Onlayn ictimai-siyasi qəzet
"Şimali Koreya lideri Kim Çen Inın Yeni il münasibətilə Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda iki ölkə arasındakı münasibətlərə diqqətin artırılacağını bildirib. Kim Çen In məktubda ölkəsinin Rusiya ilə hərtərəfli strateji tərəfdaşlığı möhkəmləndirməyə söz verib".
Bu barədə politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib.
Politoloq qeyd edib ki, Şimali Koreya liderinin Çin rəhbəri Si Cinpinə də təbrik məktubu yazdığı barədə məlumat yoxdur:
"Halbuki, son illərə qədər Şimali Koreyanın əsas himayədarı məhz Pekin idi. Rusiya Ukraynaya qarşı savaşa başladıqdan sonra Kreml Şimali Koreyaya diqqət yetirməyə başladı. Bu, Rusiyanın Qərb ölkələrinin sanksiyaları ilə üzləşməsiylə bağlı idi. Bundan başqa, Vladimir Putinin Qərb ölkələrinə yolu bağlandı. Şimali Koreya azsaylı ölkələrdən idi ki, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəklədi. Kim Çen In Rusiyaya, Vladimir Putin isə Şimali Koreyaya səfər etdilər. Şimali Koreya Rusiyaya hərbçilər və raketlər, Rusiya isə Şimali Koreyaya taxıl göndərdi. Kremlin Pxenyana başqa dəstək vədləri barədə də fikirlər mövcuddur.
ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Rusiya Şimali Koreyaya müasir peyk texnologiyaları ötürməyə hazırlaşır. Bu texnologiyalar Şimali Koreyaya potensial rəqiblərinin ərazisindəki hədəfləri müəyyən etmək imkanı verəcək. Blinken Rusiyanın Şimali Koreyanı nüvə dövləti kimi tanıya biləcəyini də açıqlayıb. Yəni Rusiya Şimali Koreya ilə bu qədər yaxın əlaqələr qurub".
Politoloqun fikrincə, Çin Rusiya ilə strateji tərəfdaşlığı gücləndirsə də, Moskvanın Pxenyanla artan əməkdaşlığını diqqətlə izləyir və bundan narahat olmağa başlayıb:
"Pxenyan Pekini Moskva ilə əvəz etməyə çalışır. Misal üçün, Şimali Koreya lideri ötən il Si Cinpini Vladimir Putindən əvvəl təbrik etmişdi. Şimali Koreya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi də sönük keçib. Bütün bunlar Şimali Koreyanın xarici siyasət istiqamətinin dəyişdiyini göstərir. Ancaq bölgə ölkələri, o cümlədən Qərb dövlətləri üçün Pxenyanın Pekini Moskva ilə əvəzləməsi daha böyük təhlükələr vəd edir. Çünki bölgə və Qərb ölkələri hesab edirlər ki, Kreml Pxenyanı təhlükəli oyunlara cəlb edə bilər".
Xalidə Gəray
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ