İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yuxuda ölən yoldaşlarımı görürdüm” - Narkotikin təsiri altında qəza törətdi, həbs edildi

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxsin psixotrop maddənin təsiri altında olduğu üzə çıxıb.

Musavat.com xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Kənan Cabbarov yüksək sürətlə “Opel” markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı “Opel”in sürücüsü, Quba rayonunun İkinci Nügədi kənd sakini, 1982-ci il təvəllüdlü Elşad Qayıbov aldığı ağır xəsarətlərdən ölüb.

Kənan Cabbarov isə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

İstintaq zamanı Kənan Cabbarovun psixotrop maddə metamfetaminin təsiri altında olduğu müəyyən edilib.

Cabbarov ifadəsində “Balaxanıneft” şirkətində operator işlədiyini, hadisə günü Qubaya getdiyini deyib. Sükan arxasında yuxu tutandan sonra əks yola çıxdığını, qəzanı xatırlamadığını bildirib.

O, hadisə günü metamfetamin qəbul etmədiyini deyib. Vətən müharibəsi iştirakçısı olan Kənan döyüşdə yaralanandan sonra dərmanlar qəbul etdiyini, bir müddət dərmanların verilməsinin dayandırıldığını bildirib. Kənan narkotik vasitəni qazi yoldaşları vasitəsilə əldə etdiyini deyib.

“Yuxuda yanımda ölən yoldaşlarımı görüb pis hala düşmüşdüm. “Fenazepam” və “tramadol”dan istifadə etmişəm. Müharibədə iştirak etdikdən sonra III qrup əlilliyim olub. Lakin sonradan ləğv edilib. Döyüşlərdə iştirak etdiyimə görə medallarla təltif olunmuşam”, - deyə Kənan qeyd edib.

Qəza zamanı avtomobilin 100-140 km/saat sürətlə hərəkət etdiyi müəyyən edilib. Kənan 140 km/saat sürətlə hərəkət etməsini xatırlamadığını deyib. Bildirib ki, həmin ərazidə o sürəti yığmaq mümkün deyilmiş.

Zərərçəkmiş tərəfin hüquqi varisi Kənanı bağışlayıb.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Kənan 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR