İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya informasiya məkanında Azərbaycan əleyhinə qara hücumlar: Prezident Əliyevin "cəsarətli tərzi" kimləri narahat edir...

Rusdilli Minval.az saytının yazarı, tanınmış təhlilçi Nurani xanımın yeni məqaləsini Azərbaycan dilində təqdim edirik.

***

Rusiya informasiya məkanında Azərbaycana qarşı hücumlar, xüsusilə də saxta məlumatlar vasitəsilə davam edir. Bu işdə ən fəal şəxslərdən biri Vladimir Karasyovdur. Rusiya Federasiyası İctimai Palatasının Koordinasiya Şurasının üzvü olan Karasyov – daha doğrusu, yad ərazilərin işğalını legitimləşdirməyə çalışan bir fiqur – öz Telegram kanalında Ukraynanın işğal altındakı Donbas bölgəsində fəaliyyət göstərən Donetskmedia saytına istinadən paylaşım edib. Saytın müəllifləri Azərbaycanın prezidenti İlham Əliyevin “cəsarətli tərzindən” narazı olduqlarını bildirərək, qərəzli sual irəli sürüblər:

“Şəffaflıq və rusiyalı sülhməramlıların həlak olduğu faciəvi hadisələrə görə məsuliyyət barədə necə olacaq? İstifadəçilər Rusiya helikopterinin vurulması və sülhməramlıların, o cümlədən qruplaşmanın komandir müavininin öldürülməsi ilə bağlı hadisələri xatırlayırlar.”

5bede9d8-afc3-425b-b753-d91bdc32bac9.jpeg (204 KB)

Bu kontekstdə “şəbəkə istifadəçilərinə” istinad etməyin nə dərəcədə düzgün olduğunu Donetskmedia-nın – əgər ümumiyyətlə, belə bir peşə etikası varsa – vicdanına buraxırıq. Xüsusilə də helikopter və sülhməramlılarla bağlı mövzunun Kremlə bağlı bot fermalar tərəfindən şişirdildiyini nəzərə alsaq.

Məsələni aydınlaşdıraq. Söhbət 2020-ci il 9–10 noyabr gecəsi vurulan helikopterdən gedir. Bu hadisə Qarabağda hərbi əməliyyatların dayandırılmasından cəmi bir neçə saat əvvəl baş verib. Helikopter heç bir tanınma nişanı olmadan uçurdu və Ermənistanla sərhəddəki Azərbaycan mövqelərinə yaxınlaşaraq təhlükəli manevrlər edirdi. Üstəlik, bu hadisə hərbi şəraitdə və belə vəziyyətlərdə qaçılmaz olan “sinirlərin müharibəsi” fonunda baş verirdi. Bu, mülki reyslə hərəkət edən təyyarənin “Pantsir” raketi ilə vurulmasına heç bir oxşarlıq təşkil etmir. Buna baxmayaraq, Azərbaycan hadisədən cəmi bir neçə saat sonra məsuliyyəti üzərinə götürdü, üzr istədi və həlak olan pilotların ailələrinə təzminat ödəniləcəyini bəyan etdi.

Sülhməramlılarla bağlı ikinci insident 2023-cü il 19–20 sentyabr tarixlərində antiterror əməliyyatları zamanı baş verib. Hadisə yenə də hərbi əməliyyatların fonunda qeydə alınıb. Azərbaycan tərəfi bu reydlər barədə rusiyalı sülhməramlılara əvvəlcədən xəbərdarlıq etmiş və onların yerləşdikləri mövqeləri tərk etməmələrini tövsiyə etmişdi. Xatırladaq ki, Azərbaycan pilotlarına Groznı üzərində radioelektron mübarizə (REB) və hava hücumundan müdafiə sistemlərinin işə salındığı barədə heç kim xəbərdarlıq etməmişdi.

Həlak olan sülhməramlılar isə hadisə zamanı mütləq tələb olunan Rusiya bayrağı olmadan avtomobillə Azərbaycan mövqelərinə yaxınlaşmış və təhlükəli davranış sərgiləmişdilər. Buna baxmayaraq, prezident İlham Əliyev hadisədən bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putinə zəng edərək başsağlığı verib və üzr istəyib.

Hər iki insidentlə bağlı Azərbaycanın Baş Prokurorluğu dərhal cinayət işi açıb. Daha sonra RIA Novosti agentliyi Azərbaycan hüquq-mühafizə orqanlarına istinadən şübhəlilərin vəzifədən kənarlaşdırıldığını və həbs edildiyini, istintaqın aparıldığını və bunun Rusiya Baş Prokurorluğu ilə sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini qeyd edib.

İndi isə bu vəziyyəti Rusiyanın mülki təyyarəni zenit raketi ilə vurmasından sonra yaranan duruma müqayisə edək. Bu hadisəyə görə, nə düzgün şəkildə üzr istənildi, nə də məsuliyyət qəbul edildi. Buna görə də Azərbaycana qarşı yeni informasiya hücumunun iştirakçılarına məsləhətimiz budur: məsələni dərindən öyrənmədən heç nə yazmayın.

Üstəlik, bu cür feyklərin müəllifləri “cəsarətli ton” barədə danışarkən dillərinə diqqət yetirməlidirlər. Azərbaycan müstəqil dövlətdir, “Rusiya Federasiyasının subyekti” deyil. Ölkəmiz beynəlxalq arenada sivil davranış normalarına riayət olunmasını tələb edir. Bu cür piar kampaniyaları isə Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlərə zərər vurur və artıq risk zonasında olan əlaqələri daha da gərginləşdirir. Üstəlik, bu cür kampaniyalar AZAL-ın Bakı–Groznı reysi faciəsinə görə günahkarları müdafiə etmək üçün bəhanə ola bilməz. Bunun nəticələrini hər kəs öz üzərinə götürməlidir.

Məqalənin orijinalı bu linkdə: https://minval.az/news/124441331

Nurani, Minval.az
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR