İnsanlara hürriyət, millətlərə istiqlal!

İki müttəfiqimiz TOQQUŞA BİLƏR - Türkiyə ilə İsrail MÜHARİBƏ ASTANASINDA!

Qardaş Türkiyə ilə dost İsrail Suriyada qarşıdurma vəziyyətindədir - Bakı onları barışdıra biləcəkmi?

İsrailin “Nagel” komitəsinin hazırladığı hesabatda bu ölkənin  Türkiyə ilə birbaşa münaqişəyə hazırlaşmalı olduğu bildirilib. Baş nazir Benyamin Netanyahu da sözügedən hesabatı şərh edib. 

“Arenaya yeni qüvvələr daxil olur və gözlənilməz vəziyyətlərə hazır olmalıyıq”, - deyə yəhudi baş nazir bildirib. “The Jerusalem Post”un xəbərinə görə, təxminən 15 il əvvəl İsraildə baş nazir Netanyahunun göstərişi ilə qurulmuş və professor Yakob Nagelin sədrlik etdiyi “Nagel” komissiyasının hazırladığı bu hesabat dünya mətbuatının da gündəmini zəbt edib. Netanyahu, müdafiə naziri İsrael Kats və maliyyə naziri Bezalel Smotriçə təqdim edilən hesabatda “təhdidlərə qarşı hərtərəfli strategiya” məsələsinə geniş yer verilib, İsrailin Türkiyə ilə birbaşa münaqişəyə hazırlaşması lazım olduğu bildirilib.

Hesabatda “Suriya təhlükəsi İran təhdidindən daha təhlükəli bir amilə çevrilə bilər”, - deyə qeyd olunub. “Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir ki, bizim ən böyük təhdidimizdir, lakin arenaya yeni güclər daxil olur və biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini və təhlükəsizliyini təmin etmək üçün yol xəritəsidir”, - deyə Netanyahu sonda bildirib. Bizə müttəfiq, dost olan İsrailin qardaşımız Türkiyə ilə Suriyada toqquşması Azərbaycan üçün arzuolunmaz ssenaridir. Onu da nəzərə alaq ki, bir müddət öncə Suriyadakı proseslərin tənzimlənməsində Azərbaycanın Türkiyə ilə birgə siyasət həyata keçirəcəyi haqda açıqlamalar verilib. Bu səbəbdən İsrail və Türkiyənin Suriyada toqquşması Azərbaycan üçün narahatlıq yaratmaya bilməz. Bəs rəsmi Bakı bu prosesləri normal məcraya yönəltmək üçün vasitəçi ölkə kimi çıxış edə bilərmi? Çünki bir müddət əvvəl Prezidentin köməkçisi Hikmət Hacıyev İsraildə oldu, prezident İsaq Hersoqla görüşdü, sonra növbəti marşrutu Türkiyəyə səfər idi. Analitiklər bu səfərləri Bakının Ankara ilə Tel-Əviv arasında gərginliyi azaltmaq təşəbbüsləri kimi qiymətləndirmişdi. Azərbaycan Türkiyə-Rusiya barışığında da vasitəçi olub. Təbii ki, dost İsrailin və qardaş Türkiyənin üz-üzə gəlməsi xoş hal deyil. Amma bu qarşıdurmanın hərbi fazaya daxil olacağı istisna edilir. 

Tramp administrasiyasının Yaxın Şərq siyasətində prioritet məsələ ABŞ-ın iki müttəfiqi - Türkiyə və İsrail arasındakı rəqabəti idarə etmək olacaq. Bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Nəşr qeyd edir ki, Suriya rejiminin süqutundan strateji qazanc əldə edən Türkiyə və İsraildir. Türkiyəli mütəxəssis Gönül Tol bildirib ki, Ankara yeni Suriyanın uğurlu olmasını və Türkiyənin maraqlarının təmin edilməsini istəyir. Türkiyədə hesab edirlər ki, İsrail Suriyaya yalnız zərər vura bilər. “WSJ” qeyd edib ki, İsrail üçün ən böyük nemət İranın “müqavimət oxu”nun süqutudur. “Əsədin devrilməsindən sonra Türkiyə şübhəsiz ki, Suriyada hakim qüvvəyə çevrilib. Bu da öz növbəsində Ərdoğanı keçmiş Osmanlı torpaqları boyunca, Liviya və Somaliyə qədər uzanan coğrafiyada təsir dairəsi yaratmaq hədəfinə yaxınlaşdırır. Bu, həm də İranla rəqabəti özündə ehtiva edir”, - nəşr yazır. Hadisələri nəşrə dəyərləndirən İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Edelşteyn isə bildirib ki, Türkiyə ilə münasibətlər pisdir, lakin hər zaman daha da psiləşməsi potensialı var: “Bu mərhələdə biz bir-birimizi təhdid etmirik, lakin Suriyada Türkiyənin dəstəklədiyi qüvvələrlə toqquşma perspektivləri mövcuddur”.

Fuad Əliyev Gəncədə seçicilərlə növbəti izdihamlı görüşünü keçirib »  Avrasiya.Net

Fuad Əliyev

Siyasi ekspert Fuad Əliyev Türkiyə-İsrail hərbi eskalasiyasını gözləmir. Onun fikrincə, hər iki dövlət ABŞ-ın müttəfiqidir və vəziyyətin bu yerə gəlib çıxması Vaşinqtonun marağında deyil. “Tramp dövründə barışığın olması, ya da mülayimləşmə istisna deyil. Hazırda Qəzza hadisələri və Suriyadakı keçid hökumətinin Ankara ilə yaxınlığı tərəflər arasında gərginliyə səbəb olub. İsrailin Qolan təpələrini aşıb Suriya ərazilərində hərbi əməliyyatlar aparması Türkiyənin hiddətinə səbəb olub. Ancaq Əsəd rejiminin devrilməsi, Suriyada həm Türkiyənin, həm İsrailin maraqlarının getdikcə təmin olunmağa başlaması belə təəssürat yaradır ki, mövqeləri üst-üstə düşür. Sadəcə, üzdə bir gərginlik olduğu müşahidə olunur. Hər halda, Azərbaycan ona yaxın olan dövlətlərin bir-biri ilə ədavətini bəyənmir, arzulamır. Biz hər zaman körpü rolu oynamağa, tərəfləri bir araya gətirməyə hazırıq, bu yöndə səylərimiz də davam etməkdədir”, - deyə F.Əliyev belə hesab edir. Onun fikrincə, bu vəziyyətdən sui-istifadə etmək istəyən qüvvələrə imkan verilməməlidir. 

Politoloq: “Bunlar Ermənistan hakimiyyətində illuziyaların yaranmasına  səbəb olub” - 23.07.2021, Sputnik Azərbaycan

 Elşən Manafov

Siyasi ekspert Elşən Manafovun sözlərinə görə, Ərdoğanın Livan, İraq və Suriyadan sonra Türkiyənin özünün də İsrailin hədəfinə gələcəyi ilə bağlı açıqlamaları var: “Bu açıqlamalar fonunda tərəflər arasında münasibətlərin kəskinləşəcəyini ehtimal etmək mümkündür. İsrailin Türkiyə torpaqlarına olan iddialarının arxasında Anadolunun zəngin su ehtiyatlarına yiyələnmək istəyi durur. Bununla belə, Türkiyənin Yaxın Şərq hadisələrində aparıcı rolu, onun hərbi gücü, beynəlxalq nüfuzu, regiona təsir imkanları İsrail tərəfindən nəzərə alınmaya bilməz. Türkiyənin Suriyada Əsəd rejiminin devrilməsində oynadığı rol ABŞ prezidenti Trampın belə, özü tərəfindən etiraf olunur”. Ekspertə görə, Suriyanın keçid hökuməti İsraillə münasibətlərə təmkinli yanaşır: “Tərəflər ABŞ-ın yeni administrasiyasının Suriya ətrafında yaşanan hadisələrə münasibətini diqqətlə izləyəcəklər. Tramp israilpərəst mövqeyi ilə tanınan siyasətçidir və Ərdoğana olan simpatiyasına baxmayaraq, rəsmi Ankara İsraillə münasibətlərdə Vaşinqtonu narazı salacaq addımlar atmaqdan çəkinəcək”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”  

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR