Onlayn ictimai-siyasi qəzet
Azərbaycan teatr camiyəsində gərginlik pik həddə çatıb.
Musavat.com bildirir ki, bu dəfə qalmaqala səbəb Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin Facebook səhfəsindəki paylaşımı olub.
Bədii rəhbər 2013-cü ildə Şimali Kipr Türk Cümhuriyyətində səhnəyə qoyulan "Qatil" tamaşasından foto paylaşaraq qeyd edib:
"Lefkoşa – 2013-cü il. Şimali Kipr Türk Respublikasının millət vəkilləri,
Türkiyə Mədəniyyət Nazirliyinin müstəşarı və Azərbaycan nümayəndəliyi Lefkoşada "Qatil" tamaşasından sonrakı xatirə şəkli... Bu tamaşaya görə Mədəniyyət Nazirliyinin Azərbaycana təşəkkür məktubu var. Böhtan və iftiradan utanmayan xəbislərə demək istəyirəm ki, Elçinin "Qatil" tamaşası qadına şiddətə qarşı ən layiqli layihə kimi 2 il boyunca Şimali Kiprdə nümayiş etdirilib.
Bu isə bir vaxtlar onun (red. Məlahət Abbasovanı nəzərdə tutur) Türkiyədə "hocanın" adamının adamı kimi vəzifəyə gətirilməsinə qətiyyən bənzəmir".
Türkiyədə yaşayan tanınmış aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasova isə bu paylaşımı "böyük yalan" adlandırıb və teatr camiəsini çalxalayacaq şok açıqlamalar verib:
"2012-ci ildə Kipr Dövlət Teatrında səhnələşdirilən “Qatil” əsəri qeyri-etik, pornoqrafik səhnələri və son dərəcə zəif tamaşa olması səbəbilə cəmi 3 ay repertuarda qalmış, bu müddət ərzində isə cəmi 5-6 dəfə nümayiş etdirilmişdir. Teatr rəhbərliyi tamaşanın uğursuzluğuna görə qastroldan imtina etmiş və Kipr tamaşaçılarının narazılığı nəzərə alınaraq, 3 ay sonra tamaşa repertuardan tamamilə çıxarılmışdır.
Bu məlumatı Kipr Dövlət Teatrlarının Mədəniyyət Şöbəsi rəhbərinin verdiyi rəsmi məlumat əsasında paylaşıram.
Mehriban Ələkbərzadənin öz Facebook səhifəsində paylaşdığı, guya tamaşanın 2 il oynandığı barədə iddiası tamamilə yalandır! O paylaşdığı şəkil isə klassik olaraq hər kəsin "kimsənin könlü qalmasın" deyə çəkdiyi adi kollektiv fotodur. Tamaşanın uğursuzluğunu İsrafil İsrafilov da, Cahangir Novruzov da çox yaxşı bilir!"
Aktrisa daha sonra Mehriban Ələkbərzadəni Türk teatrına xəyanətdə ittiham edib:
"Sən Türk Dünyası Teatrlar Birliyinə böyük zərbə vurdun, Mehriban Ələkbərzadə! İki qardaş dövlətin teatrları arasında qurulacaq körpünü sənin paxıllığın və xainliyinə görə məhv etdilər! Səni rejissor kimi qəbul etmədiklərinə görə onlara qarşı kin bəslədin! Otağında türklərə qarşı nifrətin vardı və üzümə dedin: “Türklər nə bilir teatr nədir?”"
Məlahət Abbasova "hoca" qalmaqalına isə bu cür cavab verib:
"O "hocalar" dediklərin institut illərindən bəri sənin arxandaydı. 19 yaşında artıq bu sənətdə necə irəliləyəcəyini müəyyən etmişdin. Ondan sonra da kimlər, kimlər… Türkiyədə hacılar, hocalar olmur, çünki sən Kiprə də "hocaların" hesabına gəlmişdin. Özün də gördün ki, onlar Türkiyədə heç bir işə yaramır. Öz yaşadığın həyatı başqasında görmə! O oyunlar sənlikdir!
Sən hocaların əlini-ayağını öpməyə davam et! Dəvə başını torpağa soxub, arxasından xəbərsiz olduğu kimi!"
Xalidə Gəray
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ