İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada xalq artisti Cahangir Novruzovun 70 illik yubileyi qeyd edildi

Avqustun 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı binasında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirinin təşkilatçıları qismində TÜRKSOY-la yanaşı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış ediblər.

Tədbir iştirakçılarının qarşısında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Cahangir Novruzovun Azərbaycanda və Türk dünyasında teatr yaradıcılığının inkişafına töhfəsini yüksək qiymətləndirib. O Cahangir Novruzovun rol aldığı tamaşaların bu gün də Azərbaycanın hüdudlarından kənarda böyük maraqla qarşılandığını və onun Türk dünyası teatr sənətinin inkişafına mühüm töhfələr verdiyini bildirib, yubilyarı TÜRKSOY medalı ilə mükafatlandırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.

Cahangir Novruzovu bütün Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edən diplomat xatırladıb ki, aktyor yaradıcı insanların ailəsində doğulub və adlı-sanlı valideynlərinin işini davam etdirib. O əlavə edib: “Cahangir Novruzov çoxlu dövlət mükafatları ilə təltif olunub, amma onun ən böyük mükafatı Azərbaycan xalqının sevgisi və diqqətidir”.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Dövlət Komitəsinin sədri Fuad Muradovun yubilyara təbrik məktubunun mətnini oxuyub.

O, 2011-ci ildə C.Novruzovun Azərbaycanın Əməkdar artisti, 2018-ci ildə Azərbaycanın Xalq artisti, 2020-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin medalı ilə təltif edildiyini vurğulayıb.

Azərbaycanın TÜRKSOY yanında daimi nümayəndəsi Elçin Qafarlı iştirakçıları Azərbaycan Mədəniyyət Nazirliyi kollektivinin təbrik məktubunun mətni ilə tanış edib.

Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov yubliyar Cahangir Zeynalovun zəngin yaradıcılığı ilə milli mədəniyyətimiz, teatr sahəsinə verdiyi töhfələrdən danışıb, böyük bir nəslin davamçısı olaraq sənətkarın pedaqoji fəaliyyəti, yeni-yeni mütəxəssislərin yetişdirməsi sahəsində əməyini qeyd edərək, Azərbaycan-Türkiyə mədəni əlaqələrinin inkişafında xidmətlərini vurğulayıb.

Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyən professor C.Novruzov onun yaradıcılığına göstərdikləri diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

TÜRKSOY-un binasında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Cahangir Novruzovun fəaliyyətinə həsr olunmuş fotosərgi də təşkil olunub.

Fotosərgidə sənətkarın yaradıcılığı, kino və tetr sahəsində rol aldığı filmlər, tamaşalardan fotoşəkillər yer alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR