İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakalavr pilləsi ləğv edilə bilərmi - Rusiya və dünya təcrübəsi

Ekspert: “Bu, təhsil müddətinin uzanmasına və əlavə maliyyə yükünə səbəb olur”

Azərbaycanda bir müddətdir ki, elm və təhsildə yeni yanaşmalarla bağlı fikirlər səsləndirilir. Elm və təhsil naziri Emin Əmrullayev da dəfələrlə bu barədə çıxış edib. Yeni yanaşmalar sırasında ali təhsillə bağlı məsələlər daha aktualdır. Azərbaycanda ali təhsil prosesi xeyli çətin və mürəkkəbdir. Bunun sadələşdirilməsi və daha mükəmməl formaya keçilməsi arzuolunandır. Təhsil pillələrində dəyişiklik də bu kontekstdə müzakirə mövzusudur. 

Məsələni aktuallaşdıran səbəb odur ki, Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir. Artıq bununla bağlı qərar verilib, Rusiyada təhsilin bakalavr pilləsi ləğv edilir. Bu ölkədə iki yeni təhsil səviyyəsi tətbiq olunacaq: əsas ali (5-6 il) və ixtisaslaşdırılmış (1-3 il).

Rusiya Təhsil və Elm Nazirliyindən bildirilib ki, cari proqramlar üzrə təhsil alan tələbələr ilkin olaraq seçilmiş plana uyğun olaraq onları bitirə biləcəklər.

Bəllidir ki, Azərbaycanda qanunuvericilik bazası, təhsil strategiyası əsasən Rusiya modelinə uyğun tətbiq olunur, bu təcrübədən yararlanılır. Bu baxımdan Rusiyadan sonra Azərbaycanda da bakalavr mərhələsi ləğv edilə bilərmi? Dünya təcrübəsi necədir? 

Mövzu ilə bağlı “Yeni Müsavat” qəzetinə danışan təhsil eksperti Kamran Əsədov deyir ki, Rusiyada bakalavr pilləsinin ləğvi və əvvəlki “spesialist” modelinə qayıdış planı həm yerli, həm də xarici tələbələr üçün bir çox dəyişikliklərə səbəb ola bilər: “Bu qərar, təhsilin məzmunu, müddəti, diplomların beynəlxalq səviyyədə tanınması və tələbələrin karyera perspektivləri baxımından müsbət və mənfi təsirlər yaradır. Belə fundamental bir dəyişiklik diqqətlə təhlil edilməli və beynəlxalq təcrübə ilə müqayisə aparılmalıdır.

Bu gün tədris proqramı kifayət qədər ağırdır – Kamran Əsədov | Hafta.az

Boloniya sistemi 2003-cü ildən etibarən Rusiya təhsilinə inteqrasiya olunmuşdu. Bu sistem tələbələrə bakalavr (4 il) və magistratura (2 il) pillələri üzrə seçim imkanı təqdim edirdi və təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin edirdi. Lakin hazırkı qərar Rusiya təhsil sistemini beynəlxalq standartlardan daha çox yerli prioritetlərə uyğunlaşdırmağı hədəfləyir. Bu, özündə bir sıra müsbət və mənfi tərəfləri ehtiva edir.

Bakalavr pilləsinin ləğvi və “spesialist” modelinə keçidin müsbət tərəfləri arasında təhsilin daha dərin və kompleks olması göstərilə bilər. “Spesialist” proqramlar 5-6 il davam edir və bu müddət ərzində tələbələr bir sahə üzrə daha geniş və ətraflı biliklər əldə edə bilirlər. Bu model, xüsusilə tibb, mühəndislik və texniki ixtisaslar kimi sahələrdə tələbələrin nəzəri biliklərlə yanaşı praktiki təcrübə əldə etməsinə imkan yaradır. Təhsil müddətinin uzun olması tələbələrə ixtisas sahələrində daha çox təcrübə toplamağa şərait yaradır ki, bu da onların yerli əmək bazarına daha yaxşı uyğunlaşmasına kömək edə bilər. Rusiya Təhsil Nazirliyi də bu modelin milli təhsil sistemini gücləndirəcəyini və ölkənin peşəkar kadr ehtiyaclarını daha yaxşı qarşılamağa xidmət edəcəyini bildirir.

Dünya təcrübəsinə nəzər saldıqda, uzunmüddətli təhsil proqramlarının effektivliyi ilə bağlı bir çox nümunələr mövcuddur. Məsələn, Almaniyada tətbiq olunan “Dual Təhsil Sistemi” tələbələrin nəzəri biliklərlə praktiki bacarıqları birləşdirməsini təmin edir. Bu sistem texniki və peşəkar sahələrdə yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verir. Rusiyada “spesialist” modelinin tətbiqi də oxşar bir nəticə doğura bilər, xüsusən də milli səviyyədə ixtisaslı kadr ehtiyaclarının ödənilməsi baxımından".

Ekspertin sözlərinə görə, bakalavr pilləsinin ləğv edilməsi və “spesialist” sisteminə keçidin mənfi tərəfləri də az deyil. Ən böyük problem diplomların beynəlxalq səviyyədə tanınması ilə bağlıdır: “Boloniya sistemi tələbələrin diplomlarının Avropa və digər ölkələrdə asanlıqla tanınmasını təmin edirdi. "Spesialist" modeli isə bu standartlardan kənardır və bu, diplomların beynəlxalq səviyyədə tanınmasını çətinləşdirə bilər. Məsələn, Avropa ölkələrində “spesialist” diplomları bəzi hallarda yalnız bakalavr səviyyəsində qəbul edilə bilər, bu da tələbələrin xaricdə təhsilini davam etdirməsini və ya işə qəbul olunmasını çətinləşdirir.

Xüsusilə xarici tələbələr üçün bu dəyişiklik əlavə çətinliklər yarada bilər. Hazırda Rusiyada təxminən 300 min xarici tələbə təhsil alır və onların əksəriyyəti bakalavr proqramlarına qəbul olunub. Yeni model xarici tələbələr üçün diplomların tanınması və təhsil müddətinin uzanması baxımından əlavə maneələr yarada bilər. Xarici tələbələr Boloniya sistemindən istifadə edərək diplomlarının öz ölkələrində tanınmasını təmin edə bilirdilər. Yeni sistem isə onların təhsil planlarına və karyera perspektivlərinə mənfi təsir göstərə bilər.

Bakalavr pilləsinin ləğvi eyni zamanda tələbələrin təhsil müddətinin uzanmasına və əlavə maliyyə yükünə səbəb olur. Hazırda bakalavr təhsili 4 il, magistratura isə əlavə 2 il davam edir. “Spesialist” modeli isə tələbələrin 5-6 il ərzində təhsil almasını nəzərdə tutur. Bu, tələbələrin təhsil müddətini artırmaqla yanaşı, onların əmək bazarına daha gec daxil olmasına səbəb olur. Eyni zamanda təhsil müddətinin uzanması tələbələr və onların ailələri üçün əlavə maliyyə xərcləri deməkdir.

Müqayisə üçün, ABŞ və Avropa ölkələrində tətbiq olunan Boloniya sistemi tələbələrə daha çox elastiklik və beynəlxalq mobillik imkanı təqdim edir. Bu sistem tələbələrə bir ölkədə bakalavr təhsili alıb, digər ölkədə magistratura proqramını davam etdirmək şansı yaradır. “Spesialist” modeli isə bu cür beynəlxalq inteqrasiyanı məhdudlaşdırır və tələbələrin yalnız yerli əmək bazarına yönəlməsinə səbəb olur. Bu, qlobal əmək bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər".

Ekspert deyir ki, tələbələrin hazırkı vəziyyətdə ən böyük narahatlığı onların təhsil prosesinə və gələcək planlarına olan təsirdir: “Hazırda bakalavr pilləsində təhsil alan tələbələrin başladığı proqramı bitirmək imkanı yüksək ehtimalla qorunacaq. Bu tələbələr bakalavr diplomu alacaq və onların diplomları Boloniya standartlarına uyğun olaraq beynəlxalq səviyyədə tanınacaq. Yeni qəbul olunan tələbələr isə "spesialist" proqramlarına daxil ediləcək və bu dəyişiklik onların təhsil müddətini və karyera perspektivlərini birbaşa təsir edəcək.

Nəticə olaraq, bakalavr pilləsinin ləğvi və “spesialist” sisteminə keçid Rusiya təhsil sistemi üçün həm imkanlar, həm də çətinliklər yaradır. Bu model tələbələrin daha dərin biliklər əldə etməsini və milli kadr hazırlığını gücləndirə bilər. Lakin beynəlxalq səviyyədə tanınma və tələbələrin qlobal əmək bazarına inteqrasiyası baxımından ciddi problemlər ortaya çıxa bilər. Xarici tələbələr üçün bu dəyişiklik əlavə hüquqi və akademik maneələr yarada bilər, bu da Rusiyada təhsilə olan marağın azalmasına səbəb ola bilər".

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR