Onlayn ictimai-siyasi qəzet
Ermənistan 2025-ə Azərbaycana qarşı təxribatlarla başladı. Yanvarın ilk günlərində Gorus istiqamətindən Laçını bir neçə dəfə atəşə tutdular. Bunun ardınca bəlli oldu ki, Naxçıvan istiqamətində Ermənistan Silahlı Qüvvələri bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir. Telegram kanallarında yayılan görüntülər də bunu təsdiqləyir.
Qeyd edilib ki, şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir. Digərlərindən fərqli olaraq, fotolarda gördüyünüz çoxməqsədli istehkamların ikisi də yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var.
İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Naxçıvan istiqamətində də Ermənistanın bu kimi addımları Ermənistanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir. 2025-də Ermənistanın Konstitusiyasını dəyişərək, sülh istiqamətində addımlayacağına dair gözləntilər bununla heçə enmiş oldu.
Ermənistan faktiki olaraq 2025-ə təxribatlarla, habelə silahlanmanı artırmaqla başlamaqla onun mesajını vermiş oldu ki, sülhdə maraqlı deyillər. Faktiki olaraq İrəvan bununla özünə gor qazır. Əlbəttə, belə vəziyyətin formalaşmasında Ermənistan xarici təsir dairələrinin təşviqi ilə hərəkət edir.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində növbəti dəfə Ermənistanı və havadarlarını xəbərdar edib. “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik”, - deyə dövlət başçısı bildirib.
Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti əslində faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Çox ciddi xəbərdarlıqdır. Bundan əvvəl də dövlətimizin başçısı bildirmişdi ki, Ermənistanın təxribatlarına sadəcə tamaşa etməyəcəyik. Ermənistan bu xəbərdarlıqlardan dərs götürməlidir.
Hazırkı məqamda Cənubi Qafqazda yeni silahlı toqquşmaların baş verməsi kimin marağındadır? Fransa bəlli, bəs hazırkı şərtlər daxilində Rusiya dairələri də bunda maraqlı ola bilərmi?
Vüqar Rəhimzadə
Deputat Vüqar Rəhimzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tarixi Zəfərindən sonra Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsinin imzalanmasını təklif edib: “Amma həmin vaxtdan xeyli müddət keçsə də, Ermənistan hələlik himayədarlarının dəstəyi sayəsində konstruktiv mövqe ortaya qoymaqdan, sülh müqaviləsini imzalamaqdan yayınır. Görünən budur ki, himayədarlarının dəstəyi işğalçı ölkəni sülh müqaviləsini imzalamaq əvəzinə hərbi təxribatlar törətməklə bu prosesi uzatmaq barədə düşünməyə daha çox sövq edir. Bunun səbəblərindən biri bəzi Qərb dövlətləri, əsasən də Fransa tərəfindən Ermənistanın silahlandırılmasıdır. Deməli, həmin qüvvələr regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı deyillər. Ermənistanda gedən silahlanma prosesi region üçün yeni təhdid amilidir”. V.Rəhimzadə qeyd etdi ki, təcavüzkar dövlətin arxasında duran həmin qüvvələr onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edirlər: “İlin əvvəlindən başlayaraq Ermənistan tərəfindən mövqelərimizin atəşə tutulması da bunun təsdiqidir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti əslində faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Dünyada nüfuzu sarsılan, Afrikadan biabırçı şəkildə qovulan Fransa Ermənistanı silahlandırmaq, müharibəyə təhrik etməklə regiona təsir imkanları əldə etməyə çalışır. Sülh müqaviləsinin imzalanması oyundankənar vəziyyətdə qalan Fransanın regionla bağlı siyasətini tam fiaskoya uğradacaq. Ona görə də Ermənistanı silahlandırmaq, revanşizmə təhrik etməklə bu prosesin qarşısını almağa çalışır. Amma Ermənistan unutmamalıdır ki, dəmir yumruq yerindədir, regionun söz sahibi, aparıcı iqtisadiyyatı, aparıcı hərbi gücü və aparıcı dövləti Azərbaycandır. Bu gün Ermənistanı silahlandıranlar, təxribatlara təhrik edənlər Vətən müharibəsi, antiterror tədbirləri zamanı olduğu kimi onların arxasında durmayacaqlar”.
Deputat əlavə etdi ki, dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, Ermənistan silahlanmanı dərhal dayandırmalıdır: “Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir, elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə bildirdi ki, Ermənistanın silahlandırılması çox ciddi problemlər vəd edir: "Təəssüflər olsun ki, Ermənistan və havadarları Azərbaycana qarşı müharibəyə hazırlaşırlar. Ağıl var, məntiq var; bu qədər silahlanma boşuna deyil ki. Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir. Birinci tendensiya ondan ibarətdir ki, Qərb dövlətləri aktiv şəkildə Ermənistan vasitəsilə bizim coğrafiyamızda gərginlik ocaqları yaratmağa çalışırlar. Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Yunanıstanın Rusiyadan əldə etdiyi S300-ləri Ermənistana ixrac etməsi ilə bağlı xəbərlər onu göstərir ki, Ermənistan Azərbaycanla kiçik müharibə aparmaq iddiasındadır".
Ekspert qeyd etdi ki, Ermənistanda bu gün çox ciddi iqtisadi problemlər mövcuddur: “Həmçinin bilirik ki, Ermənistanda iqtidar komandası içərisində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün qəsdən Ermənistan Azərbaycanla yeni bir müharibə aparmaq və fikirləri oraya yönəltmək istəyir”. T.İsmayılovun sözlərinə görə, digər bir hədəf də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır: “Qərbin isə Ermənistanı silahlandırmaqda bir neçə məqsədi var. Bu məqsədlərdən biri Ermənistanı silahlandırmaqla Rusiyanın bu ölkənin hərb sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin onun ərazilərindən Rusiyaya qarşı istifadə etməyə çalışmaqdır. Rusiyaya gəldikdə isə son təyyarə olayları da göstərir ki, Rusiyanın özü də etibarlı tərəfdaş ola bilmir. Azərbaycan bu gün real güc faktorudur, Ermənistanın silahlanmasına göz yuma bilmərik”.
Ötən gün axşam saatlarında İrəvandan növbəti avantürist bəyanatlar yayıldı. “Azərbaycan hücum silahları əldə edir, Ermənistan da silah alır, lakin Azərbaycandan daha az miqdarda”. Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də 2024-cü ilin yekunlarına dair mətbuat konfransında səslənib. “Silahların alınması hər kəsin suveren hüququdur. Sərhədlərini qorumaq da Ermənistanın suveren hüququdur. Amma hər hansı narahatlıq olsa belə, məlumdur ki, biz qonşularımızın ərazi bütövlüyünü tanıyırıq və qonşularımızdan da ərazi bütövlüyümüzü tanımasını gözləyirik. Biz bildirmişik ki, qonşularımıza qarşı hər hansı hərbi əməliyyat keçirmək fikrimiz yoxdur. Qonşularımızın da bizə qarşı eyni davranışı göstərməsini gözləyirik. Eyni zamanda biz ordumuzda islahatlar aparırıq və bu islahatın tərkib hissələrindən biri də silahların alınmasıdır. Biz Azərbaycanın mümkün hücum niyyətindən narahatıq. Ermənistan sırf müdafiə məqsədilə silah alıb və əldə edəcək”, - deyə Mirzoyan bildirib. Erməni nazir həyasızlıqla Azərbaycanın Ermənistanın “200 kvadrat kilometrdən çox ərazisini işğal etdiyini” də söyləyib. Onun sözlərinə görə, Ermənistan bu halda belə hərbi yola baş vurmaq fikrində deyil, lakin bu məsələyə delimitasiya prosesinin tərkib hissəsi kimi baxmaq niyyətindədir. “Biz alınan silahları geri qaytarmaq fikrində deyilik”, - deyə Ermənistan XİN rəhbəri əlavə edib.
Beləliklə, Ermənistan islah olunmaq niyyətində deyil və özünə gor qazmaqda israrlıdır. Belə görünür yenə də "Dəmir yumruq" öz sözünü deməli olacaq!
E.PAŞASOY,
“Yeni Müsavat”
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ