İnsanlara hürriyət, millətlərə istiqlal!

21 yaşında təqaüdlə PHD təhsili qazanan azərbaycanlı tələbə ilə MÜSAHİBƏ - FOTO

Sinqapur Milli Universitetinə doktorantura səviyyəsi üzrə tam təqaüdlə qəbul olan Lamiyə Rəhimovanın 21 yaşı var. Bakalavr pilləsindən birbaşa doktoranturaya tam təqaüdlə qəbul olub. Qazandığı təqaüdün ümumi məbləği isə 136 550 ABŞ dollarıdır. O bildirib ki, insanın həyatında 20-30 yaş arasında əhəmiyyətli dəyişikliklər olur. Ən müsbət dəyişiklik isə təhsillə başlayır. Ona görə də bu yaşında beynini ancaq təhsilə xərcləmək fikrindədir.

Kaspi qəzetinin Lamiyə Rəhimova ilə olan müsahibəsini təqdim edirik:

Mehdiabadda doğulub, böyüyüb. Orta məktəbi bitirdikdən sonra Bakı Mühəndislik Universitetinin memarlıq və inşaat fakültəsinin kimya mühəndisliyi ixtisasına 630 balla daxil olub. Universiteti 94.71 ortalama müvəffəqiyyət göstəricisi və fərqlənmə diplomu ilə bitirib. Həmsöhbətimiz bakalavr səviyyəsindən birbaşa doktorantura səviyyəsi üzrə Sinqapur Milli Universitetinə qəbul olub və tam təqaüd qazanıb. O, bir il bu ölkədə tədqiqat mühəndisi vəzifəsində işlədikdən sonra PhD təhsilinə başlayacaq. 

Lamiyə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib və Edinburq Universitetinə də qəbul olub. O, həmçinin Bakıda fəaliyyət göstərən məşhur beynəlxalq şirkətlərdən birindən də iş təklifi alıb. Lakin hər ikisindən imtina edib və Sinqapura yollanıb.

- Lamiyə xanım, şagirdlərin əksəriyyəti kimya fənnini sevmir. Orta məktəbdə siz də bu sırada olmusunuz. Bəs necə oldu ki, peşənizi bu fənnə uyğun seçdiniz?

- Bəli, kimya mənə də çox çətin gələn, bu səbəbdən də heç sevmədiyim fənn idi. Hətta 9-cu sinifdə summativ qiymətləndirmədə kimyadan “3” almışdım. İmtahan nəticələrimə görə məktəb üzrə 1-ci yerə çıxdığım üçün, müəllim mənə güzəşt edərək “4” yazdı. Amma nədənsə, kimyanı sevə biləcəyimi düşünürdüm. Buna görə də repetitor yanına getdim. Hisslərim məni yanıltmadı. Bu fənni mənə sevdirən hazırlıq müəllimim olub. Təsəvvür edin, 10-cu sinfə qədər kimyanı sevməyən bir tələbə 11-ci sinfin sonunda - imtahanda bütün sualları düz yazmışdı. Bu sahə həqiqətən maraqlıdır. Riyaziyyatı, fizikanı əvvəldən sevirdim. Məktəbdə fizika olimpiadalarında 3-cülüyüm də var. Bir tərəfdə fizika, riyaziyyat, digər tərəfdə kimya, bunları birləşdirdim və kimya mühəndisliyi ixtisasını seçdim.

- Bu fənləri sevən xanımlar adətən həkimliyi seçir. Ailəniz sizi həkim kimi görmək istəyibmi?

- Anam və xalam tibb sektorunda işləyir. Amma həkim olmağımı qətiyyən istəməyiblər, məni də daim bu fikirdən daşındırmağa çalışıblar. Anam həmişə deyirdi ki, həkimlik stressli, əziyyətli işdir, istəmərəm qızım həkim olsun. Çünki həkimlər 24 saat xəstələrini düşünür, onların ölümü, ağır xəstəliyi ilə kədərlənirlər. Hazırlaşdığım qrupda yüksək bal toplayan tələbələr daha çox informasiya texnologiyaları (İT) sahələrinə üz tutdular. Mən isə kimya mühəndisi olaraq ölkəmə faydalı ola biləcəyimi düşündüm.

- 10-cu sinifdən kimyanı kəşf etmisiniz. Sizcə, bu fənni nə üçün sevməliyik?

- Kimya çətin fəndir, bunu indi də danmıram. Amma çətinliklə bərabər, çox maraqlıdır. Ətrafımızdakı hər şey kimyadan keçib. Belə bir deyim var idi, kimya ətrafımızda və içimizdədir. Şagirdlər bunu dərk etsə, kəşf etməyə çalışsalar, sevəcəklər. Həqiqətən çətindir, amma hər şagirdin anlayacağı dil var. Məsələn, fənnə başlayan kimi “Mendeleyev cədvəli”nin mənasını dərk etmədən əzbərlətdirirlər. Amma elementlərin sıralamasını animasiyalarla, oyunlarla izah etsəniz mümkün deyil ki, hansısa şagird sevməsin. Bu, sırf müəllimin metodikasından asılıdır. Kimya gündəlik həyatımızda və təcrübədə tətbiq olunan elmlərdən ən vacibi və birincisidir.

- Sinqapurdan öncə Edinburq Universitetinə dövlət proqramı ilə qəbul olmağınıza baxmayaraq, imtina etmisiniz. Nə üçün?

- Son kursdan etibarən xaricdə təhsil almaq üçün araşdırmalar edirdim. Tək Edinburq deyil, London və Mançesterdən də qəbulum var idi. Universitetləri seçəndə, onların hansı sahədə ixtisaslaşmasına çox əhəmiyyət verirdim. Hansı sahələrdə boşluğum varsa, o sahələr üzrə ixtisaslaşan universitetləri seçir, bu ideologiya ilə irəliləyirdim. Edinburqun dünya üzrə reytinqi 15-dir. Edinburqdan qəbul alanda, beynəlxalq şirkətdə də təcrübə qazanmışdım və işləyirdim. Atama dedim ki, mən indi seçim etməyəcəyəm və Dövlət Proqramından imtina edəcəyəm. Düzdür, Edinburq çox yaxşı şans idi, amma təhsil bir illik idi. Düşündüm ki, bir il mənə kifayət etməz. 

- Bəs necə oldu ki, təhsil üçün Sinqapura müraciət etdiniz?

- Sinqapur Milli Universiteti həmişə ağlımda idi. Lakin oraya qəbul olmaq çox çətin idi. Ən əsası, “Graduate Record Examination” (GRE) sertifikatı lazım idi. GRE dünyanın müxtəlif TOP universitetlərinə qəbul olmaq üçün tələb edilən və qəbul imtahanı əhəmiyyəti daşıyan, tələbənin şifahi və kəmiyyət əsaslı düşünmə, analitik yazı bacarığı qabiliyyətlərini qiymətləndirmək üçün nəzərdə tutulan imtahan növüdür. Mən bu sertifikatı gec aldığım üçün müraciət edə bilməmişdim. Bir gün müəllimim mənə yazdı ki, nəticələrinlə ABŞ universitetlərindən qəbul ala bilərsən. Razılaşmadım. Çünki ABŞ xəyallarımdakı ölkə deyildi. Müəllimimin köməkliyi ilə Sinqapurda doktorantura üçün təqaüdə müraciət etdim. 2023-2024-cü təhsil ili üçün qəbul aldım. Vaxt itirməmək üçün növbəti təhsil ili başlayana qədər bir il o universitetdə işləməyi təklif etdim. Xoşbəxtlikdən razılıq da aldım.

- Hansı sahələrdə boşluğunuz varsa, ona uyğun universitetləri seçdiyinizi bildirdiniz. Maraqlıdır, Sinqapur Universitetində hansı boşluğunuzu doldurmağı hədəfləmisiniz?

- Buradakı mövzum nanotexnologiya və enerjinin yığılmasıdır. Dərsimin adı da “Bərpa olunan enerji”dir. Azərbaycanda o fənn istənilən səviyyədə keçirilmir. Ümumiyyətlə, bu sahədə ixtisaslaşan müəllimlər də çox azdır. Bizə sual veriləndə ki, bərpa olunan enerji nədir? Standart olaraq, günəşdən, küləkdən danışırıq. Amma günəşdən və küləkdən necə enerji almaq barədə tələbələrin fikirləri dərin deyil. Bununla bağlı suallarıma istədiyim cavabı aldıqdan, öyrəndikdən sonra öz universitetlərimizdə bu sahədə dərs keçmək ən böyük xəyallarımdan biridir. Oxuyub qayıtdıqdan sonra ilk işim öyrəndiklərimi öyrətməkdir. Burada maddi heç nə güdmürəm. Sadəcə, bu sahəni sevdirmək istəyirəm.

- Ölkəmizdə bu sahə ilə bağlı sizi narahat edən ən vacib nüans hansıdır? Sizin kimya mühəndisi olaraq gələcək planlarınız nədir?

- Universitetə daxil olanda “Kimya mühəndisi olaraq nə edəcəksən” sualını versəydiniz, heç bir fikrim yox idi. Sadəcə bilirdim ki, neft-qaz sektorunda işləyəcəyəm. 3-cü kursdan sonra artıq dərk etməyə başladım. Bərpa olunan enerjini ölkəmizdə inkişaf etdirmək istəyərdim. Çünki Azərbaycandakı enerji növləri neft və qazın üzərində qurulub. Neft, qaz tükənəndir. Ona görə də buradan çıxıb, bizim başqa istiqamətlərə yönəlməyimiz lazımdır. Neft-qazdan yararlanan başqa ölkələr də var. Lakin bununla yanaşı, “enerjini əlavə olaraq haradan ala bilərəm” sualı ətrafında ciddi düşünən, ortaya iş qoyan ölkələr də az deyil. Bu istiqamətdə bizdə də müəyyən işlər görülür. Mən də təcrübəmlə dəstək olmaq, inkişaf etdirmək, ölkəmə bu sahədə faydalı olmaq istəyərəm. Bizim insanlarda belə bir düşüncə var ki, onsuz da qaz ucuzdur, neft baha deyil, deməli, hələ də bu mənbələrə etibar edə bilərik. Amma bunlar bir gün bitəcək, ya da bitənə yaxın bahalaşacaq. Bu stereotipləri dəyişmək istəyirəm.

- Lamiyə xanım, Edinburq və işlədiyiniz beynəlxalq şirkətdən imtina etməklə risk etdiyinizi vurğulayırsınız. Sizcə, bu riskə dəyərdi?

- Bəli, burada işləmək məni maddi cəhətdən çox yaxşı təmin edə bilərdi. Şirkət qlobal idi və xaricə çıxmaq imkanım var idi. Amma hələ 21 yaşım var və pul arxasınca qaçmaq istəmirəm. Fikirləşirəm ki, bu beyni hələ istifadə edə bilərəm. Bir də mən dəhşətli dərəcədə oxumağı sevən, dərs oxuyan insanam. Hər gün gecə saat 4-də oyanıb, dərslərimi edirdim. İş gözləyər, hələ ki, təhsil almalıyam. Düşünürəm ki, 10-20 yaş arasında insan həyatında çox şey dəyişmir, ən böyük uğurun universitetə daxil olmaqdır. Amma 20-30 yaş arasında insan çox böyük addımlar atır. Bu il dövlət proqramını qazandımsa, gələn il də qazana bilərdim. Amma Sinqapur mənim şansımdır. Mənim üçün magistratura təhsili almaq da hər vaxt mümkündür. Amma 21 yaşda doktorant olmaq imkansızı bacarmaqdır. Düşünürəm ki, o universitetin doktoranturasını bitirən şəxs üçün hər yerdə yaşıl işıqdır. Birincisi, Sinqapur Universitetinin reytinqi yaxşıdır, ikincisi, doktorantura üstünlükdür, üçüncüsü və ən önəmlisi  nanotexnologiyalar və enerji məsələsidir. Bərpa olunan enerji yeni sahədir. İtirdiklərim qarşısında qazandıqlarıma baxdıqda, əlbəttə, buna dəyərdi.

- Sinqapur məsafə baxımından bizə çox uzaqdır. Ailəniz uzaq ellərə getməyinizi necə qarşılayır?

- Əslində, məktəbdə oxuyandan xaricdə təhsil almağı planlaşdırırdım. Amma atam narahat olur, getməyimi istəmirdi. Mən İELTS və GRE sertifikatlarını almaq üçün hazırlaşanda, valideynlərim də gördülər ki, çox əziyyət çəkirəm, təhsilə sözün əsl mənasında canımı qoyuram. Bu əziyyətimin qarşısında onlar da mənə tam dəstək verdilər. Ətrafımda qızlarının qarşısını kəsən, baryerlər qoyan valideynlər çoxdur. Hətta “qız uşağının tək xaricdə nə işi var, kimlə oturub duracaqsan” kimi fikirlər də səsləndirilir. Mən bu baxımdan çox şanslıyam ki, ailəm tərəfindən daim fikirlərimə hörmət edilib və dəstəklənmişəm.

- Ailənizin sizi istədiyiniz universitetə göndərə biləcək maddi imkanının olduğunu deyirsiniz. Amma buna baxmayaraq, çox çalışıb, təqaüd qazanmağa üstünlük vermisiniz. Ailənizə yük olmaq istəmirdiniz?

- Bəli. Bunu valideynlərim də deyirdi. Gecə-gündüz oxuyurdum. Düşünürəm ki, 18 yaşından sonra insan asılı olmamalı, öz ayaqları üzərində durmalıdır. Siz bu zaman qazandıqlarınızdan həzz ala bilərsiniz. Həmişə deyirdim ki, işləyib özümə maşın alacam. Bunu mənə valideynlərim də ala bilərdi. Amma icazə vermədim, çünki hər şeyi özüm öz gücümə əldə etmək istəyirəm. Öz hesabına oxumaq çox rahatdır. Amma təqaüd qazanmaq həqiqətən çətindir. Mən çətinliyi, zəhməti, əməyi sevirəm. Təqaüdüm də hər şeyimi qarşılayacaq. Bu, mənim üçün bu yaşda fəxrdir. 

- Bəzi tələbələrə xaricə getmək imkansız gəlir. Həmyaşıdlarınıza nə demək istərdiniz?

- Həqiqətən istəyirlərsə, bacara bilərlər. Düzdür, bəzən ailələr buna imkan yaratmır, narahat olurlar. Amma ailənizi də idarə etmək sizin əlinizdədir. Mənim də valideynlərim əvvəllər qarşı idi. Mən onları inandırdım. Həqiqətən çox çalışan insanın qarşısını kəsmək mümkün deyil. Valideynlərimizin həyatımızda rolu böyükdür, amma bizim də onların həyatındakı rolumuz danılmazdır. Valideynlərinizi özünüz tanıyırsınız. Onların xarakterinə uyğun hərəkət edə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR