Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.
Maraqlıdır, II Qarabağ müharibəsindən sonra adətən Ermənistana səfərləri ilə yadda qalan ABŞ Müdafiə və Kəşfiyyat orqanlarının səlahiyyətliləri bu dəfə nə əcəb Bakıya səfər etmək barədə düşünüblər? Azərbaycanla ABŞ-ı hansı təhlükəsizlik hədəfləri birləşdirir ki, Patrik Prior Prezidentin köməkçisi Hikmət Hacıyevlə bu məsələlər ətrafında müzakirələr aparıb?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, xüsusilə son zamanlar yayğınlaşmış qənaətlərin əksinə, Azərbaycanla ABŞ arasında çox sıx müdafiə əlaqələri var və onu birdən-birə kəsib atmaq olmaz:
“Əvvəla, Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, dünya ağalığı uğrunda mübarizə aparan heç bir dövlət onu bir kənara qoyub regionda rahat hərəkət edə bilməz. Ölkəmiz Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən mühüm “körpü dövlət”lərdən biridir. Azərbaycansız iki region arasında əlaqə qurmaq mümkün deyil. Yeri gələndə, ya Ermənistanın, ya da Gürcüstanın biri bu körpünün pazlı olmaqdan çıxsa, dünya dağılmaz. Azərbaycanın kənarda qalması isə Qərbin Mərkəzi Asyaya açılımının üzərindən xətt çəkər. Bu baxımdan Azərbaycan Cənubi Qafqazdakı yeri əvəzedilməzdir. Digər tərəfdən, Azərbaycan öz təbii sərvətləri ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. “Qoca qitə”nin Rusiya asılılığından qurtulması üçün bu birliyə ehtiyac var. Əks halda, xüsusilə Şərqi Avropa ölkələri ABŞ-Rusiya rəqabətində çətin vəziyyətə düşər və ağ bayraq qaldırar. ABŞ da məhz bu səbəbdən özünün əsas tərəfdaşlarını itirmək istəmir və Azərbaycanla münasibətlərini davam etdirməyə maraq göstərir. Ən əsası, biz Türkiyənin birbaşa yardımları ilə Ordumuzu NATO standartlarına ən çox uyğunlaşdırmış Cənubi Qafqaz ölkəsiyik. Silahlarımız da bu standartlara uyğundur. Sözsüz ki, NATO-nun cənub-şərq qanadının lokomotivi kimi çıxış edən Türkiyə bunu ABŞ-ın bilgisi xaricində həyata keçirməzdi. ABŞ-ın buna etirazı olsaydı, bəlkə də bu yardımlaşma reallaşmazdı. Üstəlik, Azərbaycan Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi sayəsində faktiki NATO-nun gizli üzvünə çevrilib. Əlbəttə ki, bizim ətrafımızda baş verənlər ABŞ-ı da dərindən ilgiləndirir və ilgiləndirməlidir də. ABŞ-ın son zamanlar əsas probleminə çevrilmiş İran məsələsi də bizi yaxınlaşdırır. Azərbaycanın son vaxtlar İran tərəfindən açıq şəkildə təhdid edilməsinin artdığını nəzərə alsaq, anlaya bilərik ki, ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prioru Bakıya səfərə gəlməyə vadar edən səbəblərdən biri də budur”.
Heydər Oğuz qeyd edib ki, İranla aramızda son zamanlar çıxan gərginliyin əsas səbəblərindən biri Zəngəzur dəhlizidir:
“İran müxtəlif bəhanələrlə bu dəhlizin açılmasına mane olmağa çalışır və bizdən çox Ermənistanı təhdid edir.
Azərbaycan yeri gələndə Avropa ilə nəqliyyat bağlantısını Gürcüstan vasitəsilə həyata keçirir. Ermənistanın dalandan çıxması üçün isə mütləq Zəngəzur dəhlizi açılmalıdır. İran isə buna razılıq vermək istəmir, Ermənistana təzyiq edir və rəsmi İrəvan da başını aşağı salıb onun hər dediyi ilə oturub durur. Nəticədə ABŞ-ın Cənubi Qafqaz siyasəti iflasa uğrayır. Bu baxımdan, ABŞ üçün Cənubi Qafqazın ən zəif həlqəsi Ermənistan, ən güclü həlqəsi isə Azərbaycandır. Hazırda ABŞ hakimiyyəti Ermənistanın başını sığallasa da, ona güvən vermək xətrinə bəzən bizə barmaq silkələsə də, əsl həqiqətdə Vaşinqtonun itirə bilməyəcəyi ölkə bizik, Ermənistan yox. Bu ona bənzəyir ki, ağlayan uşağı sakitləşdirmək üçün onun xətrinə dəyən böyüklərdən birini ən sərt qaydada tənbeh edirsən”.
Siyasi şərhçi Patrik Priorun Bakı səfərini yalnız Cənubi Qafqazda yaşanan problemlərlə məhdudlaşdırmaq fikrində deyil. Onun dediyinə görə, Priorun Bakıya səfəri ilə təxminən eyni gündə Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Con Fayner Kiyevə getmişdi:
“Ukrayna və ABŞ rəsmilərinin mətbuat açıqlamalarından aydın olur ki, Fayner Kiyevdə ölkə prezidenti Zelenski və Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşmüşdü. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin sözlərinə inansaq, Fayner Kiyevdə olarkən Baydenin prezidentliyinin qalan hissəsi üçün strateji planlaşdırmanı koordinasiya etmək üçün səfərə gəlmişdi. Nəzərə alsaq ki, Zelenskinin özü də yaxınlarda ABŞ-a gedəcəyini və ölkənin həm indiki, həm də gələcək prezidentliyə namizədləri ilə görüşəcəyini, onlara Ukraynanın qələbəsinin yol xəritəsini göstərib kömək istəyəcəyini bildirmişdi, o zaman Vaşinqtondan regiona səfərlərin əsl mətləbi ortaya çıxır. Anlaşılan budur ki, Vaşinqton Ukraynaya ciddi hərbi dəstək verəcəyi halda, Rusiyanın və İranın hansı addımlar ata biləcəyini müəyyənləşdirmək niyyətindədir. Rusiyanın başının Ukraynada bərk qarışdığından faydalanan İranın Cənubi Qafqazda ciddi təxribatlar törədə biləcəyi istisna edilmir”.
Heydər Oğuz iki gün əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə Böyük Britaniyanın MI6-nın rəhbərlərinin Londonda birgə mətbuat konfransı keçirdiklərini və Rusiya əleyhinə ciddi bəyanatlar verdiklərini də bu kontekstdə təsadüfi saymır:
“MKİ-nin direktoru Villiam Börns mətbuat konfransında Avropa müttəfiqlərinə “rus təhlükəsi” barədə xəbərdarlıq etdikdən sonra onları Moskvadan çəkinməməyə və Ukraynanı daha ciddi şəkildə dəstəkləməyə çağırdı. Ukraynanın Kurs əməliyyatını Rusiya üzərində qazanılan taktiki uğur kimi qiymətləndirən Börns, lakin bunun Putin rejimini zəiflətmədiyini bildirdi. Kəşfiyyat şefinin fikrincə, Rusiyanı tam məğlubiyyətə uğratmaq üçün Avropa ölkələri daha ciddi çalışmalı və Putinin təhdidlərinə boyun əyməməlidirlər. Görünən budur ki, növbəti payız və ya yaz mövsümündə ABŞ öz tərəfdaşlarını və müttəfiqlərini böyük döyüşlərə hazırlayır. Belə bir kritik zamanda Patrik Priorun Bakıya gəlib Azərbaycan rəsmiləri ilə məsləhətləşmələr aparması təsadüfə oxşamır”.
Həmsöhbətimiz Azərbaycanın son zamanlar BRICS-ə üzvlüklə bağlı müraciətinin də ABŞ-ı narahat edə biləcəyini düşünür:
“Görünür, Vaşinqtondakılar bizim ciddi şəkildə belə bir fikrə düşdüyümüzü, yoxsa blef etdiyimizi dəqiqləşdirmək istəyirlər. Əslində Prezident İlham Əliyev buna cavabı Beynəlxalq Çernobbio Forumunda verdi.
Beynəlxalq forumda moderatorun suallarını cavablandıran ölkə başçısı rəsmi Bakının Avropa İttifaqı ilə gərgin münasibətini “adekvat cavab” olaraq dəyərləndirdi. Bununla da “Avropa bizə qarşı iddialarından çəkilsin, biz də yenidən Avropa Şurasına qayıdaq” mesajını verdi”.
Heydər Oğuzun fikrincə, ABŞ və Avropa İttifaqının Azərbaycanla yenidən əlaqələrini genişləndirməyə çalışması rəsmi Bakının diplomatik uğurudur və yəqin ki, bu münasibətlər getdikcə əvvəlki axarına qayıdacaq.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ