Onlayn ictimai-siyasi qəzet
Davranış modelləri üzrə qəbul edilmiş yeni prudensial tənzimlənmə çərçivəsi də bu imkanlardan istifadə edərək fərdi sahibkarlara və fiziki şəxslərə banklar tərəfindən onların proqnozlaşdırılan gəlirləri əsasında kredit verilişini təmin edəcək. Qəbul edilmiş dəyişikliklərdə davranış modelinin hazırlanması prosesinə, bankda bu sahədə potensialın artırılmasına, modelin validasiyasına və hesabatlığına dair tələblər, habelə davranış modeli əsasında verilmiş kreditlər üzrə risklərin azaldılması məqsədilə limitlər, daha sərt təsnifləşdirmə tələbləri və artırılmış kapital tələbləri müəyyən edilmişdir. Belə ki, banklar məcmu miqdarı bankın kredit portfelinin 10 faizindən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit verilişini həyata keçirə biləcək. Bununla belə, davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.
Tənzimləyici bildirir ki, bütövlükdə kreditləşmə prosesində davranış modellərindən istifadə müştərilərin bank kreditlərinə əlçatanlığının artırılmasına xidmət edəcək: “Bu isə öz növbəsində kiçik və orta sahibkarlığın maliyyə və məşğulluq imkanlarının genişlənməsinə, eləcə də resursların daha məhsuldar bölgüsünə köməklik edəcək. Həmçinin modellər vasitəsilə daha dəqiq və yeni məlumatlardan istifadə imkanı bankların biznes proseslərinin optimallaşdırılmasına, əməliyyat xərclərinə qənaətə, kredit anderraytinqi və skorinq proseslərinin sürətləndirilməsinə, dəqiqliyinin artırılmasına, bununla da kredit risklərinin azaldılmasına töhfə verəcək”.
Yeni çərçivə kiçik və orta sahibkarların kreditlərə əlçatanlığını nə qədər artıracaq? Mərkəzi Bank hədəflərinə nail ola biləcəkmi?
Cəfər İbrahimli
Sualları cavablandıran maliyyə-bank sahəsi üzrə ekspert Cəfər İbrahimlinin “Yeni Müsavat”a dediyinə görə, bir qayda olaraq banklar müştərinin kredit qabiliyyətini qiymətləndirərkən bunu əvvəlki kredit tarixçəsini nəzərə alaraq həyata keçirirlər: “Hər hansı müştəriyə verilən kredit limiti də buna uyğun müəyyənləşdirilir. Biznes kreditləri üçün xüsusi biznes plan tələbi var. Bu planda biznes subyektinin mövcud vəziyyəti, investisiyanın gəlirliliyi, gələcək planları əksini tapır. Bu plan banklarda müştəri barədə fikir formalaşdırırdı. İndi bunu modellər üzərindən daha dəqiq mezanizmlə həyata keçirmək mümkün olacaq. Modelləşdirmə ilə müştərinin kredit limitinin müəyyən olunması sahəsində daha dəqiq fikir yürütmək mümkün olacaq. Buna görə də kredit limitlərinin artması, banklar üçün risklərin daha dəqiq müəyyən olunması imkanları yaranacaq. Təminat nisbətindən daha çox kredit limitinin ayrılması mümkün olacaq. Verilmiş kredit limiti ehtiyat ayrılması üçün uyğun parametrlərlə təsnifləşdiriləcək və bankların kapitalına ciddi mənfi təsiri olmayacaq”.
Ekspert bildrir ki, yeni metodla kreditləşmə üçün ilkin olaraq limit müəyyənləşdirilib: “Görünür, pilot qaydada tətbiqi nəzərdə tutulur və uğurlu nəticələr əldə olunarsa, limit daha da artırılacaq. Bu çərçivənin əsas mühüm məqamlarından biri budur ki, bank risklərinin azalması, götürülən risk çərçivəsində iqtisadiyyatın kreditləşməsinin genişləndirilməsi mümkün olacaq. Sahibkarlar üçün müsbət məqam kredit əlçatanlığının artması olacaq.
Hələlik çərçivənin icrasına yeni başlanır, onun hədəflərə nə qədər çox çatılmasına imkan verəcəyini mexanizm bir müddət işlədikdən sonra qiymətləndirmək mümkün olacaq".
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov bildirir ki, yeni çərçivə davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsini nəzərdə tutur: “Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10 faizindən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq. Bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır. Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?
Davranış kredit skorinqi modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur. Rəsmi gəlirlər, ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb olunur. Yəni vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu model dinamikdir, yeni məlumatlar əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış model validasiyası tələb edir.
Bu zaman ən ciddi çağırışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və vəriblardan (dəyişənlərdən) istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi bankların davranışlarından da asılı olacaq.
Digər məqam Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu nəzərə aldıqda orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsilə təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə dayandırılır. Bunun banklarda model vasitəsilə kreditləşməyə marağın azalmasına gətirib çıxarması da istisna deyil.
Bütövlükdə, davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma potensialından asılı olacaq".
AMB-nin açıqladığı son məlumata əsasən Azərbaycan banklarının kredit portfelinin artımı 2024-cü ilin noyabr ayında da davam edib. Hesabat ayında bankların kredit portfeli 1.1 faiz və ya 287.6 milyon manat artaraq 27 milyard 368.1 milyon manat təşkil edib.
Kredit portfelinin strukturuna baxsaq, biznes kreditləri - 53.9 faiz (14 milyard 746.7 milyon manat); istehlak kreditləri - 30.8 faiz (8 milyard 422.9 milyon manat) və ipoteka kreditləri - 15.3 faiz (4 milyard 198.6 milyon manat) paya malik olub.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7 faiz təşkil edib.
Qeyd edək ki, Azərbaycanda kredit portfelinin strukturunda biznes kreditlərinin payı digər növlərdən daha aşağı artım sürəti nümayiş etdirir. Belə ki, son 2 il yarımdan çox müddətdə ölkədə kredit portfeli 10 milyard manat artıb. Bu artımlar həm biznes, həm istehlak, həm də ipoteka kreditlərinə aid olsa da, bunlar arasında artım sürəti biznes kreditlərində digər ikisindən daha az olub. Belə ki, sözügedən dövr ərzində ipoteka kreditləri 66 faiz, istehlak kreditləri 77 faiz artdığı halda, biznes kreditləri 44 faiz artıb. Biznes kreditlərinin tərkibində isə mikrosahibkarlara verilən kreditlərdə ciddi artım qeydə alınsa da, orta və kiçik sahibkarlara verilən kreditlərdə azalma müşahidə olunur. Belə ki, mikrosahibkarlara verilən kreditlər 33 faiz artdığı halda, orta sahibkarlara verilən kreditlər 27 faiz, kiçik sahibkarlığa verilən kreditlər 12 faiz azalıb. Son 5 ildə bankların biznes kredit portfelində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin payı 14,4 faiz bəndi artaraq 50 faizi üstələyib.
Bundan əlavə, ölkə üzrə verilən kreditlərdə Bakının payı 77 faizdən yuxarıdır ki, bu da regionlarda kredit əlçatanlığının paytaxtla müqayisədə çox məhdud olmasından xəbər verir. Rəsmi statistikadan o da aydın olur ki, biznes kreditlərinin cəmi 20 faizə qədəri regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilir.
Bütün bunları nəzərə aldıqda, Mərkəzi Bankın qəbul etdiyi yeni çərçivənin kreditləşməni artırmaq, xüsusilə regionlarda biznesin kredit əlçatanlığının genişləndirilməsi baxımından ciddi əhəmiyyət kəsb etdiyini söyləmək olar...
Dünya SAKİT,
“Yeni Müsavat”
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ