İnsanlara hürriyət, millətlərə istiqlal!

4 təkərli “hamamlar” - kondisionerli marşruta da 30 qəpik, kondisionersizə də?

Yay mövsümüdür, hava istidir. İsti havada ictimai nəqliyyatdan istifadə edənlərin isə heç də hamısı sərin avtobusda getmə komfortunu hiss edə bilmir. İllərdir mövcud olan problem hələ həllini tapmayıb. Paytaxtda, Bakıətrafı ərazilərdə, Sumqayıtda bir çox avtobusların kondisioner sistemi yoxdur. Olanlar isə sürücülər tərəfindən işə salınmır. Səbəb yanacağa qənaət etməkmiş.

Bəs yayın qızmar günlərində 4 təkərli “hamamlar”da hərəkət etməyə məcbur olan sərnişinləri kim düşünəcək? Bundan başqa, sərnişinlərin digər cəhətdən də hüquqları pozulur. Belə ki, kondisionerli marşrutda da gediş haqqı 30 qəpikdir, kondisionersizdə də.

Eldəniz Cəfərov: “Avtomobillərin sıx yerləşməsi yollarımızda təhlükəni  artırır”

Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Bakı şəhərində vətəndaşlara yüksək səviyyədə xidmət göstərə bilməyən şirkətlərin fəaliyyəti dayandırılmalıdır: “Bakı şəhərində yay aylarında digər şəhərlərə nisbətən daha isti olur. Bunu nəzərə alaraq, iyunun 15-dən ictimai nəqliyyatda fəaliyyət göstərən bütün avtobusların kondisioner sistemi işləməlidir. Sektorda qanunvericiliyin tələbləri ciddi şəkildə pozulur. Buna görə məsələnin yaxın zamanda həllini tapacağını düşünmürəm. İcraedici qurumların məsuliyyətsizliyi ictimai nəqliyyatda mövcud problemlərin həllini yubadır. Dövlətin müvafiq qərarları, sərəncamları olmasına baxmayaraq, irəliləyiş yoxdur. İctimai nəqliyyatda vəziyyət günü-gündən pisləşir.

Kondisioner işləmirsə, açıq pəncərələrlə hərəkət etmək olar. İki il əvvəl paytaxtın ictimai nəqliyyatında fəaliyyət göstərən bütün şirkətlərə kondisionerli avtobuslardan istifadə etmək tapşırığı verilib. Bütün xəbərdarlıqlara baxmayaraq, 3-cü mövsüm bitmək üzrədir, lakin hələ kondisionersiz avtobuslar fəaliyyət göstərir. Bu, özbaşınalıqdır. Yanacağa qənaət etmək üçün kondisioneri işlətməmək isə qanunlara hörmətsizlikdir, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır".

5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunur!- Ekspert: “Şirkətlər  BNA-nın əlində “əsir” olublar”

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı ictimai nəqliyyatda kondisionersiz avtobusların fəaliyyət göstərməsini ilk növbədə sürücülərin icarə əsasında çalışması ilə əlaqələndirir: “Gündəlik gəlirlə çalışan sürücülərin əksəriyyəti  kondisioneri işlətmir. Paytaxtda xaotik yanaşma hələ də qalır. Sahibkarın məqsədi qazanc əldə etməkdir. Lakin bu tip məsələləri qaydaya salan daşıyıcı şirkətlər hazırda ziyanla işləyir: ”BakuBus", “Xaliq Faiqoğlu”, “Çinar-Trans” və s. Bu şirkətlərin aldığı avtobusların qiyməti ən azı 150 min AZN-dir. “Daewoo” markalı avtobusların qiyməti isə 15-20 min AZN arasında dəyişir. Gəlin, müqayisə edək, 150 minlik avtobusda da gediş haqqı 0.30 AZN-dir, 15 minlik avtobusda da. Bu yaxınlarda daşıyıcı şirkətlərin aidiyyəti qurumlara gediş haqqının artırılması ilə bağlı müraciət etməsinin əsas səbəbi də bu idi. Həm komfortlu sərnişindaşıma xidməti tələb edirik, həm də gediş haqqının artırılmasına etiraz. Dövlət tərəfindən kompensasiya şərtləri ilə tənzimləməklə bu problemi aradan qaldırmaq olar. Dövlətin qurduğu sistemi də məhv ediblər. “BakuBus”un timsalında bunu aydın görürük - 715 avtobus alınmışdı, 300-ü istismara yaramır. 415 avtobusun təxminən 100-ü qarajda qalır. “BakuBus” da digər şirkətlər kimi qazanc barədə düşünməyə başlayıb".

Təsəvvür edin, müharibədir, atəş altında evdən çıxarsınız?"-

Mais Ağayev

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, son 6 ildə vətəndaşlarımıza keyfiyyətli sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə kompleks tədbirlər görülür: “Bu çərçivədə avtobus parkının 50%-i yenilənib. Bu avtobusların da hamısında müasir tələblərə cavab verən sərinləndirmə sistemi mövcuddur. Müntəzəm sərnişindaşımalara cəlb edilən avtobuslarla bağlı Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiq olunan tələblər var. Sərinləndirmə sistemlərinin olması bu tələblərdə də əksini tapıb. Bu səbəbdən də digər avtobusların da yenilənməsi zamanı bu şərtlərə əməl olunması daşıyıcılar qarşısında tələb kimi qoyulub”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR