İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin “istefası” - Xankəndidə “kreslo qırğını” başladı

İşğalçı rejimin “konstitusiyasına” görə, “prezident” səlahiyyətləri “parlament sədri” David İşxanyana keçməlidir; amma digər “namizədlər” də var 

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejimin başçısı Araik Arutyunyan avqustun 31-də istefa bəyanatı verib. Məlumata görə, o, rəsmi ərizəsini “parlamentə” sentyabrın 1-də təqdim edəcəyini vurğulayıb.

Araik Arutyunyan həmçinin deyib ki, Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən çıxararaq həmin posta Samvel Şahramanyanı təyin edib. Qurgen Nersisyan 2023-cü il martın 1-dən “dövlət naziri” idi.

İşğalçı rejimin “konstitusiyasına” görə, “prezident” səlahiyyətləri “parlament sədri” David İşxanyana keçməlidir.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan mətbuatı Araik Arutyunyanın “istefa” qərarı ilə bağlı məlumat yaymışdı. Amma Araik bu qərarını elan etməyə tələsmədi ki, bu da  erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın qəzəbinə səbəb oldu, o da Arutyunyanı yalan danışmaqda və özü də daxil olmaqla 8 nəfərin yanında verdiyi vədi yerinə yetirməməkdə ittiham etdi.  Belə anlaşıldı ki, təxminən səkkiz nəfər Araiki istefaya məcbur edir. Haqqın.az yazır ki, şübhəsiz, onlardan biri Ruben Vardanyandır. Bəs qalan yeddi nəfər - "seçilmiş prezidenti" istefaya məcbur edənlər kimlərdir?

Bu kontekstdə Rusiya vətəndaşlığından imtina edən və Qarabağda qeyri-qanuni məskunlaşan Ruben Vardanyanın missiyasının əslində Ermənistanda hakimiyyətə gəlməli olduğu barədə iddialar yada düşür. Ermənistanın baş nazirinin ətrafındakı mənbələr güman edirdi ki, ilk mərhələdə Vardanyan Qarabağda qondarma “dövlət naziri” vəzifəsində populyarlıq qazanacaq, daha sonra isə  bilavasitə Ermənistanda siyasi planları var. Yeri gəlmişkən, Vardanyan özü də Rusiya mətbuatına verdiyi bir neçə müsahibədə siyasi ambisiyalarını gizlətməyib.

Araikin “istefası”: nə dəyişəcək? – İsti şərh

Amma Azərbaycan Vardanyanın, onun arxasında duran qüvvələrin Qarabağda və ondan kənarda planlarını alt-üst etdi. Rəsmi Bakının təzyiqlərinə tab gətirməyən Vardanyan bir neçə ay sonra “dövlət naziri” kürsüsünü tərk edərək, guya “Araik Arutyunyanla fikir ayrılığına görə” istefa verdiyini bildirdi.

Hazırda Vardanyan Xankəndidə “hakimiyyət”ə can atan, Ağdam-Xankəndi yolunun açılmasına fəal şəkildə qarşı çıxan erməni separatçılarının “fraksiyalarından” birinə rəhbərlik edir. Bu yolun beton bloklarla bağlanması təşəbbüsünə şəxsən Ruben Vardanyanın rəhbərlik etdiyi məlumdur.

Xankəndidə “hakimiyyət”ə daha bir iddiaçı keçmiş “Artsax” səhra komandiri Samvel Babayan və onun dəstəsidir. Babayanın fikirləri Vardanyanın fikirləri ilə tamamilə ziddiyyət təşkil edir, o hesab edir ki, Ağdam yolundan istifadə etmək və Azərbaycanla birbaşa dialoq qurmaq lazımdır.

Keçmiş səhra komandiri ictimai çıxışlarında Paşinyanı və onun siyasi xəttini mütəmadi olaraq tənqid etsə də, Qarabağ separatçı dairələrində Samvel Babayanın Ermənistan hakimiyyətinə tabe olması barədə fikir formalaşıb.

Erməni mənbələrinin məlumatına görə, Babayan son günlər nəzərəçarpacaq dərəcədə fəallaşıb. Araik Arutyunyanın mövqelərinin necə zəiflədiyini görən Babayan “prezident” kürsüsünü tutmağa hazır olduğunu gizlətmir də. Üstəlik, Babayan müxtəlif siyasi və ictimai dairələrlə görüşlər keçirir, özünü açıq şəkildə gələcək “Artsaxın prezidenti” kimi təqdim edir.

Amma müşahidəçilərin fikrincə, Babayanın Araik Arutyunyanın yerinə oturmaq şansı o qədər də yüksək deyil. Xüsusilə də Qarabağda Babayan “Nikolanın adamı” hesab edilir və Ağdam yolundan istifadənin zəruriliyi ilə bağlı bəyanatlarına görə tənqid edilir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Arutyunyanın “səlahiyyətləri” özünü “parlamentin spikeri” adlandıran daşnak David İşxanyana keçməlidir.  Bugünlərdə erməni silahlı birləşmələrinin və radikal revanşist dairələrin dəstəyini almağa çalışan, Ağdam-Xankəndi yolunun açılmasına “icazə verməyəcəyini” bildirib.

“Yeni Müsavat” bildirir ki, 1968-ci ildə Martuni (Xocavənd) rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib.Heşan kənd məktəbinin direktoru, kənd icmasının başçısı olub.1989-cu ildən Daşnaksütyun Partiyasının üzvüdür. 2007-2021-ci illərdə qurumun Mərkəzi Komitəsinin Yuxarı Qarabağda təmsilçisi postunu tutub. 2022-ci ildən Büro üzvüdür. 1991, 2015 və 2020-ci illərdə “parlamentin üzvü” seçilib. 2023-cü il avqustun 7-də “sədr” vəzifəsinə mandat alıb.

Araik Arutyunyanı əvəz edəcək şəxs - FOTO - GlobalInfo.az

 Samvel Şahramanyan

 “Yeni dövlət naziri” Samvel Şahramanyan isə 1978-ci ildə Xankəndidə doğulub. İqtisadiyyat üzrə ali təhsil alıb. 2023-cü il yanvarın 16-dan “Təhlükəsizlik Şurasının katibi” idi. Əvvəllər “Milli Təhlükəsizlik Xidmətinin direktoru”; “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” postlarını tutub. O, 2023-cü il martın 1-i Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə məsul şəxsi, deputat Ramin Məmmədovla keçirilmiş görüşdə erməni nümayəndə heyətinə başçılıq edib.

Xankəndidə baş verənləri şərh edən siyasi ekspert Elxan Şahinoğlu deyib ki, Araik Arutyunyanın “istefası” Qarabağdakı xaosun qarşısını ala bilməyəcək. “Onun ”vəzifəsini" müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutyunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək.

Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: separatçıların işğal altındakı bölgədə qondarma “prezident seçkisi” keçirməsinə imkan verməməliyik!"

Orxan ƏLİYEV,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR