İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da növbəti anti-Azərbaycan layihəsi - Bakıdan sərt reaksiyalar

Erməni lobbisinin çörəyini yeyən senatorlar ölkəmizə qarşı ağ yalan, şantaj və uydurmalarla dolu qətnamə hazırlayıb; prezidentliyə namizədlər “od püskürdü”

ABŞ-ın erməni lobbisinin çörəyini yeyən amerikalı senatorlar ölkəmizə qarşı daha bir həmləyə hazırlaşır. Bu dəfə senatorlar Ed Marki və Bill Kessidi Konqresə “Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hesabat” tələb edən qətnamə layihəsi təqdim ediblər. 

“Yeni Müsavat” bildirir ki, bu barədə ABŞ-ın “Hay Data” erməni komitəsi məlumat yayıb. Bildirilir ki, Ed Marki və Bill Kessidi Xarici Yardım Aktının 502 B (c) Bölməsinə uyğun olaraq Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən ikipartiyalı qətnamə təqdim ediblər. Layihədə Azərbaycanda insan hüquqlarının vəziyyəti haqda məlumatdan asılı olaraq ABŞ-ın təhlükəsizlik sahəsində ölkəmizə yardımını azaltmaq və dayandırmaq çağırışı yer alır. Eyni zamanda Dövlət Departamentindən, dövlət katibi Entoni Blinkendən həm Azərbaycan daxilində, həm də guya “etnik təmizləməsi ilə nəticələnən Dağlıq Qarabağda davam edən hərbi hücum zamanı insan hüquqlarının pozulması” ilə bağlı hesabat tələb olunur. Təşəbbüsə senatorlar Marko Rubio, Qari Piters, Elizabet Uorren, Şeldon Uaythaus, Piter Uelç və nə qədər qəribə də olsa, Bob Menendez (hazırda ona qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb!) də qoşulub. 

Erməni rüşvəti ilə bəslənən senator Marki həyasızcasına vurğulayıb ki, “Azərbaycan hökumətinin məsuliyyətə cəlb edilməsi zərurəti çoxdan keçib”. Buradaca sual yaranır: niyə? Öz ərazisindən işğalçı qüvvələri qovduğu və ərazi bütövlüyünü təmin etdiyinə görə? “Hərbi əməliyyatlar heç vaxt Dağlıq Qarabağda (?! - red.) sülh və sabitlik probleminin həlli yolu olmayıb. Bu qətnamə insan haqlarının qorunması və regionda etnik ermənilərə qarşı cinayətlərin dayandırılması üçün Azərbaycan hökumətinə təzyiq məqsədi daşıyır. Biz Dağlıq Qarabağ xalqının (belə xalq da varmış?! - red.) iradəsini, hüquqlarını və əsas azadlıqlarını müdafiə etməliyik”, - Marki sayıqlayıb.

Senator Kessidi isə bir az da qabağa gedərək, Azərbaycan tərəfindən guya “erməni ziyarətgahlarının dağıdıldığını” iddia edib. Qətnamədə habelə Dövlət Departamentdən “Azərbaycanın törətdiyi insan haqları pozuntuları, o cümlədən özbaşına qətllər, məhbuslara işgəncə verilməsi, etnik ermənilərin Qarabağdan deportasiyası, dini və mədəni obyektlərin dağıdılması ilə bağlı” ətraflı məlumat tələb olunur. Qısası, növbəti dəfə Azərbaycan qarşı ağ yalan, feyk-faktlar, şantaj və uydurmalar əsasında hazırlanan bir iddia var. Bildirilir ki, sözügedən qətnamə layihəsini ABŞ-ın çoxsaylı qeyri-hökumət təşkilatları, o cümlədən “Freedom House”, İnsan Haqları Fondu, Beynəlxalq İnsan Hüquqları Federasiyası, Beynəlxalq Siyasət Mərkəzi, Quincy İnstitutu və başqaları dəstəkləyib. Təbii ki, ABŞ Konqresinin hər iki palatasında Azərbaycana qarşı fəaliyyət göstərən Erməni Milli Komitəsi bu layihədən məmnundur. Bəs belə səylər Konqresin hər iki palatasında Azərbaycan əleyhinə vahid sənədin qəbuluna gətirə bilərmi? O halda bu, ABŞ-la ikitərəfli münasibətlərə, Ermənistanla aparılan sülh danışıqlarına və Vaşinqtonun neytral vasitəçilik səylərinə necə təsir edəcək? Bakı hansısa önləyici addımlar atacaqmı və atmalıdırmı? 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Prezidentliyə namizəd Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Azərbaycanın qələbəsi ermənipərəst dairələri narahat edib: “İşğalçı Ermənistana heç nə deməyən bu qüvvələr indi bizi hədəf alıblar. Onlar seçki dövrünü fürsət bilərək təzyiq edirlər. Lakin xalqımız seçkiyə gedərək bu bədnam amerikalı, avropalı siyasətçiləri pat vəziyyətinə salmalıdır. Çünki senatorlar, konqresmenlər seçki dönəmindən sui-istifadə edərək şantaja keçiblər”. 

Onun sözlərinə görə, Ermənistan hələ də Qazağın kəndlərini və Kərkini işğal altında saxlayır, amma onları dəstəkləyən qüvvələr işğalçıların bu əraziləri boşaltmasını istəmirlər: “Qərbdə olan bu təsisatların məqsədi xüsusən də seçkini şübhə altına salmaqdır. Azərbaycandakı seçkilərə kölgə sala bilməyəcəklər. Biz ən yüksək səviyyədə seçki keçirməliyik. Dünyaya, bizə xor baxan qüvvələrə sübut etməliyik ki, Azərbaycan xalqı seçkidə iştirak etdi, öz seçimini nümayiş etdirdi. Ona görə də bu cür qətnamə layihələri bizim üçün zibil qutusuna atılacaq sənədlərdir. Erməni lobbisinin əlinə baxan senatorlar Azərbaycan əleyhinə hansı ittihamları səsləndirsinlər, fərq etməz, beynəlxalq hüquq yanımızdadır”.

E.Musayev hesab edir ki, bu qətnamələrin qəbul olunacağını gözləmir: “Hətta o qətnamələr keçsə də, nəticə dəyişməyəcək. Sadəcə, onların bu çağırışları Vaşinqton-Bakı münasibətlərinə xələl gətirir. Bundan öncə Blinkenin köməkçisi Senatda Azərbaycan əleyhinə çıxış etdi, sonra dövlət katibi özü Bakıya zəng edərək onun səfərinə şərait yaradılmasını xahiş elədi. Yəni bu cür addımları atarkən senatorlar düşünməlidirlər ki, əlaqələrə hansı mənfi təsir göstərirlər. Azərbaycan Qarabağdan bir erməni belə qovmayıb. Bu gün də Xankəndidə yaşayanlar var. Gedənləri zorla saxlamaq olmazdı ki? Onların içində canilər, separatçılar olublar, özləri qaçıblar, məsuliyyətə cəlb olunmaqdan yayınıblar”.

Fuad Əliyev: Mənim ümumiyyətlə zəif, qərar verməyi bacarmayan insanlardan  xoşum gəlmir

Fuad Əliyev 

Prezidentliyə namizəd Fuad Əliyev isə həmin senatorları satqın, ABŞ-ın milli maraqlarının düşməni, erməni faşizminin dabanını yalayan adlandırdı. F.Əliyev açıqladı ki, adıçəkilən senatorların korrupsioner olduqları çoxdan ifşa edilib: “Bundan qabaq Menendez rüsvay edildi, cinayət işi başlandı. Frenk Pallone kimisinin də rüşvətə bulaşdığı sübut olunub. Ağ Ev bu adamlara görə xəcalət çəkməlidir. Çünki Amerikanın tərəfdaşı olan bir ölkəyə - Azərbaycan əleyhinə Konqresdə, Senatda hər həftə bir qətnamə hazırlanır. Bu adamların başqa işi-gücü yoxdur? Amerika üçün daha prioritet mövzular, problemlər var, amma bu senatorlar Yaxın Şərq, Ukrayna, Çin və s. məsələləri bir kənara qoyub Cənubi Qafqaza müdaxilə edirlər. Sadəcə, aldıqları pulun xidmətini göstərirlər. Azərbaycan torpaqlarını işğaldan azad edib, bizim ərazi bütövlüyümüzü Birləşmiş Ştatlar da, Fransa da tanıyır, amma onların qurumları əl çəkmirlər. Deməli, qərəzli bir kampaniyadır və məqsəd Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə aqressor kimi göstərməkdir”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR