İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dünyadakı “səsini” batırır: radioların bağlanması...

Deputatın fikrincə, ABŞ başqa təşkilat adı ilə əvvəlki siyasətini davam etdirəcək; politoloq isə burada ciddi məqsəd görür

ABŞ-da dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının fəaliyyəti dayandırılmaq təhlükəsi ilə üzləşib. Yeni administrasiya “The New York Times”, “NBC News”, “NPR” və “Politico”ya xəbərdarlıq edib ki, fevralın 14-dək Pentaqondakı ofislərini boşaltsınlar. Onların yerini isə mühafizəkar və ifrat sağçı nəşrlər tutmalıdır: “The Times”, “One America News”, “Breitbart News” və “HuffPost” tutmalıdır. Bu azmış kimi, Amerika büdcəsindən xərcləmələrə nəzarət üçün “revizor” təyin edilən İlon Mask   “Amerikanın səsi” (Voice of America) və “AzadlıqRadiosu” (Radio Free Europe/Radio Liberty) media layihələrinin bağlanmasını da istəyib. 

“Bəli, onları bağlayın”, - Mask yazıb və əlavə edib ki, Avropa artıq azaddır, bu KİV-ləri heç kim dinləmir və onlar “amerikalı vergiödəyicilərinin cibindən ildə 1 milyard dollar yeyirlər”.

Qeyd edək ki, ABŞ-ın keçmiş milli kəşfiyyat direktoru Rik Qrenell “Amerikanın səsi” və “AzadlıqRadiosu”nun qərəzli olduğunu bildirib. O, bu media platformalarının radikal solçuların meydanına çevrildiyini iddia edib.

 “Dünyada alternativ informasiya əldə etmək imkanları genişləndikcə xarici təsirləri azaltmaq həm də hər bir dövlətin təhlükəsizlik məsələsinə çevrilir. Odur ki, ölkələr təhlükəsizliyi təhdid edən mənbələri neytrallaşdırmağa çalışırlar. Belə çıxır ki, həmin radiolar qlobal təhlükəsizlik baxımından ABŞ-ın maraqlarına artıq uyğun sayılmır. Ona görə də sözü Ağ Evdə keçən İlon Mask maliyyələşdirmə məsələsini qabartmaqla onların bağlanmasına diqqəti çəkib.

Hazırda Rusiya Ukraynada müharibə aparır. Ukraynalıların isə daha çox hərbi sahədə yardıma ehtiyacı var. Çünki bu savaşın hədəfləri məlumdur. Onu “Azadlıq”sız belə şərh edənlər çoxdur. “Amerikanın səsi” və "AzadlıqRadiosu"ı artıq aparıcı deyillər. Onlar “soyuq savaşın” qalibləridir. Odur ki, bu informasiya vasitələri ya tarixə qovuşacaq, ya da dəyişəcək...", - deyə “Report” öz şərhində yazıb.   Qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi (USAİD) haqda da bağlamaq qərarı verib.  Bu adı çəkilən təşkilatlar və təbliğat maşınları bütün hallarda ABŞ-ın “yumşaq gücü” hesab olunur. İndi ABŞ onunla üzülüşür, yoxsa yeniləyərək bu dəfə də Respublikaçılara işləməyə məcbur etmək istəyirlər?

gunay agamali.jpeg (96 KB)

 Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı USAİD-ın ləğv edilməsinin Amerikanın ambisiyalarından geri çəkilməsi anlamına gəlməməli olduğunu vurğuladı: “ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) uzun müddət Vaşinqtonun” yumşaq güc" siyasətinin əsas simalarından biri olub. Təşkilat hər zaman demokratiyanın inkişafı və humanitar yardımlar adı altında Amerikanın maraqlarını təmin etməyə hesablanmış alət rolunda çıxış edib. USAİD-in fəaliyyətinin əsas istiqaməti ölkələrin daxili işlərinə qarışmaq, total hücumlar təşkil etmək, xaos və qeyri-sabit vəziyyət üçün münbit şərait yaratmaqdan ibarət olub. Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən agentlik erməni lobbisinin təsiri altında dəfələrlə anti-Azərbaycan bəyanatları səsləndirib. Bununla yanaşı, keçmiş qondarma rejimi dəstəkləməklə ərazi bütövlüyümüz və suverenliyimizə yönəlik təhrikçi addımlar atıb. Lakin yeni prezident Donald Tramp və komandası ölkənin xarici siyasət strukturunda köklü dəyişikliklər etmək qərarına gəldi və USAİD-in fəaliyyətinin dayandırılması onlardan biridir. Tramp administrasiyası xarici yardım proqramlarını tənzimləməklə daha mühafizəkar bir yanaşma tətbiq edir. Müəyyən dövlət proqramlarının ləğvi Trampın milli məqsədləri ön planda tutması ilə əlaqəlidir. Hazırda USAİD-in fəaliyyəti ilə bağlı dəhşətli fikirlər səsləndirilməyə başlanılıb ki, bioloji silahların, o cümlədən COVİD-19-un maliyyələşdirilməsi də iddialar sırasındadır. Qeyd etdiyim iddialar fonunda 3 fevraldan etibarən Beynəlxalq İnkişaf Agentliyi rəsmi olaraq Dövlət Departamentinin nəzarətinə verildi, rəhbər heyət istefaya göndərildi və agentliklə bağlı bütün sosial media hesabları silindi. USAİD yarıtmaz fəaliyyəti ilə Vaşinqtonun nüfuzuna xələl gətirib və onun ləğvi heçdə ABŞ-ın ambisiyalarından geri çəkilməsi kimi qiymətləndirilməməlidir. Çünki bir müddət sonra fərqli adda və strukturda yeni qurumun yaradılmasının şahidi olacağıq. Donald Tramp ÇİN və Rusiyaya qarşı daha mütəşəkkil mübarizə metodları hazırlamaq niyyətindədir və nüfuzdan düşmüş Beynəlxalq İnkişaf Agentliyi və onun dəsti-xətti ilə hərəkət edən media qurumları bu siyasətə uyğun deyil".

resad.jpg (16 KB)

Rəşad Bayramov 

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov burada başqa məqsəd görür: “Büdcə vəsaitlərinin maksimum şəkildə qənaət edilməsini qarşısına məqsəd qoyan Tramp administrasiyasının ayrı-ayrı təşkilatlara və xarici dövlətlərə ayrılan maliyyə vəsaitini dayandırdıqdan sonra indi də media qurumlarını hədəf alan addımları hər nə qədər gözlənilməz olsa da başa düşüləndir. 34 trilyon dollardan artıq dövlət borcu olan bir ölkənin maliyyə vəsaitini hara və necə gəldi xərcləməsinə nəhayət ki, "dur" deyilməydi. Amma ABŞ kimi bir dövlətin büdcədən maliyyələşən media qurumlarına ayrılan vəsaiti dayandırması təbii ki, iqtisadi məsələlərlə bağlı deyil. Çünki bu vəsaitin həcmi ABŞ büdcəsi üçün qəpik-quruşa bərabərdir. Məsələ, həmin media qurumlarının apardıqları siyasi xətlə bağlıdır. Heç kimə sirri deyil ki,  “The New York Times”, “NBC News”, “NPR” və “Politico”,  “The New York Times” və “Associated Press” kimi media nəhəngləri fəaliyyətləri dövründə daha çox demokratlara yaxınlıqları ilə seçiliblər. Bu hətta Respublikaçıların hakimiyyətləri dövründə də belə olub. Başqa sözlə desək, Tramp administrasiyası Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask təklifləri ilə faktiki olaraq Demokratların təbliğatında mühüm rol oynayan və son seçki dövründə anti-Tramp mövqeyi ilə seçilən təbliğat qurumlarını hədəfə alır. İctimai rəyə isə bu addımlar vergi ödəyicilərinin pullarının israfının qarşısı alınması kimi təqdim olunur. Maliyyələşmənin dayandırılması təbii ki, nəşrlərin fəaliyyətinə ciddi təsir edəcək. Çünki bu nəşrlər qeyri-kommersiya qurumları kimi fəaliyyət göstəriblər. Dövlət maliyyələşməsi yoxdursa, yeni maliyyə mənbələri tapmaq məcburiyyəti ortaya çıxacaq.

İlon Maskın “Amerikanın səsi” və “AzadlıqRadiosu” media layihələrinin bağlanması ilə bağlı çağırışlarına və il ərzində bu radiolar üçün amerikalı vergiödəyicilərinin cibindən 1 milyard dollar yeyilməsinə gəldikdə isə deyim ki, adıçəkilən hər iki media qurumu əsasən xaricdəki auditoriya üçün nəzərdə tutulmuş media qurumlarıdır. İndi onların bağlanmasına çağırışlar Tramp hakimiyyətinin bu media qurumlarının xarici auditoriya üçün cəlbedici olmadığı qənaətindən və eləcə də daha çox solçu mövqedən çıxış etməsindən qaynaqlanır.

Amma istənilən halda, maliyyələşməsi dayandırılan media qurumlarının bir kənara atılacağına inanmıram. Çünki bu media quruluşları öz sıralarında kifayət qədər tanınmış, ictimai rəyə təsir edə biləcək jurnalistləri birləşdirir. Yəni başqa sözlə, mətbuata qarşı atılan addımlar anti-Tramp mövqeli böyük bir jurnalist ordusunun meydana çıxmasına gətirib çıxara bilər. Bunu təbii ki, Tramp administrasiyası da bilməmiş deyil. Odur ki, indiki kampaniya daha çox adıçəkilən media qurumlarını öz nəzarəti altına almağa hesablanıb".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR