Onlayn ictimai-siyasi qəzet
ABŞ 15 il ərzində İranın Fordo şəhərində yerləşən nüvə obyektini məhv etmək üçün gizli əməliyyat hazırlayıb. Hədəf İranın dağlıq ərazisində yerləşən və uranın zənginləşdirilməsi üçün istifadə olunan xüsusi obyekt olub.
Musavat.com xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
İyunun 22-də ABŞ Fordodakı nüvə obyektinə hava hücumu təşkil edib. Bu hücum zamanı ilk dəfə olaraq real döyüş şəraitində 13 tonluq qeyri-nüvə GBU-57 Massive Ordnance Penetrator (MOP) aviasiya bombalarından istifadə edilib. Bu bombalar məhz obyektin məhv edilməsi üçün xüsusi hazırlanıb.
ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib ki, Müdafiə Nazirliyinin Təhlükələrin Azaldılması Agentliyinə bağlı iki zabit 2009-cu ildə Fordo obyektini tədqiq etməyə başlayıblar. Onlara İranın dağlıq bölgəsində aparılan böyük tikinti layihəsinə dair məxfi fotoşəkillər və kəşfiyyat məlumatları təqdim edilib.
Keyn deyib ki, bu obyektə qarşı mövcud olan heç bir silahın kifayət etməyəcəyini anlayan zaman yeni silah sisteminin – GBU-57 bombalarının – hazırlanması prosesi başlanıb. Bu müddət ərzində yüzlərlə sınaq atışları həyata keçirilib və “çox real hədəflərə qarşı tam ölçülü silahların tətbiqi” test olunub.
Əməliyyat “Midnight Hammer” (“Gecəyarısı çəkici”) adı altında həyata keçirilib və bu qərar ABŞ prezidenti Donald Trampın rəhbərliyi ilə qəbul edilib.
21 iyun saat 18:45-də (Vaşinqton vaxtı ilə) start verilən əməliyyat İran vaxtı ilə 22 iyun saat 02:15-də baş tutub.
ABŞ-ın B-2 Spirit strateji bombardmançıları Missuri ştatındakı Vaytmen aviabazasından havaya qalxaraq Fordo və daha bir nüvə obyektinə 14 ədəd GBU-57 bombası atıblar.
Rəsmi məlumata görə, bu hücum nəticəsində obyektlər tamamilə məhv edilib və İranın nüvə proqramı bir neçə il geriyə atılıb.
Keyn onu da qeyd edib ki, uçuşlar 36 saat fasiləsiz davam edib və 21 min km-dən çox məsafə qət olunub.
ABŞ tərəfinin yaydığı məlumatda bu əməliyyatın İranın nüvə planlarına ciddi zərbə vurduğu və regionda strateji balansı dəyişdirdiyi bildirilir.
Musavat.com
27 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ