə ətrafında təzyiq çəmbəri formalaşdırırlar. Lakin Azərbaycan Prezidentinin 2010-cu ildən etibarən ölkədə bu istiqamətdə ciddi nəzarəti bərpa etməsi, qeyri-hökumət təşkilatlarını ayrı-ayrı qlobal dairələrin təsirindən çıxaran müvafiq qanunvericiliyin, habelə milli maraqları vətəndaş cəmiyyəti institutlarının bərqərar olması ilə uzlaşdıran siyasi konfiqurasiyanın bərqərar edilməsi bu gün Qərb subyektlərinin Azərbaycana ənənəvi formada hücumlarına imkan vermir. Gürcüstanda, Ermənistanda, o cümlədən Avropanın mərkəzində, Serbiyada, Macarıstanda seçkilərə açıq şəkildə məhz qeyd olunan formatda müdaxilə edən Avropa İttifaqının Azərbaycanda ənənəvi resursdan məhrum olması təşkilatın baş ofisinin bu prosesdə yükü öz üzərinə götürməsinə gətirib çıxardı. Avropa İttifaqının Azərbaycanda növbədənkənar parlament seçkiləri ilə bağlı cari bəyanatı da məhz bu reallığın inikasıdır və təşkilatın əslində özünün təsis məqsədlərindən nə qədər uzaq düşdüyü və qərəzli imperialist alətə çevrildiyini göstərir. Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin də ifadə etdiyi kimi, Avropa İttifaqı yaxşı olar ki, özünün daxilində müşahidə olunan problemlərə, xüsusən beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin ciddi pozuntularına, habelə cəmiyyətlərdə dağılan dəyərlərə, irqçilik, islamofobiya kimi geniş vüsət almaqda olan elementlərə, habelə Avropa İttifaqının özünün mərkəzində dayanan dövlətlərin hələ də neokolonialist və neoimperialist siyasətlərinə köklənsin və əsas enerjisini bu problemlərlə mübarizəyə yönəldərək qoca qitəni utancdan qurtarsın. Azərbaycan Respublikası suveren, müstəqil dövlətdir, regionda əsas hərbi-siyasi gücdür və Avropa İttifaqı da anlamalıdır ki, bu tip bəyanat, hesabat və yaxud qərəzli çağırışlarla regionda nəyəsə nail ola, hansısa konfiqurasiyanı dəyişə, yaxud Azərbaycanı hər hansı istiqamətdə özünün drektivlərini yerinə yetirməyə məcbur edə bilməz".

Sona Əliyeva: “Dünyanın aparıcı dövlətləri Azərbaycanın təcrübəsini  öyrənməyə həvəsli görünürlər” Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva bu münasibətin Azərbaycanın müstəqil siyasət yürütməsindən qaynaqlandığını bildirdi: “Avropa İttifaqı hər zaman Azərbaycana qarşı qərəzli və ikili strandartlara söykənən bir mövqe sərgiləyib. Səbəbi olduqca sadədir. Çünki Azərbaycan Ermənistan kimi Avropa İttifaqının qucağında deyil və tamamilə müstəqil siyasət yürüdür. Bu da Qərbdəki müəyyən dairələrin qıcığına, qısqanclığına səbəb olur. Avropa İttifaqı hələ də anlaya bilmir ki, Azərbaycan 1990-cı illərin zəif, çəlimsiz, yeni doğulan dövləti deyil, indi Cənubi Qafqazda güclü, qüdrətli bir məmləkət var. Biz bütün qütblərlə bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq. Qərbin istəyi ilə oturub-dursaydıq, indi bizi Gürcüstanla Ermənistanın aqibəti gözləyərdi. Hər iki qonşumuzun iqtisadi və siyasi durumu, Qərbin onları hansı bataqlıqlara sürüklədiyi göz önündədir. Düşünürəm ki, Avropa İttifaqının parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər ənənəvi qarayaxma kampaniyasının tərkib hissəsidir. Yəni bu cür bəyanatlar, çirkin kampaniyalar heç nəyi dəyişməyəcək və bizə qarşı hər hansı bir əks-təsiri yoxdur. Çünki bu cür bəyanatlarla adıçəkilən qurum Azərbaycan xalqının gözündən çoxdan düşüb. Üstəlik, Qərb təşkilatları bu cür bəyanatlarla Azərbaycanı Rusiyadan, eləcə də BRİKS-dən uzaqlaşdırmağa can atır. Amma əbəsdir. Artıq Qərbin Cənubi Qafqaza təsir üçün əvvəlki gücü və nüfuzu qalmayıb”.

Niyameddin.jpeg (48 KB)

Niyaməddin Orduxanlı 

Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı COP29 öncəsi ölkəmizə qarşı bu tipli təzyiqlərin artacağını düşünür: “Avropa İttifaqı heç bir halda Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz. Bu günə kimi Azərbaycan ictimaiyyəti həm Avropa İttifaqından, həm də digər beynəlxalq qurumlardan Azərbaycanla bağlı ədalətli və beynəlxalq hüquqa söykənəcək qərarlar görməyib. Ermənistan tərəfindən 1 milyon insanın ev-eşiyi dağıdılıb, minlərlə insan qətlə yetirilib, kəndlər, qəsəbələr viran qoyulub və Azərbaycanın əlində BMT qətnamələri ola-ola bir dəfə də olsun Azərbaycanın xeyrinə qərar qəbul etməyiblər. Hər zaman Ermənistan haqsız olduğu halda açıq formada müdafiə ediblər. Müxtəlif bəhanələr taparaq Azərbaycanı hədəfə alırlar. COP29 qabağı hər cür təzyiqləri etdirəcəklər. Güclü erməni diasporunun təsiri və erməni lobbiçiliyi Azərbaycana qarşı bu təşkilatların mənfi olmasında böyük rol oynayır. Çox təəssüf ki, Azərbaycana qarşı təzyiq kampaniyasında ölkəmizdə olan 5-ci kolonun nümayəndələrindən də istifadə edirlər. Məsələn, Əli Kərimlidən...”

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR