Onlayn ictimai-siyasi qəzet
Hicri-qəməri (Ay) təqvimlə Məhərrəm ayı bu il iyulun 19-da başlayır. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, bu il Məhərrəm ayının ilk günü iyulun 19-na, Aşura günü isə iyulun 28-nə təsadüf edəcək. Məhərrəm ayı ilə başlayan matəm günləri isə sentyabrın 16-da Səfər ayının başa çatması ilə yekunlaşacaq.
Qeyd edək ki, Məhərrəm ayı həm də Hicri təqvimə əsasən yeni ilin başlamasıdır. Yəni iyulun 19-u 1445-ci Hicri ilinin ilk günüdür. Məhərrəm ayı hicri təqviminin başlanması, müsəlman təqviminin ilk ayı olmaqla yanaşı müsəlman aləminin matəm ayı, Məhəmməd Peyğəmbərin (s) nəvəsi Həzrət Hüseynin (ə) tərəfdarları ilə birlikdə Kərbəlada şəhid edilməsinin yad edildiyi təqvimdir.
Hər il artıq “ənənəyə” çevrilmiş Məhərrəm ayı ilə bağlı neqativ, nifrət yayan fikirlərin bu il də təkrarlandığını nəzərə alaraq Məhərrəm ayı və Kərbəla hadisəsi ilə bağlı bəzi xüsusi məqamları yazıya almaq qərarına gəldik.
Kərbəla hadisəsinin tarixi və İmam Hüseyn (ə) əzadarlığının kökü
Məhərrəm İslam dininə görə 4 “haram” (“Muhərrəm”, haram edilmiş mənasındadır - K.R.) aydan biridir. İslam hökmlərində bu ayda savaşmaq, qan tökmək qadağan (haram) edilib. İslam mənbələrində Məhərrəm ayı haqda bir sıra məlumatlar var. O cümlədən, həm İslamaqədərki və həm də İslamın gəlişindən sonra bu ayda baş vermiş əlamətdar hadisələr xatırlanır. Bunların arasında Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi ilə bağlı xəbərlər var.
Ancaq heç şübhəsiz, bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla hadisədir. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verənlər bütövlükdə İslam təqvimində ən acı və taleyüklü hadisələrdən biridir. Məhərrəm ayının 10-cu (ərəbcə “əşərə”- Aşura) günü İslam Peyğəmbəri həzrət Məhəmmədin (s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin (ə) oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birlikdə Kərbəla çölündə qətlə yetirilib.
Kərbəla hadisələri tarix boyu baş vermiş çoxlu sayda qanlı qırğın və ya müharibələrdən biri deyil, bütövlükdə bir müqavimət prosesi olub, İslam dininin mahiyyətinin qorunması, dinin hakimiyyətlər tərəfindən sui-istifadəsinə qarşı sivil etiraz idi. Həzrət Hüseyn (ə) əməvi xəlifəsi, hakimiyyəti atasından irs almış Yezidin beyət tələbini rədd edərək İslamda irsi keçən sülalə hakimiyyətinin olmadığını, Peyğəmbərin xəlifəsi adına iddia edən şəxsin dinin tələblərinə riayət edən, əxlaqlı, ədalətli insan olmalı olduğunu bəyan edir və Əməvi xəlifəsi Yezid ibn Muaviyənin bu xüsusiyyətləri daşımadığı üçün ona beyət etməkdən (hakimiyyətini tanımaqdan – K.R.) imtina edir. İmam Hüseyn (ə) bir inqilabçı, üsyançı deyil, özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pisliklərdən çəkindirən və nəhayət, bu yolda öz həyatını və ən yaxınlarını qurban verən bir əzabkeş idi.
Həzrət Hüseyn bir döyüşçü və ya komandir deyil, ilk növbədə İmam, İslam ümmətinin rəhbəri idi. Bütün qanlı cinayətlərin, qarşılaşdığı haqsızlıq və nifrətin müqabilində düşmənlərini əfv etməsi, hətta ən son ana qədər düşmənlərinə mərhəmətlə yanaşması İmam Hüseynin (ə) rəhmli, mərhəmətli, həqiqi Allah aşiqi olduğunu göstərir. Məhz bu səbəbdən Kərbəla hadisələri, İmam Hüseynin fədakarlığı bir çox dünya mütəfəkkirlərinə böyük təsir göstərib, ilham qaynağı olub.
İmam Hüseyn hicrətin 4-cü (Miladi 626-cı il) il, Şaban ayının 3-də Mədinə şəhərində dünyaya gəlib. Hüseyn (ə) İmam Əlinin (ə) İmam Həsəndən (ə) sonra dünyaya gəlmiş ikinci övladıdır. Rəvayətə görə, İslam Peyğəmbəri (s) Hüseyni çox sevib əzizləyərmiş. Bununla bağlı bir sıra hədislər var: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”.
İmam Hüseyn (ə) “Əhli-Beyt”in üzvüdür. Məşhur rəvayətə görə, İslam Peyğəmbəri (s) qızı Fatimə, kürəkəni Əli (ə) və nəvələri Həsən və Hüseynin “Əhli-Beyt”dən olduğunu bildirib. İmam Hüseyn (ə) 3-cü imamdır. Qardaşı İmam Həsəndən (ə) sonra müsəlmanların rəhbəri (imam) olub. İmam Hüseyn (ə) İmam Əli ailəsinin üzvü kimi ilahi elmə, yüksək əxlaqi dəyərlərə sahib insan olub. O, bir alim olmaqla yanaşı, atasının yaxın köməkçisi kimi onunla birgə döyüşlərdə iştirak edib.
Kərbəla çölündə Əməvi xəlifəsinə sadiq Kufə valisinin hazırladığı ordu İmam Hüseyn (ə) və 72 tərəfdarından ibarət qrupu mühasirəyə alır. İmam tərəfdarları 10 gün davam edən mühasirənin 3 gününü susuz qalır. Nəhayət, Məhərrəm ayının 10-da Kufə valisinin qoşunları hücum edərək İmam Hüseyni (ə) iki oğlu, qardaşı, qardaşı oğlu, bacısı oğlanları da daxil olmaqla tərəfdarları ilə birlikdə şəhid edir. Kərbəla şəhidlərinin kəsilmiş başları İmam Hüseynin (ə) əsir götürülmüş ailə üzvləri ilə birlikdə Kufəyə, sonra isə şəhərləri gəzdirməklə Əməvi paytaxtı Dəməşqə aparılır...
***
Hicri Məhərrəm ayının 10-da baş verənlər İslam tarixində görünməmiş faciə, əsrlərə iz qoyacaq hadisə idi. Bu hadisə İslam dünyasında böyük təsir yaratdı. Bir sıra üsyanlar baş verdi, səhabə və tabeliyində olan çox nüfuzlu insanlar xəlifə Yezidə etiraz etdilər. Daha sonra xəlifə Yezid İmam Hüseynin (ə) öldürülməsi ilə bağlı əmr vermədiyini, bunu Kufə valisinin özbaşına etdiyini deyərək məsuliyyəti üzərindən atmağa çalışır. Ancaq etirazlar böyüyür və sonrakı il Mədinədə baş qaldıran etirazları yatırmaq üçün xəlifə Yezid şəhərə ordu göndərir. Ordu Mədinə şəhərini mühasirəyə alaraq ələ keçirib qarət edərək yandırır. Ancaq Kərbəla hadisəsindən sonra xilafətdə əməvi sülaləsinə etirazlar dayanmır. Bir neçə ildən sonra baş verən Muxtar Səqəfinin qiyamı zamanı Kərbəlada cinayətə əl atan xəlifə döyüşçüləri cəzalandırılır. Əməvi imperiyası isə zəifləyir.
Ancaq Məhəmməd Peyğəmbərin (s.) sevimli nəvəsinin və ailə üzvlərinin qətlə yetirilməsi, ailəsinin əsir alınması, Dəməşqə zəncirlənib aparılması müsəlmanlar arasında böyük bir faciə və kədərin mənbəyinə çevrilir. Müsəlmanlar bu hadisədən böyük üzüntü keçirərək Peyğəmbər (s.) nəvəsinə yas tuturlar. Həzrət Hüseynə (ə) Kərbəlada ilk yas tutanlardan biri də səhabə Cabir ibn Abdullah Ənsari olur. Yaşlı Peyğəmbər səhabəsi Mədinədən gələrək Aşuranın 40-cı günü – Ərbəin, ərəbcə 40-cı gün – Kərbəlada İmam Hüseynin (ə) məzarı üzərində ağlayaraq matəm saxlayır.
Sonradan bu mərasimlər hər il davamlı olaraq keçirilir. Hər il müsəlmanlar Aşura qətliamını yeni baş vermiş qətl hadisəsi kimi qeyd edir, İmam Hüseyn və tərəfdarlarına yenicə dünyadan köçmüş insanlar kimi yas tuturlar.
Təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan etdi. Fatimilərin dövründə Misirdə Aşura rəsmi əza və matəm günü olaraq qalırdı. İbn Kəsir yazır ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olundu, xalq Hüseynin susuzluğunu nəzərə alıb küçələrdə soyuq su və şərbət qoyub susuzlara paylayırdı. İraq əhalisi də Aşura günündə Peyğəmbərin (s) vəfat etdiyi günün ildönümündə olduğu kimi əzadar idi.
Sonrakı illərdə, hətta Əməvilər dövründə sərt qadağalara baxmayaraq hər il on minlərlə insan Məhərrəm ayını matəm, hüzn mərasimi kimi qeyd edib. Hər il Məhərrəmin 10-cu günü əzadarlıq mərasimləri təşkil olunur, Kərbəla şəhidləri yad edilir. Müsəlman ölkələrində böyük bir mədəni irsə çevrilən növhə, mərsiyə yazılı ədəbiyyatı və şəbih tamaşalarının ilham qaynağı Aşura idi.
Ancaq İmam Hüseynə əza saxlamaq yalnız yas tutmaq deyil, həm də onun tutduğu yolun davam etdirilməsi, Peyğəmbər və Əhli-Beyt yoluna sadiqlik, ədalət tərəfdarı, haqsızlığa qarşı olmaq kimi qəbul olunur. İslam alimləri Aşura əzadarlığını nəzəri olaraq iki hissəyə bölür. Birinci hissə daha çox zahiri əlamətlərlə seçilən və müsəlman ölkələri folklorunun əsasını təşkil edən mərsiyə, növhə, qəsidə kimi yaradıcılıq nümunələri, şəbih teatrları da daxil olmaqla, əzadarlıq mərasimlərini əhatə edir.
İkinci əsas hissə isə Aşuranın fəlsəfi mahiyyətidir ki, birinci hissə də məhz buna xidmət edir. Hər il müsəlmanlar heç bir çağırış, dəvət olmadan ilin müəyyən ayında əzadarlıq mərasimlərinə qoşulur, dünyada az hallarda rast gəlinən həmrəylik, sülh olur. Müsəlmanları Məhərrəm ayında Hüseyn müsibəti - Kərbəla çölündə tənha, susuz qalan, əzizlərini itirən və əzabla öldürülən 3-cü İmamın faciəsi bir araya gətirir.
Aşura ərəblərin cahilliyə dövründən rəsmi bayram günləri idi. Həmin gün xalq şənlik keçirirdi. İranda Novruz günü bayram günü hesab edildiyi kimi, ərəblər arasında da Aşura, tarixi bayram günü və ayrı-ayrı ərəb qəbilələrinin bir-birinin görüşünə getdiyi gün kimi qeyd olunurdu.
Təbii ki, bütün dini məsələlərdə olduğu kimi, Aşura hadisəsinin qeyd olunmasında da ifrata varmalar olur. Aşura hadisəsini əfsanələşdirən, onun mahiyyətini bəzən təhrif edən hekayə və əhvalatlar meydana çıxıb. Bəzi müsəlmanlar məhərrəmlik ayinlərində baş yarmaq, qan çıxarmaq kimi adətlərdən istifadə edib. Bütün bunlar fərqli yozumlara səbəb olsa da, bütövlükdə təhriflərə, qadağalara baxmayaraq Kərbəla olaylarını unutdurmaq mümkün olmayıb.
Azərbaycanda Aşura məclislərinin tarixi çox qədimlərə gedib çıxır. 7-ci imam Musa əl-Kazımın (ə) qızı Həzrət Həkimənin Bakıda, 5-ci İmam Məhəmməd Baqirin (ə) oğlu İbrahimin məzarının Gəncədə olması, nəvəsi İsmayılın isə Bərdədə dəfn olunması Azərbaycanda Əhli-Beyt izlərini 7-8-ci əsrlərə qədər aparır. Azərbaycan digər türk xalqları kimi Əhli-Beytə sevgi və ehtiram bəsləyib. Bu səbəbdən də Aşura və Kərbəla əzası Azərbaycan tarixi, mədəniyyət və ədəbiyyatı, folklorunda geniş əksini tapıb, yüz illər boyunca xalqın yaddaşında yaşadılıb.
Kənan Rövşənoğlu,
Musavat.com üçün
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ