İnsanlara hürriyət, millətlərə istiqlal!

Adını İslam Respublikası qoyub şeytanla işbirliyinə girən İran

İran yenə öz ampluasındadır. Ənənəvi siyasətini davam etdirir. Nədir bu ənənəvi siyasət? Şərə, terrora, işğalçıya dəstək, din pərdəsi adı altında qonşu ölkələrə terrorizm və ekstremizmi ixrac etmək. Yox, yalnış anlaşılmasın, Tehran heç də bütün qonşu ölkələrə şəri, terrorizmi ixrac etmir. Onun öz hədəfi, öz məqsədi var. Tehran üçün başlıca hədəf Azərbaycan, azərbaycanlılardır. Ona görə də fars şovinizmi öz iyrənc siyasətini birbaşa Azərbaycan üzərində qurub. Nə üçün Azərbaycan, hansı səbəbdən? Bu səbəblərə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov diqqət çəkir və Tehranın Bakını hədəf seçməsini belə xarakterizə edir.

"Bunu birmənalı olaraq dərk etmək lazımdır ki, azərbaycanlılar İran üçün qorxu mənbəyidir. Təkcə Güneydə yaşayan 40 milyon azərbaycanlı deyil, eləcə də müstəqil Azərbaycan respublikasının vətəndaşları, hətta Borçalı türkləri belə nə qədər absurd da olsa İran üçün potensial təhlükə mənbəyi hesab olunur".

AVP rəsmisi deyir ki, müstəqil Azərbaycana ayaq açandan etibarən İran burada özünə şəbəkə, potensial terror dəstəsi yaradıb. Yaxın tariximizdə Azərbaycan ərazisində baş verən bir neçə qanlı olaylar fonunda bunu aydın görmək mümkündür. Bu hələ son deyil. İran Borçalı türklərini də özü üçün potensial təhlükə hesab edərək onlar arasında da öz şəbəkəsini qurmağı bacarıb. Son illərdə Gürcüstanda yaşayan azərbaycanlılar arasında İranın çox ciddi şəkildə iş aparması nəticəsində konkret bu ölkədəki soydaşlarımızın fonunda İranın terrorçu şəbəkəsi formalaşıb. Nə qədər acı da olsa Gürcüstandakı soydaşlarımızın müəyyən bir hissəsi günümüzdə Azərbaycan dövlətindən daha çox fars şovinizminə rəğbət edir, onun təbliğatçısına çevrilib. Təsəvvür edin, İranın uydurduğu dini mərasimlərə Azərbaycan dövlətçiliyi üçün mühüm əhəmiyyət kəsb edən və bu ölkədə keçirilən tədbirlərə yığılan azərbaycanlılardan daha çox soydaşımız toplanır. Kifayət qədər ciddi və təhlükəli tendensiyadır".

Arzuman Abdulkərimovun sözlərinə görə, İran istər müstəqil Azərbaycan vətəndaşları, istərsə də Borçalı türkləri arasında ona görə şəbəkə qurub onlardan öz əlaltıları yaradır ki, Güney Azərbaycanda soydaşlarımız ayaqlananda, Tehrana qarşı haqlı tələblər irəli sürəndə Azərbaycan vətəndaşları və Borçalı türkləri tərəfindən onlara dəstək verilməsin. Əksinə İranın mövqeyi ciddi şəkildə müdafiə olunsun. Ancaq İran unudur ki, dünya azərbaycanlıları bütün yad ünsürlər, ölkəmizə nəyin ixrac edilməsindən asılı olmayaraq zamanı gələndə və situasiya yetişəndə birləşməyə qadirdirlər. Eyni zamanda azərbaycanlılar, Azərbaycan dövləti dünyanın hər bir nöqtəsində olan soydaşlarımızla həmrəydir, onların bir nömrəli himayədarıdır. Bu elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ötən həftə sonu Türk Dövlətləri Təşkilatının baş katibi ilə keçirdiyi görüşdə də təsdiqini tapdı. Dövlət başçısı deyirdi: "Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik".

Fars rejimi təkcə azərbaycanlılar arasında şəbəkə qurub ölkəmizə terroru ixrac etmir, eyni zamanda bizə qarşı terror həyata keçirənlərlə də şərik işləyir, onlarla həmrəy olur. Tehranın İrəvana dəstəyi fonunda bunu aydın görmək mümkündür. Arzuman Abdulkərimovun sözlərinə görə, İranın Azərbaycana qarşı ən güclü təsir vasitəsi təəssüflər olsun ki, Ermənistandır: "İstər Birinci Qarabağ müharibəsi, istər İkinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan əvvəl və sonra aydın şəkildə müsəlman İranının xristian Ermənistana dəstək verdiyini görmüşük. Din qardaşlarına qarşı separatizm və terrorizmi həyata keçirən xristian ölkəsi zaman-zaman Tehran tərəfindən dəstəklənib, ona müxtəlif cür yardımlar edilib. Hətta 44 günlük Vətən müharibəsində İran Ermənistanı silahlandırıb ki, müsəlman qardaşları ermənilər tərəfindən qətlə yetirilsin".

Bəli, təəssüflər olsun ki, İranın iyrənc siyasəti Azərbaycan dövlətindən və Azərbaycan türkündən özünə düşmən obrazı yaratmaq üzərində qurulub. Nə qədər məntiqsiz olsa da. Halbuki bu gün İran bir dövlət kimi var olmasında azərbaycanlılara, onların Ana Vətəni olan Azərbaycana borcludur. Məhz 40 milyonluq Güneyli soydaşlarımızdır İranı bir dövlət kimi dirçəldən, onun möhkəmlənməsinə, ayaqda durmasına qatqı sağlayan. Baxmayaraq ki, Tehran buna rəğmən Güneydəki Azərbaycan türklərinə qarşı düşmən mövqeyindən əl çəkmir. Eləcə də İranın varlığında Azərbaycan dövlətinin payı böyükdür. Təkcə bir faktı nəzərə alaq. Yaxın tariximizdə böyük güclərin, Birləşmiş Ştatların İranı vurmaq üçün ərazimizdən istifadəsinə dövlətimiz tərəfindən icazənin verilməməsinin nəticəsidir ki, bu gün İran dövlət olaraq mövcuddur. Əks təqdirdə bu gün İran da İraq, Suriya və digər ərəb ölkələri kimi parçalanmış, dağılmış bir durumda idi".

AVP rəsmisinin sözlərinə görə, İranı bu gün əsas narahat edən, onu qıcıqlandıran əsas amil güclü Azərbaycan dövlətidir. Daha doğrusu Azərbaycan dövlətinin gün-gündən güclənməsi, təkcə regional deyil, eləcə də qlobal bir aktora çevrilməsi Tehran üçün qəbuledilməzdir: "Konkret olaraq İran qonşusunda güclü bir Azərbaycan dövlətinin mövcudluğundan ehtiyat edir, bu reallığı qəbul etmək istəmir. Xüsusilə, 44 günlük Vətən müharibəsi və torpaqlarımızın işğaldan azad ediıməsindən sonra İran daha ciddi şəkildə Azərbaycana qarşı fəaliyyətə keçib. Bu günlərdə tez-tələsik Qafanda kənd dükanını xatırladan və konsulluq adı verilən binanın açılması da İranın əndişəsindən irəli gəlirdi. Göründüyü kimi, adını İslam Respublikası qoyub, lakin İslamla heç bir bağlılığı olmayan İran Azərbaycanı zəiflətmək, ona əngəl yaratmaq üçün şeytanla belə işbirliyinə girməkdən çəkinmir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR