Onlayn ictimai-siyasi qəzet
Qərb dairələri İrəvanı yeni savaşa sürükləməyin planları üzərində işləyir; hikkəli planların məqsədi bir çox ölkələri Ukraynanın gününə salmaqdır
“Ermənistanın revanş haqda düşünməsini düzgün hesab etmirəm. Bu, sadəcə, intihar olardı”.
Bunu Rusiyada yaşayan erməni rejissor və ictimai xadim Karen Şahnazarov “Moskva-Bakı” platformasında deyib.
“Belə bir ssenari Cənubi Qafqazı növbəti qan gölünə sürükləyəcək. Bəli, bu, onun (Qərbin - red.) xarakterindədir və mənə elə gəlir ki, əgər Qərb Ermənistanı ələ keçirsə, onu müharibəyə sövq etmək İrəvanın maraqlarına uyğun deyil. Qərb Cənubi Qafqazı, sonra isə Azərbaycanı, İranı və Türkiyəni təhdid edəcək. O, regionda öz varlığını ciddi arqumentə çevirmək istəyəcək”, - Şahnazarov əlavə edib.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov isə deyib ki, Qərb İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək adı ilə NATO ölkəsi kimi özünün “sülhməramlı” kontingentini Cənubi Qafqaza daxil etməyə çalışır.
“Amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün "sülhməramlı" kontingentinin - de-yure BMT-nin himayəsi altında və de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır. Bu cür “sülhməramlılığın” mümkün xarakteri artıq ondan xəbər verir ki, AB-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti həyata keçirir", - Bortnikov vurğulayıb.
Onun sözlərinə görə, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxarmağa çalışır ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində NATO-dan daha da asılı vəziyyətə salacaq.
Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Amerikanın əsl niyyətini ifşa etdi: “Qərbin, konkret olaraq Amerikanın hazırda Qafqaz üzərindən sərgiləmiş olduğu siyasət birmənalı şəkildə sülhü əngəlləməyə, aranı qatmağa, öz təsir gücünü bölgədə bərqərar etməyə yönəlmiş, hesablanmış bir xəttdir. Üzdə prioritet kimi göstərdikləri demokratiya, insan hüquqları, azadlıqlar-filan və guya bu dəyərləri bütün dünyada qorumaq təşəbbüsləri, cəhdləri isə sadəcə manipulyasiyadır, oynadıqları saxta, riyakar tamaşaların tərkib hissəsidir.
Nə istəyir Amerika? Sabitlikmi? Yox, əlbəttə. Ədalətmi? Yenə də yox. Regionun inkişafınımı? Əsla! Ona lazım olan, sadəcə, hegemonluqdur, kiməsə göstərməyə çalışdığı demarşdır, niyyətini və hikkəsini beynində tutduğu, planladığı məkanlara yeritməkdir. Nəticə etibarilə hamını Ukraynanın gününə salmaqdır!
Gürcüstan parlamentinin sədri Papuaşvili də Amerikaya bəlli sanksiyalardan dolayı ən sərt cavabı verdi və dedi ki, biz sizin ştatınız-filan deyilik. Nə deməkdir bu? Bu o deməkdir ki, Amerika hamının üzərinə trafaret üsullarla gedir və heç özünə əziyyət verib fərqli yöntəm də axtarmır. Ki, məsələn, Gürcüstanın üzərinə sanksiya səbəbi ilə şığıdım, Azərbaycan üçün başqa səbəb tapım. Xeyr! Artıq tam şablona köklənib və elə açıqca deyir ki, siz də Ermənistan kimi olun, mənim patronajlığımı qəbul edin, mənə tabeçilik göstərin.
Sadəcə, bu dövlət və onun başbilənləri bir şeyin fərqində deyillər ki, dünya dəyişib və Ermənistan kimi bəzi istisnalar olmaqla heç kimlə bu tonda, bu ritorika ilə, bu ahənglə danışmaq olmaz. Əsas da ona görə olmaz ki, onların belə danışmağa haqqı yoxdur. Haqq qalsın bir yana, heç təpəri, resursu, gücü də yoxdur. Tutaq verdi sanksiya. Sonra? Sonra neyləcəyək? Neyləyə bilər? Heç nə!
Hərdən müəyyən kəsim tərəfindən belə fikirlər də səslənir ki, Amerika kimi dövlətlə münasibətlərdə bir az ehtiyatlı olmaq lazımdır. Qətiyyətlə həmin fikrin əleyhinəyəm! Nə ehtiyat? Guya ehtiyat eləsən nə dəyişir, etməsən nə dəyişir? Hansı rakursdan baxsan həmin Amerikadır da. Dosta da düşmən, düşmənə də düşmən kəsilməyi bacaran Amerika. Ona görə elə ən doğru addım odur ki, ağızlarının payını vaxtında verəsən və yerlərini göstərəsən. Necə ki, göstəririk".
Sona Əliyeva
Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Ermənistanın silahlandırılmasında iki səbəb görür: “Hazırda Ermənistan odla oynayır. Qərbin Ermənistanı sürətlə silahlandırması regionda yeni savaşların xəbərçisidir. Düşünürəm ki, Qərb koalisiyasının Ermənistanı silahlandırmasının iki əsas səbəbi var. Birincisi, Azərbaycandan revanş almaq üçün işğalçı ölkəni tətikləmək, ikincisi, silahları Zəngəzur dəhlizinə yığmaqla İranla mümkün savaş reallığında həmin silahlardan Tehrandakı molla rejiminə qarşı istifadə etməkdir. Bu baxımdan, Ermənistan həm Bakı, həm də Tehranın maraqlarına ciddi təhdid yaradır. İrandakı rejimin "bacı" sevgisi bəslədiyi Paşinyan hakimiyyəti molla rejiminə növbəti ağır zərbə vuracaq. Artıq buna Tehranda da şübhə etmirlər.
Əgər həmin silahlar Azərbaycana qarşı çevrilərsə, Azərbaycan Türkiyə və Rusiya ilə birgə hərəkət edəcək ki, bu da Ermənistanın tarix səhnəsindən birdəfəlik silinməsinə gətirib çıxaracaq. Qərbin Cənubi Qafqazda at oynatması Kreml və Ankara tərəfindən həzm olunmaz bir addımlar silsiləsidir. Bu baxımdan, düşünürəm ki, Ermənistana daşınan silahlar daha çox İranı yıxmaq üçün hədəflənib. Digər tərəfdən, ABŞ və Qərb İrana hədəfləndiyi bir məqamda Ankara və Kremllə burun-buruna gəlmək istəməyəcək. Bu, Qərbin ayaqlarının bölgədən birdəfəlik kəsilməsi demək olacaq.
Hətta növbəti toqquşma Azərbaycanla yekunlaşmayacaq. Ermənistan Gürcüstan üçün də təhlükədir. Ona görə də rəsmi Tiflis də Ermənistanın sürətli silahlanmasından narahat olmalıdır. Çünki son həftələrdə İrəvan Dövlət Universitetinin tələbələri Cavaxetiyanın Ermənistana birləşdirilməli olduğunu yenidən gündəmə gətirməyə çalışırlar. Amma Ermənistana hədiyyə edilən silahların yaxın gələcəkdə Azərbaycana qarşı tuşlanmayacağına heç kəs zəmanət verə bilməz. Üstəlik, kapitulyant Paşinyan hakimiyyətini kürsüsündə saxlamaq üçün ona “xırda qələbələr” seriyası lazımdır. Qərb dairələri bu səbəbdən İrəvanı yeni savaşa sürükləməyin planları üzərində işləyir. Hətta vəziyyət Qərbin ssenarisi üzərində davam edərsə, üçüncü dünya müharibəsinin qığılcımları məhz Güney Qafqazda alovlana bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ