İnsanlara hürriyət, millətlərə istiqlal!

“ABŞ-da yarımçıq sülh sənədi imzalanmalı idi”

Yerkramas.org: “Bu razılaşma sxemini Coşua Hek hazırlamışdı, amma Azərbaycan...”

“Paşinyanın komandasının üzvləri Nyu-Yorka səfərindən sonra pərdəarxası proseslərin təfərrüatlarını açıqlayaraq qeyd ediblər ki, ABŞ-da razılaşma sənədi imzalanmalı idi. Türkiyə, Azərbaycan və Ermənistan arasında regional qarşılıqlı fəaliyyət formatı razılaşdırılmalı, Türkiyə prezidenti isə proseslərin koordinatoru  olmalı idi. Bu razılaşma sxemini Cənubi Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Coşua Hek hazırlamışdı”.

Bu ilginc iddia haqda Yerkramas.org saytı yazıb. Bildirilir ki, guya Azərbaycan ABŞ-ın patronajlığı ilə razılaşmayıb. Beləliklə, Dövlət Departamentinin planına zidd olaraq ABŞ-da heç bir sənədə imza atılmadı. 

Sözsüz ki, ABŞ yekun sülh sənədinin məhz onun moderatorluğu ilə imzalanmasını istəyərdi. Ötən il və bu il Vaşinqtonun ev sahibliyi ilə XİN rəhbərliyi səviyyəsində keçirilən görüşlərin nəticəsiz başa çatması təbii ki, Ağ Evin də reputasiyasına təsirini göstərir. Cari il ərzində ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti ilə bir neçə dəfə telefonla danışması, Vaşinqtonun sülh prosesini dəstəklədiyinə əmin etməyə çalışması, prosesdə tərəfsiz olması barədə diplomatik mesajları sözsüz ki, səbəbsiz deyildi. ABŞ rəhbərliyi çox istəyərdi ki, BMT Baş Assambleyasının Nyu-Yorkdakı 79-cu sessiyası çərçivəsində liderləri bir araya gətirsin, həmçinin ən azı Ermənistanın israr etdiyi yarımçıq sülhə (?-red.) imza atılmasını reallaşdırsın. Amma Azərbaycan Prezidentinin prinsipial mövqeyi bəllidir, Ermənistanla sülhün imzalanması konstitusiyadakı ərazi iddiaları ilə bağlı bölümün çıxarılması, Minsk Qrupu kimi mənasız missiyanın fəaliyyətindən imtina olunması... Ermənistan rəhbərliyi isə bu şərtləri icra etmədən, üstəlik, ala-yarımçıq sülh sənədinin imzalanması üçün canfəşanlıq edir.

Prezident İlham Əliyev hələ bu ilin aprelində, Brüsseldə Ermənistana dəstək xarakterli görüş ərəfəsində, Blinkenin zənginə cavab olaraq bildirmişdi ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulamışdı. Sonrakı dönəmlərdə şərti sərhədlərdə atəş səslərinin eşidilməsi, hətta ABŞ-dan da Ermənistana hərbi dəstəyin artrılması dövlət başçımızın məlumatlarının səhih olduğunu ortaya çıxartdı. Həmçinin Ermənistanda ABŞ-ın hərbi baza yaradılması istiqamətində hərəkətə keçməsi Ağ Evin sülh təşəbbüslərinə xələl gətirir.

Sentyabr ayında da ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyindən bəhs olunmuşdu. Amma ABŞ-ın Ermənistanın silahlandırılmasına, ölkədə revanşizmin yenidən baş qaldırmasına, həmçinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan şərtlərinin icra olunmamasına reaksiyasız qalmasına diqqət etdikdə, bu ölkənin dayanıqlı sülhdə o qədər də maraqlı olması şübhələr yaradır. Üstəlik, bu da faktdır ki, ABŞ-ın moderatorluğu Rusiya tərəfindən qıcıqlı reaksiyalara səbəb olur və belə olduğu halda, vəziyyətin daha da gərginləşə biləcəyi ehtimalını yaradır.

Arzu Nağıyev komitə sədri seçildi – SumqayitXeber.Com

 Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında öncə qeyd etdi ki, ABŞ-ın siyasəti tək bir dövlət üçün deyil, regional olub və olaraq qalır: “Yəni Cənubi Qafqaz ABŞ üçün Rusiyanın təsirini azaltmaq baxımından vacibdir. Ermənistana gəlincə, xüsusən də problemlərinin həlli baxımından ABŞ-ın bu ölkə ilə bağlı heç vaxt məqsədyönlü siyasəti olmayıb, bu gün də yoxdur. Çünki ermənilər nə qədər özlərini qərbpərəst aparmağa çalışsalar da, Rusiyanın vassalıdır. Və bundan da doğan təzahürlər ondan ibarətdir ki, hər ölkədə faktiki olaraq milli təhlükəsizlik strategiyası müxtəlifdir, burada  əsas prioritet Rusiya və Çinin siyasətinə qarşı durmaqdır. Məhz bu məntiqlə ABŞ bizim regionda da fəaliyyət göstərir”.

A.Nağıyevin sözlərinə görə, Rusiya ilə ABŞ arasında qlobal qarşıdurma nə qədər uzun sürərsə, bütün regionlar, təkcə Cənubi Qafqaz deyil, digər bölgələr də Moskva ilə Vaşinqton arasında mübahisə müstəvisinə çevriləcək: “Təbii ki, Vaşinqtonun Cənubi Qafqazın ayrı-ayrı dövlətləri,  o cümlədən Azərbaycan, Ermənistan və ya Gürcüstanla ciddi problemi yoxdur. Çünki Cənubi Qafqaz Yaxın Şərq deyil, burada ABŞ-ın İsrail kimi ciddi strateji müttəfiqi də mövcud deyil. Ona görə də qarşılıqlı səfərlərə ABŞ-ın regional maraqları kontekstində baxmaq lazımdır. Aydın məsələdir ki, ABŞ-ın Ermənistanda çox böyük təsiri olsa da, Azərbaycan və Gürcüstandan kənarda, tək Ermənistanla heç nə edə bilməyəcəklər. Buna görə də əhəmiyyətsiz sənədlərin imzalanması da gündəmdən çıxarılmalıdır”.

Qafar Çaxmaqlı: “Yurd həsrəti ilə yaşayan insanlar 7 fevral seçkisinə  taleyüklü hadisə kimi baxırlar”

 Qafar Çaxmaqlı 

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı da açıqlamasında maraqlı fikirlər söylədi: “Ermənistan rəhbəri ölkəsinin parlamentində sual-cavab zamanı bir daha bildirdi ki, Azərbaycanla sülh sazişi mətni hazırdır, 13 bənd razılaşdırılıb, qalan üç bənd üzərində də iş gedir, razılaşdırılmayan hansı məqamların sirr olduğunu deyib. Əgər mətn üzərində tam razılaşma yoxdursa, ABŞ-da  hansı sənəd imzalanmalı idi? Məncə, bu məlumat  uydurmadır. Bu orqan Rusiyaya bağlı nəşrdir və prosesin Rusiyadan kənar məkanda aparılması işini sabotaj etmək üçün özündən informasiya uydurub”.

Politoloqun fikrincə, bu iddia ona görə tirajlanır ki, Ermənistan sülhə hazır kimi göstərilsin: “Halbuki onu uzatmağa meylli tərəf Ermənistandır. Vaxt qazanıb, silahlanmaya gedən də Ermənistandır. Paşinyan parlamentdə COP29 zamanı bu işin yekunlaşması sualını da dəqiq cavablandırmadı, çünki bu məsələdə bir tərəf rol oynamır”. Q.Çaxmaqlı qeyd etdi ki, kimin patronajlığı olur-olsun, Azərbaycan öz mövqeyini dəyişməyib: “Sənədin legitim olması üçün Ermənistanın Konstitusiyasındakı məlum iddialar aradan qaldırılmalıdır. Ceyhun Bayramov da BMT tribunasından bunu açıq şəkildə söylədi”.

ABŞ-ın sülhə nə qədər “maraqlı” olduğunu bugünlərdə Ermənistana ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən ayrılan vəsaitin 120 milyon dollardan 250 milyon dollaradək artırılması faktı da təsdiqləyir. Bugünlərdə Rusiya XİN sözçüsü Mariya Zaxarova da bu addımı “Qərbin sabitliyi pozan addımı” kimi qiymətləndirmişdi. Təsəvvür edin, hətta Rusiya belə ABŞ başda olmaqla, Qərbin sülh məramına inanmır və onun bölgədəki gerçək siyasətinə diqqət çəkir. Bəli, Ermənistan Qərbdən aldığı milyonları silah alışına xərcləyir. Əlavə şərhə ehtiyac qalmır...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR