Onlayn ictimai-siyasi qəzet
İyunun 12-də Quba rayonunun Dərk kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Qoşqar və Eldar Məhərrəmovların atası Məhərrəmov Mahur Xanbala oğlunun evində yanğın baş verib. Ev demək olar ki, yararsız hala düşüb.
Musavat.com-un xəbərinə görə, iyunun 13-də Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun Dərk kəndinə gedərək iki şəhid atasının evində olub, ailəyə müvafiq köməkliyin göstəriləcəyini bildirib.
Nəhayət, Quba Rayon İcra Hakimiyyətindən Mahur Məhərrəmovun evlə bağlı probleminin həll olunmasına dair açıqlama verilib:
"12 iyun 2023-cü il tarixdə Quba rayonunun Dərk kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Qoşqar və Eldar Məhərrəmovların atası Məhərrəmov Mahur Xanbala oğlunun evində baş vermiş yanğın hadisəsindən sonra rayon rəhbərliyi ailəni ziyarət edib, ailə üzvlərinə 2000 manat maddi köməklik göstərilib və yeni evin tikintisi məqsədilə aidiyyəti qurumlara müraciət edilib. 19.07.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları tərəfindən evə baxış keçirilib və qısa müddət ərzində yeni evin tikintisi işlərinə başlanılacaq. Əlavə olaraq bildiririk ki, şəhid ailəsi Quba Rayon İcra Hakimiyyəti başçısının 24.08.2010-cu il tarixli 133 nömrəli sərəncamı ilə imtiyazlı şəxs qismində mənzil növbəsinə götürülüb".
Belə çıxır ki, 2010-cu ildən növbədə olan iki şəhid atası kənarda qalıb, ondan sonra növbəyə götürülənlərə isə Sosial Xidmətlər Agentliyi ev verib. Burada şəhid ailələrinə ayrıseçkilik diqqəti cəlb edir. DSMF-nin evə son baxışı icra hakimiyyətindən 37 gün sonra keçirməsi də suallar yaradır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ