Onlayn ictimai-siyasi qəzet
Məleykə xanıma növbəti dəfə, yerdən göyə minnətdarıq. Yenə xalqımızın taleyini düşünüb. 3-cü qrupda qəbul üzrə keçid balını 150-yə salmışdır. Hətta ikinci imtahanda 100 bal toplayanlar da regionşünas və muzey, arxiv işçisi olmağı bacaracaqdır.
Muzey işçisi deyəndə mənim ağlıma ilk növbədə İlbər Ortaylı gəlir, arxiv deyəndə isə KGB arxivləri. Deməli, bu ixtisaslar üzrə gələcəyimiz parlaqdır. Siz buna balaca iş kimi baxmayın. Məsələn, elə arxivləşdirmə prosesinə qeyri-ciddi yanaşmağımız üzündən tariximizi bu gün ərəb, fars, rus, erməni mənbələrindən öyrənirik. Qədim padşahlarımız yeyib-içib gəziblər, katibə, arxivçiyə, salnaməçiyə pul qıymayıblar (doğrudur, ehtimal edirəm zibil işlərinin tarixdə həkk olunub qalmasını istəməyiblər, ancaq heç qələbə çaldıqları əhvalatlar da sənədləşdirilməyib, qorunmayıb). Arxiv işinə dünyada necə önəm verildiyini yalnız bircə gerçək faktla yazıram: Avropa Birliyinin Florensiya və Brüsseldə yerləşən mərkəzi tarix arxivində rəf-stellajların ümumi uzunluğu 130 kilometrə çatır.
150 balla milli “İlbərlərimiz” yetişəcəyinə çox əmin olmasam da, yenə minnətdaram. Qoy hamı qəbul olsun, millət razı qalsın. Bəd ayaqda axırda taksi sürərik.
Lakin regionşünaslıq bizim nəyimizə lazımdır, çox anlamıram. Regionda heç kim qalmayıb axı. Camaat paytaxta toplaşıb, ancaq “bakışünaslıq” elmini öyrətmirik. Bizə ən lazım olan budur. Sovetski Papanindən nə ilə fərqlənir, Əhmədlidən P.xludərəyə necə getməliyik, Zığ həqiqətənmi zığ içindədir, Torqovıda toyuq saxlamaq olarmı və sairə - millətimizin uşaqları bu elmləri öyrənməlidir. Yoxsa regionşünas... Gülməli peşədir. Yenə üstündə konkret yazsalar bilərsən hansı regionu öyrənəcəksən. Məsələn, mən naxçıvanşünaslığa uşağı həvəslə yönləndirərdim. Yaxud şuşaşünaslıq, zəngəzurşünaslıq, nə bilim, qərbşünaslıq, sakitokeanşünaslıq... Bilərsən ki, bunu bitirib ən azı politoloq və ya geopolitik olacaq, qəzetlərə, televizora analizlər verəcəkdir. İndiki vəziyyətdə regionşünaslıq diplomu heç Dərnəgül taxta bazarında şalban satmağa da yaramır.
Belə tərs-məzhəb işlərimizdən biri Paris paralimpiadasında idmançılarımızın uğurlarının sorağını aldıqca ağlıma gəldi. Sanki biz səhv eləmişik: gərək əlil idmançılarımızı əsl olimpiadaya göndərəydik, ora gedən bir sürü turp kimi avaranı isə paralimpiadaya. Yoxsa hər gün paralimpiadadan qələbə sorağı gəlir. Deməli əlillik meyarlarının müəyyən edilməsində ciddi problemlər var. Ya da keçmiş sobes naziri belə statusları pulla satırmış.
Keçən ay Milli Elmlər Akademiyasının saytında xəbər verilmişdi ki, Milli Aerokosmik Agentliyimizin Elmi Tədqiqat Aerokosmik İnformatika İnstitutunun (belə zırıltı adına baxmayın, müdiri fəxri ad bazarı açmış bir şairdir) əməkdaşları Axundov kitabxanasına səfər ediblər. Orada kitabxananın şöbə müdiri, filologiya üzrə elmlər namizədi Aytən xanım bunlara kitabxana fondu haqda dərin bilgilər vermişdir. Filoloq astronom-fizikə kitab dərsi keçirsə, niyə göydən bizim başımıza yekə bir meteorit düşmür?
Ancaq mən “niyə ölmürük” sualının cavabını da elə AMEA saytında tapdım. Orada bioloq alimimiz məsləhət verirdi ki, min bir dərdin dərmanı olan aloe bitkisindən istifadə edək. Sitat: “Mədə-bağırsaq xəstəlikləri zamanı aloenin tətbiq edilməsi xüsusilə yaxşı nəticə verir. 2 xörək qaşığı un götürərək üzərinə bir az su tökülür, ona aloe şirəsi əlavə edilib şampunla qarışdırılır. Bu məhlulla saçlar yuyulduqda saç tökülməsinin qarşısı alınır”. Sitatın sonu.
Təbii ki, aloe ilə yuyulan başa daş düşsə təsiri olmayacaqdır. Mənim bir qahımım aloe şirəsi içdi, qarnından tük çıxdı. İçəridən. Hər gün AMEA-ya dua oxuyur.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin uşaqlardan regiona girən oldumu.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ