İnsanlara hürriyət, millətlərə istiqlal!

Dirijorluğa marağın azalmasının səbəbləri

“Hər ağlar gözlüyə aşiq deməzlər”

(ata sözü)

Ölkəmiz parlament seçkisinə hazırlaşır. Bir-iki günə bu hadisə olmalıdır. Seçkinin nə qədər ədalətli olmasına çoxlu əlamətlər yaranmışdır. Məsələn, elə bugünlərdə planetlərin paradıdır. Sabah tezdəndən ölkəmizin müxtəlif guşələrindən açıq gözlə bu paradı izləmək mümkündür. Məncə, göydə ulduzların sıraya düzülməsi seçici siyahılarında adlarımızın düzülüşünə çox oxşayır.

Yaxud yol polisi stajlı bir milli dələduzumuzun avtomobilini saxlamış, sonra onu 30 sutka həbsə basmışlar. Çünki dələduz bəy 10 min manata yaxın yol hərəkəti cəriməsini ödəmədiyi bəs deyilmiş kimi, polisə yalan məlumatlar vermək istəyibdir. Qısa zaman kəsiyində özünün QHT rəhbəri, şair, AYB üzvü, korrupsiya ilə mübariz, alim, hətta NASA-nın astronavtı olması haqda gopa basmışdır, təbii ki, ayıq-sayıq orqan işçiləri buna inanmamışdır, ancaq çox da əmin olmayıblar. Polisin səbr kasasını dolduran isə dələduzun lap axırda özünün bir deputat (adını da çəkib, lakin biz sayın deputatın ictimai nüfuzuna xələl gətirməmək üçün yazmırıq) olduğunu söyləməsi olmuşdur. Gərək bunu eləməzdi!

Axı xalq öz deputatlarını yaxşı tanıyır! Baxan kimi kimin kim olduğunu görürük. Sonra bəzi müxalifətçilər guya xalqın deputatlarını tanımadığını söyləyir. Belə iftiralara son qoyulmalıdır.

Halbuki heç Amerikada camaat öz senatorlarını üzdən tanımır. Yol patrulunu dəfələrlə aldadıblar.

Ümumiyyətlə, bizim millət görkəmli şəxsiyyətlərini hərtərəfli tanıyır, sevir, hörmət bəsləyir. Təzəlikcə bir söhbət açıldı, deyir yaşlı adam var, özünü “xalq artisti Mirzə Babayevin qardaşı” kimi təqim edərək ticarət obyektlərindən pul dilənir (hər şeyi öz adıyla yazmalıyıq), restoranlarda müftə yemək istəyir.

Yeri gəlmişkən, mən bu adamla şəxsən rastlaşmışam. Dükanda yanaşmışdı. Heç dəxli olmadan mənə “Mirzə Babayevin qardaşıyam” söyləmişdi. “Mənə nə” düşünərək aralanmışdım, ona görə ağsaqqal nəsə ummağa fürsət bulmamışdı. Televizorda rəhmətlik Mirzə müəllimə aid veriliş olsa bu xatirəmi efirə çıxıb danışa bilərəm. Elgizin zəngini gözləyirəm.

Uzun sözün qısası, bu adamın Mirzə müəllimin qardaşı olmadığı isbata yetirildi, hərçənd balaca planetdəyik, araşdırsan hamı bir-birinə qardaş çıxar. Sözü isə ona gətirirəm ki, bu il universitetlərə yüksək səviyyədə qəbul olmuşdur. Bəzi yerlərdə bütün məktəb universitetə girib. Məsələn, Biləcəridə bir məktəb var, buraxılış sinfinin 40 şagirdi, xadimə, direktorun sürücüsü, qazanxananı işlədən kişi, kitabxanaçı, qarovulçu - hamı qəbul olunub. Hətta valideynlərdən bir neçəsi də 50-60 yaşlarında təzədən oxumaq istəyiblər, onlar da girib. Bu münasibətlə bütün təhsil işçilərimizi, başda Məleykə xanım olmaqla, təbrik edirəm.

Ancaq elə bu şaqraq, şən xəbərin yanında sayın DİM sədrinin qanqaraldıcı açıqlaması vardı, deyir xalqımız bəzi ixtisasları oxumaq istəmir. Sitat: “Hamı dizayner olmaq istəyir. Lakin dirijorluğa, heykəltəraşlığa sənəd verilməyib, maraq azdır”.

Dizaynerliyə həvəs, məncə, xalqımızın tikinti-quruculuq işlərinə sevgisindən irəli gəlir. Orta məktəblərdə rəsm dərsləri də buna görə yüksək səviyyədədir. Baxın, hər il dərs başlayanda ən çox satılan mallar plastilin, fırça, albom, flomaster, rəngli karandaşlar olur. Bu temada Ramiz Rövşənin yaxşı şeiri də var: “Qədir məktəbə gedir, Onun yeddi yaşı var. Çoxlu qələm-dəftəri, Rəngli karandaşı var”.

Bəs niyə heykəltəraş və dirijor olmaq istəmirik? Məncə, bunun əsas səbəbi həmin sahələrdə iş tapmaq perspektivinin azlığıdır. Nə qədər özünü yorsan da, Ömər Eldarov ola bilməyəcəksən! Bizdə bu sahə Ömər müəllimin monopoliyasındadır.

Yaxud əgər xalq dirijor deyərkən Niyazidən başqasını təsəvvür etmək belə istəmirsə, bu ixtisasa sənəd verməyin mənası, anlamı nədir?

İndi ağlıma gəldi, yol polisi ilə dirijorluq arasında haradasa oxşarlıq vardır. Hərəkət və alətləri də oxşayır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR