İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko ilə bağlı ŞOK! Hakimiyyətdən gedir və.... - TƏFƏRRÜAT

Siyasi şərhçi: “Əgər gedəcəksə, öz yerinə Rusiya ilə “vahid dövlət” prinsipini dəstəkləyən şəxsi gətirməlidir”

Uzun müddətdir Qərb dairələrinin “diş qıcadığı” prezidentlərdən biri də Belarus lideri Aleksandr Lukaşenkodur. Ötən seçkilərdə o, əlinə avtomat alıb hakimiyyətini və daha qlobal yanaşsaq, ölkəsini qoruya bildi. 2025-ci il yanvarın 26-da Belarusda növbəti prezident seçkisidir.  

Yenə də Lukaşenkoya ciddi basqılar var və görünən budur ki, onu iqtidardan salmaq planları da mövcuddur. 

Son günlər “Batka”nın həyəcanlı və maraqlı açıqlamaları da diqqət çəkir. 

“Hakimiyyətdə yapışıb qalmamışam və onu sakitcə yeni nəslə ötürmək üçün hər şeyi edəcəyəm”, - deyə o, son açıqlamalarından birində deyib. 

Lukaşenko hətta yeni hökumətin dövründə yaşamağa ümid etdiyini deyib: “Övladlarım yaşayacaqlar. Görmək istəyirəm necə yaşayacaqlar. Məqsədim budur. Ona görə də böyük üstünlüyümdür ki, mən hakimiyyəti zorla saxlamağa çalışmıram”.

Lukaşenko yola salınırmı? Onun ikibaşlı açıqlamasından hansı nəticələr çıxarmaq olar?

Azər Hüseynov:"İlkin mərhələdə bu “Ar(sız)sax”ın Araik deyilən marionetini  iqtisadi qısqaca almalıyıq"

 Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Lukaşenkonun son açıqlamaları onun siyasi taleyi ilə bağlı geniş müzakirələrə yol açıb: “Belarus liderinin "hakimiyyətdə yapışıb qalmamışam və onu sakitcə yeni nəslə ötürməyə hazıram" fikri ilk baxışda demokratik yanaşma təəssüratı yaratsa da, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış hədəfləri ehtiva edir. Lukaşenkonun bu ritorikası Qərbin təzyiqləri ilə üzləşdiyi bir dövrdə həm daxildəki narazılıqları yumşaltmaq, həm də Qərbin “avtoritar lider” tənqidlərinə cavab vermək məqsədi daşıyır. Lukaşenko əvvəllər daha qəti üsullarla hakimiyyətini qoruyub saxlamış, 2020-ci il seçkilərində kütləvi etirazlarla qarşılaşdığı zaman qəti addımlar atmaqdan çəkinməmişdi. Lakin indiki ritorikası daha yumşaq tonludur və seçkiyə yaxın dövrdə onun taktiki dəyişikliklər etdiyini göstərir. Bu, Lukaşenkonun daxili sabitliyi qorumağa çalışdığı, eyni zamanda beynəlxalq səhnədə təzyiqləri azaltmağa çalışdığı kimi izah edilə bilər.

Onun “hakimiyyəti zorla saxlamağa çalışmıram” bəyanatı ilə keçmiş təcrübələri arasındakı fərq diqqət çəkir. Lukaşenko hazırda “hakimiyyəti yeni nəslə ötürməyə hazır olduğunu” vurğulasa da, bu keçidin real olub-olmaması ilə bağlı suallar qalır. Belarus siyasi sistemində onun yaratdığı struktur və güc balansı nəzərə alınarsa, hakimiyyətin ötürülməsi prosesinin Lukaşenkonun tamamilə siyasi arenadan çəkilməsi ilə nəticələnməsi az ehtimal olunur. Daha çox ehtimal edilir ki, Lukaşenko idarəetməni güvəndiyi şəxslərə ötürməklə, ölkə siyasətində dolayısı ilə təsirini saxlamağa çalışacaq.

Digər tərəfdən, Lukaşenkonun “hökumətin yeni dövründə yaşamağa ümid edirəm” fikri onun öz gələcək təhlükəsizliyinə xüsusi diqqət ayırdığını göstərir. Bu ifadə həm onun hakimiyyətdən uzaqlaşma ehtimalını, həm də bu uzaqlaşmanın müəyyən şərtlərlə baş verə biləcəyini ehtiva edir. Əgər Lukaşenko özünə təhlükəsiz çıxış yolu təmin edə bilsə, həmçinin Rusiya ilə yaxın əlaqələrini qorumaq şərti ilə razılıq əldə etsə, onun hakimiyyətdən çəkilməsi mümkündür. Bununla belə, Lukaşenko ehtimal ki, bu prosesi öz şərtləri daxilində və nəzarəti altında həyata keçirmək istəyəcək.

Beynəlxalq amillər də bu məsələdə mühüm rol oynayır. Lukaşenkoya qarşı uzun müddətdir davam edən Qərb təzyiqləri, tətbiq olunan sanksiyalar və Belarus müxalifətinin dəstəklənməsi onun mövqeyini zəiflədir. Bununla yanaşı, Belarusun Rusiyadan asılılığı Lukaşenkonun qərarlarında əhəmiyyətli təsirə malikdir. Moskva, Belarusun sabitliyini qorumaq üçün Lukaşenkonu dəstəkləməyə davam etsə də, Rusiya üçün də bir keçid prosesinin təmin olunması strateji baxımdan əlverişli ola bilər.

Lukaşenkonun hakimiyyətdə qalması və ya uzaqlaşması Belarusun gələcəyi baxımından əhəmiyyətli nəticələrə səbəb ola bilər. Bu prosesin dinc keçməsi üçün daxili və xarici qüvvələrin balansı, həmçinin Lukaşenkonun şəxsi maraqlarının təmin olunması mühüm rol oynayacaq. 2025-ci ilin yanvarında keçiriləcək prezident seçkisi bu mənada həlledici olacaq".

Siyasi şərhçi bir məsələyə də xüsusi diqqət çəkdi: “Trampın yenidən hakimiyyətə gəlməsi, Aleksandr Lukaşenkonun siyasi gələcəyinə bir neçə istiqamətdən təsir edə bilər. Trampın xarici siyasətdəki prioritetləri, beynəlxalq münasibətlərə yanaşma tərzi və bəzi liderlərlə əlaqələrdə tutduğu mövqe Belarus lideri üçün həm təhlükələr, həm də fürsətlər yarada bilər. Bu təsirləri dəyərləndirmək üçün bir neçə əsas məqamı nəzərdən keçirmək lazımdır.

Birinci məqam ABŞ-ın xarici siyasət prioritetləridir. Trampın əvvəlki hakimiyyəti dövründə “Amerika birinci” prinsipi əsas götürülürdü. Bu yanaşma bəzi liderlərə qarşı sərt mövqedən qaçaraq daha çox praqmatik siyasət yürütmək demək idi. Tramp yenidən hakimiyyətə başlayanda, Lukaşenkoya qarşı da bu cür neytral yanaşma tətbiq edilə bilər. Bu, Lukaşenkoya Qərbin təzyiqlərindən qismən yayınmaq imkanı verə bilər. Digər tərəfdən, Trampın əsas diqqətini Çinə yönəltməsi Belarusun geosiyasi mövqeyini daha da önəmli edə bilər. Bu halda Belarus, ABŞ və Rusiya arasında diplomatik balans yaratmağa çalışa bilər.

İkinci məqam Rusiyaya münasibətdir. Trampın Vladimir Putinlə münasibətləri inkişaf etdirmək istəyini nəzərə alsaq, bu, Belarus üçün iki fərqli nəticə doğura bilər. Əgər Tramp Rusiya ilə yaxınlaşmağa çalışarsa, Lukaşenkonun birbaşa təzyiq altında qalma ehtimalı azalar. Lakin əksinə, ABŞ Rusiya ilə əlaqələri gücləndirərkən Belarusun Rusiya orbitindən çıxmasına mane olmaq üçün Lukaşenkoya qarşı sanksiyaları artırarsa, bu, Belarus liderinə ciddi zərbə vuracaq.

Üçüncü aspekt Avropa ilə münasibətlərdir. Tramp administrasiyası dövründə ABŞ-ın Avropa İttifaqı ilə münasibətləri gərginləşmişdi. Bu vəziyyət davam edərsə, Belarus üçün bir fürsət yarana bilər. Lukaşenko, ABŞ-ın Avropanın dəstəyindən məhrum olan Belarus siyasətində yumşalmalar gözləyə bilər. Bununla belə, Avropa İttifaqı Lukaşenkoya qarşı sərt mövqeyini davam etdirərsə, Trampın bu mövqeyə təsir edib-etməyəcəyi qeyri-müəyyən qalır.

Son olaraq, Trampın bir sıra liderlərə qarşı qeyri-ənənəvi diplomatiyası Lukaşenko üçün yeni imkanlar açır. Tramp Lukaşenko ilə birbaşa dialoqa üstünlük verərsə, Belarusun Qərblə münasibətləri fərqli bir müstəviyə keçə bilər".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Batka”nın həm Qərbi, həm də Rusiyanı zaman-zaman şantaj etdiyini söylədi: “Belarus prezidenti Aleksandr Lukaşenko son dərəcə hiyləgər siyasətçidir. İllər boyu xarici siyasətdə ustalıqla manevrlər edib. O, bir tərəfdən Rusiyaya yaxınlaşıb, Rusiyadan narazı qalanda isə Rusiyaya eyham vuraraq deyib ki, "baxın ha, Qərblə yaxınlaşa bilərəm". Beləliklə, həm Qərbi, həm də Rusiyanı şantaj edib. Hazırda isə Rusiyanın müttəfiqi kimi çıxış edir. Qərb ona qarşı ciddi sanksiyalar tətbiq edib, xüsusən də ötən prezident seçkisindən sonra. Bir sözlə, Qərblə münasibətlər əslində alınmayıb. İndi Lukaşenkonun “yeni nəsil gəlməlidir” deməsi, məncə, diqqəti yayındırmaq xarakteri daşıyır. Çünki prezident seçkisinə az qalıb. Bu bir neçə gündə durub qəfildən inanmıram desin ki, namizədliyimi vermirəm, oğlumun, yaxud da yaxın tərəfdarlarımdan birinin namizədliyini irəli sürürəm. Son ana qədər Lukaşenko hakimiyyətdən yapışacaq və Rusiya ilə də mütəffiqliyi davam etdirəcək. Müxalifət Belarusda xeyli zəiflədilib, bir çox üzvləri həbsdədir, digərləri isə ölkədən kənardadır. Müxalifətin öz vahid namizədi ilə çıxış etmək imkanları çox məhduddur".

qaynarinfo.az

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı Lukaşenkonun hakimiyyətdən getsə belə, bunu Rusiya ilə razılaşdıracağını düşünür: “Lukaşenkonun bu açıqlamasında məqsədinin gerçəkdən hakimiyyəti təhvil vermək istədiyi olduğuna dair şübhələr yaranır. Mümkündür ki, o, hakimiyyətdə qalmaq üçün özünə ehtiyac, yəni "mən hakimiyyəti təhvil verməyə hazıram, amma xalq bunu istəmir"  rəyini yaratmaq üçün bu gedişi edə bilər. Ola bilər ki, hakimiyyəti qısa müddətli ötürsün, daha sonra ölkədə müəyyən böhran yaradılsın və Lukaşenkonun qayıdışı zərurətə çevrilsin. Belə bir ssenari onun uzunmüddətli hakimiyyətdə qalması ilə bağlı yaranmış problemlərin də həllinə imkan verə bilər. Lakin Lukaşenko hakimiyyətlə bağlı qərarını mütləq Rusiya ilə razılaşdırmalıdır. Əgər gedəcəksə, öz yerinə Rusiya ilə “vahid dövlət” prinsipini dəstəkləyən şəxsi gətirməlidir. Əks təqdirdə, getməsinə imkan veriləcəyini düşünmürəm. Burada ehtimallardan biri də odur ki, Lukaşenko Rusiya ilə “vahid dövlət” layihəsini icra etmək istəmir, çünki bu, Belarusun de-fakto müstəqilliyinin itirilməsi ilə nəticələnə bilər. Lukaşenko tarixə belə düşmək istəmir, buna görə hakimiyyəti ötürərək, özünün başlatdığı prosesi başqasının icra etməsinə, məsuliyyətdən yayınmağa çalışır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR