Onlayn ictimai-siyasi qəzet
“Birini gör fikir eylə, birini gör şükür eylə”
(ata sözü)
Ümumxalq müdrikliyi yenə özünü göstərməkdədir. Bizdə yenilik istəyəndə, təzə kadrlar gəlməsini istəyəndə adətən xalq nə deyir? “Bunlar yeyib doyub, təzə gələn daha acgöz olacaqdır”. Mətbuat Şurasında təzə sədrin qoyulmağından heç 1 ay ötməyibdir, onun ilk publik bəyanatı... jurnalistlərin əleyhinə oldu. Rəşad Məcid AYB sədrinin müavini Çingiz Abdullayevin jurnalisti təhqir etməsinə gözlənilməz reaksiya verdi: “Günah jurnalistdədir, hərə əlinə bir balaca mikrofon alıb, düşüb ağsaqqalların canına” və sairə. Cümlə quruluşunda yüngülcə fərq ola bilərdi.
Necə deyərlər, dəqiqə 1, qol 1... Rəşad Məcid uzun illərdir “525-ci qəzet”in təsisçisi və baş redaktorudur, bir növ, jurnalistikanın içindən çıxmışdır. Onu keçmiş MŞ sədri Əflatun Amaşovdan fərqləndirən həm də bu idi, çünki Amaşov sovet dövründə “Azərtac”da işləmişdi, cəmiyyət üçün jurnalist kimi yaddaqalan fəaliyyətə malik deyildi (indi “Xalq qəzeti”ndə təcrübə yığar, inşallah). Ancaq indi belə çıxır biz Amaşovun MŞ sədrliyi dönəminə şükür etməli olacağıq. Çünki hörmətli Əflatun müəllim heç vaxt, təkrar edirəm, HEÇ VAXT jurnalistlərin əleyhinə bir kəlmə də danışmayıb! Düzdür, lehimizə fəaliyyəti də yadda qalmayıb, ancaq bütün hallarda Amaşov mürtəce adam deyildi. Uzağı barışıq yaratmağa çalışardı, “hələ araşdırım, görüm söhbət nə yerdədir”, “biz hökuməti tədbir görməyə çağıracağıq” və sairə tipli bəyanatlarla pis çıxmasın, aradan sivişərdi. Biz də bilirdik ki, şəraitə uyğun davranır, üstünü çox vurmurduq. Hər halda, özümüzdə olmayan qəhrəmanlığı başqasından ummaq lazım deyil.
Əlbəttə, Rəşad Məcid MŞ sədri olmaqla yanaşı, AYB-də müavindir, yəqin onda şəxsiyyətin ikiləşməsi baş veribdir, həmin anda mətbuatı qorumaq yadından çıxıb, AYB-də müavin həmkarının cəbhəsinə keçib. Bir adama çoxlu vəzifələr verəndə həmişə belə alınır. Hələ şükür edək Rəşad müəllimi Rəssamlar İttifaqında, Bəstəkarlar İttifaqında vəzifələrə qoymayıblar, yoxsa o bizi rəngləyib başımızda nağara çalardı.
Bu barədə dünəndən bəri çox deyilib, yazılıb, mən hadisənin özü ətrafında fikirlərimi, qorxu və təşvişlərimi də açıqlamaq istərdim.
Birincisi, 3300 üzvü olan yazıçılar qurumunun 8 ildən bir keçirilən qurultayı gündəmə hansısa sənət, ədəbiyyat, ziyalı, mədəniyyət, nə bilim, incəsənət mövzusu ilə yox, “məni zəhərləməsələr 5 il yaşamaq istəyirəm”, “niyə ölmürsünüz” kimi karikatur söhbətlərlə gəldi. Məncə, bu, “AYB Azərbaycana nə verə bilər” sualının qısa, konkret cavabıdır. “Anarsız pis olardı” deyənlər bir az bunu fikirləşsinlər ki, axı bu ittifaq Anarla nə kökdədir?
O cümlədən haçana qədər guya bütün planetin bunu zəhərləmək istəməsi temasında, izləmə maniyasına düçar olmuşlar kimi təkrarlamaq olar? Azərbaycan xalqı üçün o kresloda kimin oturmasının, vallah, çırt qədər önəmi yoxdur. Xalq qarnının hayındadır. Bəlkə yuxarıda yazdığım “yeyib-doyub” kontekstində yanaşırlar və elə Çingiz Abdullayevin biabırçı şərhləri həm də buna hesablanıb: “Şükür eləyin, mən sədr olmadım”.
İkincisi, Abdullayevin jurnalistə yönəlmiş təhqir və hədəsi hüquq-mühafizə orqanları üçün siqnal olmalıdır. “Niyə ölmürsən” açıq təhdiddir. Üstəlik, bunu deyən detektiv yazardır, adam öldürməyin min cür üsulunu bilir (ya da bilməyə borcludur). Lap özü etməsə də, bizə məlumdur ki, onun bəsit, ayaqyolu ədəbiyyatının pərəstişkarı olan yüzlərlə azərbaycanlı gənc var, həmin şəxslərin qanacaq əmsalı adətən sıfırdan bir az yuxarıda olur və həmin tiplər sevimli yazıçılarını axmaq jurnalistlərdən qorumaq üçün hər cür cinayətə əl atmağa hazır vəziyyətdədir.
Təklif edirəm Mətbuat Şurası yekə bir nəsə alıb jurnalisti qorusun.
P.S. İki gündür bədbəxt xalq bu suala cavab axtarır ki, əgər Anar müəllim sədr yerində qalacaqdısa, 250 min dolları havaya buraxmağın mənası nə idi. Mən də yerimdə durmuşam, gətirin cəhənnəmə, 25 manat verin.
20 Sentyabr 2024
19 Sentyabr 2024
18 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
13 Sentyabr 2024
12 Sentyabr 2024
11 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
07 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
02 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
25 Avqust 2024
23 Avqust 2024
22 Avqust 2024
21 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
17 Avqust 2024
16 Avqust 2024
ŞƏRHLƏRŞƏRH YAZ